1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu böyük dağıntılara məruz qalmış, on minlərlə dinc sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür. İşğal nəticəsində rayonun zəngin tarixi-mədəni irsi, təbii sərvətləri və infrastrukturu talan edilərək məhv edilmişdir.
Hələ işğal dövründə BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi Azərbaycanın Kəlbəcər rayonunun işğalını pisləyərək bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və işğalçı qüvvələrin Kəlbəcərdən, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etmişdir. Sənəd həmçinin regiondakı bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq sərhədlərin toxunulmazlığını təsdiqləyərək münaqişənin ATƏM-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırış etmişdir.
Buna baxmayaraq, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti müxtəlif ölkələrdən, xüsusilə Yaxın Şərqdən erməni əsilli şəxslərin həmin bölgələrə köçürülməsi yolu ilə demoqrafik tərkibi süni şəkildə dəyişdirmək məqsədi daşıyırdı. Bu addımlar 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq beynəlxalq hüquqa zidd şəkildə işğal faktını möhkəmləndirməyə və yerli azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıdışını əngəlləməyə yönəlmişdi.
Lakin bu ədalətsizlik uzun sürmədi. Altı il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal altında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı.
Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra — noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” rayonun böyük quruculuq və bərpa dövrünün strateji yol xəritəsini müəyyən edir. Sənəddə müasir şəhərsalma standartlarına uyğun olaraq yaşayış massivlərinin, sosial-iqtisadi infrastrukturun, mühəndis-kommunikasiya xətlərinin və nəqliyyat şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. Eyni zamanda, Baş planda Kəlbəcərin zəngin təbiəti və turizm potensialı nəzərə alınaraq ekoloji tarazlığın qorunması, “yaşıl enerji” zonası prinsiplərinin tətbiqi və əhalinin dayanıqlı məskunlaşması üçün hər cür şəraitin yaradılması əsas hədəf kimi qarşıya qoyulub.
Zəngin su ehtiyatlarına və alternativ enerji potensialına malik olan Kəlbəcərdə "yaşıl enerji" zonası konsepsiyası çərçivəsində mühüm layihələr icra olunur. Tərtərçay və digər dağ çayları üzərində bərpa edilən və yeni inşa olunan kiçik su elektrik stansiyaları regionun elektrik enerjisinə olan tələbatını ekoloji cəhətdən təmiz mənbələr hesabına qarşılamağa imkan verir. Bununla yanaşı, ərazinin yüksək külək və günəş enerjisi potensialından istifadə edilməsi Kəlbəcərin dayanıqlı enerji təminatına və ölkənin ümumi enerji sisteminə mühüm töhfə verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcər rayonuna səfərləri çərçivəsində bölgənin dirçəlişinə yönəlmiş mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
2022-ci il iyunun 26-da baş tutan səfər zamanı dövlət başçısı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və yeni hərbi hissənin açılışını edib, Kəlbəcər şəhərinin Baş planı, “Çıraq-1” KSES-in və Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub. Həmin gün həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməli qoyulub.
2024-cü il sentyabrın 2-də reallaşan səfərdə isə Prezident İlham Əliyev “Yuxarı Vəng” SES-in, “Zar” və SCADA sistemi vasitəsilə “Toğanalı” KSES-lərin, “İstisu” yarımstansiyasının və “İstisu” mineral su zavodunun açılışını həyata keçirib. Eyni zamanda, Kəlbəcər şəhərində 2-ci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin təməlqoyma mərasimləri baş tutub, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda, 524 ailəlik yaşayış kompleksində, Təhsil Kompleksində, “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan işlərə və Xudavəng monastır kompleksinə baxış keçirilib.
Bu gün Kəlbəcər artıq tarixi keçmişin acı xatirələrini geridə qoyaraq yeni, işıqlı gələcəyə doğru inamla addımlayır. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğun həyata keçirilən nəhəng quruculuq layihələri sayəsində bu qədim diyar tezliklə nəinki ölkəmizin, bütün regionun ən müasir yaşayış və turizm mərkəzlərindən birinə çevriləcək. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məskunlaşması və yaradılan dayanıqlı infrastruktur Kəlbəcərin əzəli şöhrətini özünə qaytarmaqla yanaşı, Azərbaycanın suverenliyinin və əbədi zəfərinin sarsılmaz rəmzi kimi yaşayacaq.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri