PDF Oxu

Siyasət

  • 323

Azərbaycan-Vyetnam: strateji tərəfdaşlığın əhatə dairəsi genişlənir

Azərbaycan-Vyetnam: strateji tərəfdaşlığın əhatə dairəsi genişlənir

Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkənin qarşılıqlı əlaqələrində yeni imkanlar yaratmaqla yanaşı, əməkdaşlığın məzmununu da əhəmiyyətli dərəcədə genişləndirir. Uzun illər ərzində siyasi etimad və dostluq ənənələri əsasında inkişaf edən əlaqələr artıq iqtisadiyyat, sənaye, müdafiə, təhlükəsizlik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnama rəsmi səfəri çərçivəsində qəbul edilmiş Birgə Bəyanat bu baxımdan münasibətlərin gələcək inkişafına istiqamət verən mühüm siyasi sənəd kimi diqqəti cəlb edir.

Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlığın real dəyəri onun hansı konkret sahələri əhatə etməsi və əldə olunan razılaşmaların praktik nəticələrə çevrilməsi ilə müəyyən olunur. Azərbaycan və Vyetnam rəhbərlərinin qəbul etdiyi Birgə Bəyanat da məhz bu yanaşmaya əsaslanır. Sənəddə siyasi-diplomatik əlaqələrdən iqtisadi və sənaye əməkdaşlığına, müdafiə və təhlükəsizlikdən humanitar sahəyə qədər geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bu amillər tərəflərin münasibətləri ayrı-ayrı təşəbbüslər çərçivəsində deyil, vahid və uzunmüddətli əməkdaşlıq strategiyası əsasında inkişaf etdirmək niyyətini göstərir.

Azərbaycan–Vyetnam münasibətlərinin möhkəm tarixi təməli mövcuddur. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə yaddaşlara həkk olunan dostluq əlaqələri 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri çərçivəsində daha da möhkəmlənmişdir. Müstəqillik dövründə bu münasibətlər yeni siyasi məzmun qazanmış, yüksək səviyyəli qarşılıqlı səfərlər və diplomatik təmaslar vasitəsilə inkişaf etmişdir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi əlaqələrin keyfiyyətcə yeni mərhələsinin əsasını qoymuşdur.

2026-cı ilin noyabrında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu tərəfdaşlığın daha konkret mexanizmlərlə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vyetnamın ali rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional məsələlər, eləcə də yeni əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Səfərin yekununda qəbul edilən Birgə Bəyanat isə siyasi iradənin konkret fəaliyyət istiqamətləri ilə tamamlanmasını nəzərdə tutur.

Sənədin diqqətçəkən məqamlarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi müəyyənləşdirilməsidir. Tərəflər müvafiq qurumlar arasında nümayəndə heyətlərinin mübadiləsi, məlumat və təcrübə paylaşımı, peşəkar hazırlıq, texnologiya transferi, müdafiə və təhlükəsizlik sənayesi üzrə əlaqələrin genişləndirilməsi imkanlarını nəzərdən keçirməyi razılaşdırıblar. Bu yanaşma iki ölkənin əməkdaşlığının ənənəvi siyasi və iqtisadi çərçivədən kənara çıxaraq dövlət təhlükəsizliyi ilə bağlı sahələri də əhatə etdiyinin göstəricisidir.

Birgə Bəyanatın digər mühüm istiqaməti sənaye əməkdaşlığının genişləndirilməsidir. Sənəddə dağ-mədən və alüminium sənayesi qarşılıqlı üstünlüklərə malik sahələr kimi xüsusi qeyd olunur. Bu, Azərbaycan və Vyetnam iqtisadiyyatları arasında yeni sənaye əlaqələrinin formalaşdırılması üçün əhəmiyyətli perspektivlər yaradır. Sənaye sahəsində texnologiya, istehsal təcrübəsi, xammal və emal imkanlarının uzlaşdırılması birgə müəssisələrin yaradılmasına, məhsul istehsalının genişləndirilməsinə və yeni bazarlara çıxışa şərait yaradacaqdır.

Azərbaycanın sənaye və enerji sektorunda topladığı təcrübə, Vyetnamın istehsal və emal potensialı qarşılıqlı faydalı layihələr üçün əlverişli zəmin formalaşdırır. Bu baxımdan əməkdaşlığın yalnız hazır məhsulların ticarəti ilə məhdudlaşmaması, istehsal zəncirlərinin qurulması və texnoloji yeniliklərin tətbiqini də əhatə etməsi vacibdir. Belə yanaşma iqtisadi əlaqələrin davamlılığını artırmaqla yanaşı, hər iki ölkədə sənaye potensialının inkişafına töhfə verəcəkdir.

Enerji sahəsi də tərəfdaşlığın ənənəvi və perspektivli istiqamətlərindən biri olaraq qalır. SOCAR ilə PetroVietnam arasında əlaqələrin genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və neft-kimya sahəsində əməkdaşlıq imkanları qarşılıqlı maraqlara əsaslanır. Bununla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi və təmiz enerji texnologiyaları üzrə əlaqələrin inkişafı tərəfdaşlığın müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.

Nəqliyyat və bağlantılar da yeni əməkdaşlıq gündəliyinin mühüm tərkib hissəsidir. Azərbaycan Avrasiyanın əsas tranzit və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində geniş imkanlara malikdir. Vyetnam isə Cənub-Şərqi Asiyanın mühüm iqtisadi və ticarət mərkəzlərindən biridir. Bu coğrafi və iqtisadi üstünlüklərin uzlaşdırılması qarşılıqlı ticarətin genişlənməsinə, məhsulların yeni bazarlara çıxarılmasına və yükdaşımaların səmərəliliyinin artırılmasına imkan verir. Birgə Bəyanatda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadənin genişləndirilməsi, dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı sahələrində təcrübə mübadiləsi xüsusi vurğulanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar: “Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək”.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı dəstəyin genişləndirilməsi, qlobal problemlərlə bağlı mövqelərin uzlaşdırılması iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. İqlim dəyişmələri, kibercinayətkarlıq, ərzaq, su və enerji təhlükəsizliyi kimi məsələlərdə birgə fəaliyyətin nəzərdə tutulması tərəfdaşlığın yalnız ikitərəfli deyil, qlobal gündəlik baxımından da əhəmiyyətini artırır.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı artıq geniş fəaliyyət sahələrini əhatə edən kompleks əməkdaşlıq modelinə çevrilməkdədir. Burada əsas məsələ qəbul edilmiş qərarların icrasını təmin etmək, mövcud mexanizmləri səmərəli işlətmək və yeni layihələrin reallaşdırılması üçün davamlı fəaliyyət göstərməkdir. 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunması da tərəflər üçün əldə edilmiş nəticələri qiymətləndirmək və yeni hədəfləri müəyyənləşdirmək baxımından əlamətdar fürsət olacaqdır.

Beləliklə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və qəbul edilmiş Birgə Bəyanat Azərbaycan–Vyetnam münasibətlərində yeni əməkdaşlıq gündəliyinin formalaşdığını təsdiqləyir. Müdafiə və təhlükəsizlik, sənaye, dağ-mədən, alüminium istehsalı, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrini əhatə edən bu gündəlik strateji tərəfdaşlığın praktiki məzmununu daha da zənginləşdirir. Tarixi dostluq və qarşılıqlı siyasi etimad üzərində qurulan münasibətlərin bundan sonra konkret layihələr, institusional əməkdaşlıq və qarşılıqlı faydalı təşəbbüslərlə möhkəmlənməsi hər iki ölkənin milli maraqlarına xidmət edəcəkdir.

Digər xəbərlər