PDF Oxu

Siyasət

  • 318

Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanlarının əsasını qoyur - ŞƏRH

Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanlarının əsasını qoyur - ŞƏRH

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif regionların dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətin mühüm istiqamətlərindəndir. Bu siyasətdə Asiya ölkələri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Azərbaycan ilə Vyetnam arasında formalaşmış dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin gələcək inkişafına yeni istiqamət verən, qarşılıqlı etimadı möhkəmləndirən və əməkdaşlığın əhatə dairəsini genişləndirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu sənəd Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə etməklə yanaşı, hər iki ölkənin uzunmüddətli əməkdaşlıq niyyətini də nümayiş etdirir.

Azərbaycan və Vyetnam arasında münasibətlərin möhkəm tarixi təməli mövcuddur. Xalqlarımız arasında dostluq əlaqələri hələ ötən əsrin ortalarından formalaşmağa başlayıb. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin tarixində xüsusi yer tutur. Həmin görüşlər iki xalq arasında qarşılıqlı hörmət və dostluq ənənələrinin inkişafına mühüm töhfə verib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr yeni siyasi məzmun alıb, diplomatik münasibətlərin qurulması ilə əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin tarixi ənənələrin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycan xarici siyasətinin ardıcıllığını və məqsədyönlülüyünü göstərir.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti ondan ibarətdir ki, sənəd iki ölkə arasında mövcud münasibətləri daha sistemli və uzunmüddətli əməkdaşlıq müstəvisinə daşıyır. Belə bir sənəd siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin artırılması, hökumətlərarası əlaqələrin genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm zəmin yaradır. Azərbaycan və Vyetnam beynəlxalq məsələlərə münasibətdə qarşılıqlı hörmət, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürürlər. Bu ortaq yanaşmalar iki dövlətin beynəlxalq platformalarda bir-birini daha yaxşı anlamasına və ortaq maraqlar üzrə əməkdaşlıq etməsinə imkan verir. Birgə Bəyannamə də məhz bu siyasi etimadın və qarşılıqlı marağın daha yüksək səviyyədə ifadəsidir.
İqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi diqqətə layiqdir. Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları və beynəlxalq logistika layihələrində iştirakı ilə Asiya və Avropa arasında mühüm bağlantı rolunu oynayır. Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatlarından biri kimi istehsal, sənaye, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensiala malikdir. Bu imkanların qarşılıqlı şəkildə qiymətləndirilməsi ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlar arasında əlaqələrin qurulması üçün əlverişli şərait yaradır. Hər iki ölkənin iqtisadi potensialı nəzərə alınarsa, əməkdaşlığın daha geniş sahələri əhatə etməsi üçün kifayət qədər imkan mövcuddur.Enerji sahəsi də Azərbaycan-Vyetnam tərəfdaşlığının perspektivli istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları, neft-qaz sənayesində topladığı təcrübə və enerji infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətlər Vyetnamla qarşılıqlı əməkdaşlıq üçün imkanlar yaradır. Eyni zamanda, bərpaolunan enerji, enerji səmərəliliyi və müasir texnologiyaların tətbiqi kimi sahələrdə təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər. Müasir dünyada enerji təhlükəsizliyinin dövlətlərin iqtisadi inkişafı və milli təhlükəsizliyi baxımından əhəmiyyəti daha da artır. Bu baxımdan tərəflər arasında dialoqun gücləndirilməsi yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına kömək edə bilər.Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə inkişaf etdirilən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin beynəlxalq tranzit imkanlarını genişləndirir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və dəmir yolu infrastrukturunun modernləşdirilməsi Azərbaycanın beynəlxalq yükdaşımalarında rolunu artırır. Vyetnamın Cənub-Şərqi Asiyada mühüm iqtisadi və nəqliyyat mövqeyinə malik olması bu sahədə əlaqələrin inkişafına əlavə perspektivlər açır. Ticarət marşrutlarının şaxələndirilməsi, logistika imkanlarından qarşılıqlı istifadə və yükdaşımaların səmərəliliyinin artırılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir.
Strateji tərəfdaşlığın möhkəmlənməsində humanitar və mədəni əlaqələrin də xüsusi rolu vardır. Çünki dövlətlər arasında siyasi və iqtisadi münasibətlərin davamlı olması üçün xalqların bir-birini tanıması, mədəniyyətlərə hörmət və qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu beynəlxalq dostluq ənənələri bu gün Prezident İlham Əliyevin siyasəti ilə yeni məzmun qazanır. Heydər Əliyev Fondunun Vyetnamda təhsil və sosial sahələrdə həyata keçirdiyi layihələr, xüsusilə təhsil müəssisələrinə göstərilən dəstək xalqlarımız arasında mənəvi yaxınlığın güclənməsinə xidmət edir. Təhsil, elm, mədəniyyət, turizm və gənclər arasında mübadilə imkanlarının genişləndirilməsi strateji tərəfdaşlığın yalnız rəsmi sənədlərlə deyil, insanların gündəlik həyatında da hiss olunmasına şərait yaradır. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmasıdır. Ölkəmiz beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edir, milli maraqlarını qorumaqla yanaşı, digər dövlətlərin suveren hüquqlarına və seçimlərinə hörmətlə yanaşır. Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu yanaşmanın uğurlu nümunələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın Asiya regionunda diplomatik və iqtisadi əlaqələrinin genişlənməsinə, Vyetnamın isə Cənubi Qafqaz və Avropa bazarları ilə təmaslarının inkişafına töhfə verə bilər.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Vyetnam münasibətlərinin gələcəyinə ünvanlanmış mühüm siyasi mesajdır. Sənədin yaratdığı imkanlardan səmərəli istifadə edilməsi, razılaşdırılmış istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi və qarşılıqlı səfərlərin davam etdirilməsi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal diplomatiya Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, dost və tərəfdaş dövlətlərlə münasibətlərə yeni məzmun qazandırır. Azərbaycan və Vyetnam arasında mövcud olan tarixi dostluq, siyasi etimad və iqtisadi potensial gələcəkdə daha böyük nəticələrin əldə olunmasına imkan verir. Bu baxımdan Birgə Bəyannamə iki ölkənin münasibətlərində sadəcə diplomatik sənəd deyil, uzunmüddətli əməkdaşlığın, qarşılıqlı inamın və ortaq inkişaf hədəflərinin möhkəm hüquqi-siyasi əsaslarından biri kimi əhəmiyyət daşıyır.
Səkinə Baxışzadə
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər