Beynəlxalq münasibətlər sistemində elə dostluq əlaqələri var ki, onları zamanın dəyişən siyasi reallıqları, coğrafi məsafələr və tarixi sınaqlar belə zəiflədə bilmir. Azərbaycan ilə Vyetnam arasında formalaşmış münasibətlər məhz belə möhkəm dostluq nümunələrindəndir. Təxminən yetmişillik tarixə malik bu əlaqələr qarşılıqlı hörmət, etimad və səmimi əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müxtəlif tarixi mərhələlərdən keçən Azərbaycan–Vyetnam münasibətləri hazırda yalnız siyasi və iqtisadi əməkdaşlıqla deyil, həm də humanitar, mədəni və mənəvi bağlılıqla zənginləşir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə isə bu dostluğun tarixi köklərini, müasir inkişaf istiqamətlərini və gələcək perspektivlərini bir daha aydın şəkildə ortaya qoyur.
Azərbaycan–Vyetnam dostluğunun təməli hələ ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında münasibətlərin inkişafında tarixi hadisəyə çevrilib. Həmin səfər qarşılıqlı rəğbət və etimadın formalaşmasına, gələcək əməkdaşlığın möhkəm əsaslar üzərində qurulmasına mühüm töhfə verib. Bu dostluq ənənələrinin davam etdirilməsində Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləri olub. 1983-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı olub. Səfərin ilkin nəzərdə tutulduğundan daha uzun müddət davam etdirilməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi Heydər Əliyevin bu ölkə ilə əlaqələrin inkişafına verdiyi böyük əhəmiyyətin göstəricisi idi. Həmin səfər zamanı əldə edilən razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına mühüm töhfə verməklə uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib.
Müstəqillik dövründə Azərbaycan–Vyetnam münasibətləri yeni siyasi və iqtisadi məzmun qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. Bu səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar və Birinci Azərbaycan–Vyetnam biznes forumu iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Hökumətlərarası Komissiyanın fəaliyyəti, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr və digər institusional mexanizmlər dövlətlərarası dialoqun davamlılığını təmin edib.
Münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri xüsusi əhəmiyyət daşıyıb. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycan–Vyetnam münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu sənəd iki ölkənin qarşılıqlı fəaliyyətinin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm hüquqi və institusional zəmin yaradıb. 2026-cı il noyabrın 19–21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə bu strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə olub. Səfər zamanı aparılan yüksək səviyyəli danışıqlar, qəbul edilən birgə sənədlər və əldə olunan razılaşmalar dostluq münasibətlərinin konkret əməkdaşlıq layihələri ilə zənginləşdirilməsinə xidmət edir.
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı siyasi dəstəyə və beynəlxalq məsələlərdə ortaq yanaşmalara əsaslanmasıdır. Azərbaycan Vyetnamın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi yüksək qiymətləndirir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqe dövlətlərimiz arasında siyasi etimadın mühüm göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edirlər. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında inkişaf edən əlaqələr də bu münasibətlərin siyasi və ideoloji müstəvidə möhkəmlənməsinə xidmət edir.
Təbii ki, siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin yaradır. Azərbaycan və Vyetnam iqtisadi potensialı, zəngin resursları və əlverişli coğrafi mövqeləri baxımından bir-birini tamamlayan ölkələrdir. 2025-ci ilin yekunlarına görə, iki dövlət arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi iqtisadi əlaqələrin inkişafının göstəricisidir. Bununla belə, mövcud rəqəmlər tərəflərin malik olduğu real potensialı tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu da Vyetnamla iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm üstünlükdür. Asiya ilə Avropa arasında etibarlı nəqliyyat-logistika bağlantılarının formalaşmasında ölkəmizin rolu getdikcə artır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması, eləcə də əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən həyata keçirilən tranzit daşımalarının həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu istiqamətdə müsbət dinamikanı nümayiş etdirir. Azərbaycanın liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu Vyetnamla Avropa arasında yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradır. Bu imkanlardan düzgün istifadə hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini də möhkəmləndirəcək.
İki ölkə arasında münasibətlərin möhkəmliyini şərtləndirən mühüm amillərdən biri də humanitar və mədəni əməkdaşlıqdır. Azərbaycan–Vyetnam dostluğu yalnız siyasi bəyanatlar və iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu əlaqələrin arxasında xalqlarımızın yaddaşında yaşayan, illər ərzində formalaşmış səmimi münasibətlər dayanır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fondun 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, təhsil müəssisələrinə göstərilən diqqət və digər sosial təşəbbüslər Azərbaycan xalqının humanist dəyərlərinin beynəlxalq müstəvidə təzahürüdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, ölkənin rəhbər şəxsləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşləri də humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.
Təhsil sahəsində əməkdaşlıq isə Azərbaycan–Vyetnam münasibətlərinin ən zəngin tarixi istiqamətlərindən biridir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda ali təhsil alması xalqlarımız arasında formalaşmış mənəvi bağlılığın bariz göstəricisidir. Onların bir çoxu sonradan Vyetnamın müxtəlif dövlət qurumlarında və digər sahələrdə məsul vəzifələr tutaraq əldə etdikləri bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəldiblər. Bu gün həmin ənənələr universitetlərarası əməkdaşlıq, elmi mübadilə, təhsil proqramları və təqaüd imkanları vasitəsilə davam etdirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin memorial otağının açılması isə iki xalqın tarixi dostluğuna verilən yüksək dəyərin rəmzidir.
Mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr özünəməxsus tarixə və zəngin ənənələrə malikdir. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini bəstələyib. Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti isə mədəni əlaqələrimizin tarixində xüsusi yer tutur. O, Vyetnamda milli kino məktəbinin formalaşmasına kömək göstərib, yerli rejissor və aktyorların yetişdirilməsində iştirak edib, bir sıra filmlər çəkib. Vyetnamda göstərdiyi xidmətlərə görə ölkənin ali “Əmək” ordeni ilə təltif olunması onun əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Bu gün də həmin mədəni ənənələr yeni layihələrlə zənginləşir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni dialoqun genişləndiyini göstərir. Eyni zamanda, Vyetnamda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyəti də bu münasibətlərin ictimai əsaslarını möhkəmləndirir.
Dostluğun əsl mahiyyəti yalnız xoş günlərdə deyil, çətin anlarda göstərilən həmrəylikdə də özünü büruzə verir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi bunun bariz nümunəsidir. Bu addımlar ölkəmizin beynəlxalq münasibətlərdə humanizm, mərhəmət və qarşılıqlı dəstək prinsiplərinə sadiqliyini nümayiş etdirir. Eyni zamanda, belə təşəbbüslər Azərbaycan və Vyetnam xalqları arasında mənəvi yaxınlığı daha da gücləndirir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində turizm, səhiyyə, ekologiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirilməsi münasibətlərin gələcək inkişaf istiqamətlərinin nə qədər geniş olduğunu göstərir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm mübadiləsinin inkişafına, xalqlarımızın bir-birinin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yarada bilər. Vyetnamlı tələbələrin Azərbaycanda təhsil imkanlarından yararlanması, elmi-texniki əməkdaşlığın genişləndirilməsi və birgə humanitar layihələrin həyata keçirilməsi isə dostluğun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq çoxşaxəli və strateji xarakter alıb. Bu gün Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnam ilə Cənubi Qafqazın mühüm enerji və logistika mərkəzi olan Azərbaycanın əməkdaşlığı hər iki ölkə üçün yeni imkanlar açır. Tərəflərin iqtisadi potensialının, təcrübəsinin və strateji üstünlüklərinin birləşdirilməsi qarşılıqlı ticarətin artırılmasına, yeni investisiyaların cəlb edilməsinə və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək.
Əminliklə demək olar ki, Azərbaycan ilə Vyetnamı birləşdirən dostluq yalnız keçmişin tarixi xatirəsi deyil, həm də gələcəyə hesablanmış böyük əməkdaşlıq potensialıdır. Bu gün qarşılıqlı etimad və siyasi iradə əsasında möhkəmlənən tərəfdaşlıq sabah daha geniş iqtisadi layihələrdə, humanitar təşəbbüslərdə və beynəlxalq əməkdaşlıq platformalarında öz bəhrəsini verəcək. Çünki həqiqi dostluq zamanın sınağından keçməklə yanaşı, gələcəyin uğurlarına da möhkəm zəmin yaradır.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı