Süni intellekt texnologiyalarına tələbatın sürətlə artması dünyanın müxtəlif ölkələrində məlumat mərkəzlərinin (data mərkəzlərinin) sayının çoxalmasına səbəb olur. Lakin yeni hesabat bu prosesin başqa bir ciddi problemin – elektron tullantıların kəskin artmasının qarşısını alına bilməyən “sunami”yə çevrilə biləcəyi barədə xəbərdarlıq edir.
Basel Action Network (BAN) təşkilatının hazırladığı hesabatda bildirilir ki, süni intellekt sistemlərinin işləməsi üçün qurulan yeni məlumat mərkəzləri böyük həcmdə elektron avadanlığın istifadədən çıxmasına gətirib çıxaracaq. Hesabata görə, elektron tullantıların illik həcmi qarşıdakı 25 il ərzində üç dəfəyə qədər arta və 2030-cu ilə qədər ildə 13 milyon metrik tona çata bilər.
Avadanlıqlar cəmi bir neçə ilə köhnəlir
Məlumat mərkəzlərində istifadə olunan serverlər, mis kabellər, şəbəkə avadanlıqları, açarlar və enerji sistemləri uzun müddət xidmət göstərməyə bilər. Hesabatda qeyd olunur ki, bu avadanlıqların bir hissəsi cəmi iki-beş il ərzində köhnəlmiş hesab olunur.
Problemin başqa tərəfi isə bu avadanlıqların bir qisminin təmir və təkrar emal üçün yararsız olmasıdır. Nəticədə istifadədən çıxarılan elektronikanın böyük hissəsi tullantıya çevrilə bilər.
Elektron tullantılar niyə təhlükəlidir?
Elektron tullantıların tərkibində qurğuşun və civə kimi zəhərli maddələr ola bilər. Bu materialların düzgün idarə olunmaması həm ətraf mühitə, həm də insan sağlamlığına təhlükə yarada bilər.
Hesabatda ABŞ-dakı elektron tullantıların idarə olunması sistemi də tənqid edilir. Mütəxəssislərin fikrincə, tullantıların bir hissəsi poliqonlara göndərilir, digər hissəsi isə lazımi nəzarət olmadan xaricə çıxarıla bilər.
Problem təkcə elektron tullantılarla məhdudlaşmır
Məlumat mərkəzlərinin sürətli genişlənməsi yalnız köhnəlmiş elektron avadanlıqların sayını artırmır. Onların işləməsi üçün böyük miqdarda elektrik enerjisi tələb olunur.
Hesabatda ABŞ-da məlumat mərkəzlərinin enerji istifadəsi ilə bağlı hava çirklənməsinin gələcəkdə minlərlə yeni astma hadisəsinə və ildə **1 300-ə qədər vaxtından əvvəl ölümə** səbəb ola biləcəyi ilə bağlı proqnozlara da yer verilir.
Süni intellekt infrastrukturu sürətlə böyüyür
Hazırda ABŞ-da təxminən 4 900 məlumat mərkəzi layihəsi hazırlanma mərhələsindədir. Bu sürətli genişlənmənin əsas səbəblərindən biri süni intellekt sənayesinə qoyulan böyük investisiyalardır.
Məlumata görə, qarşıdakı beş il ərzində qlobal miqyasda süni intellektə yönəldiləcək kapital qoyuluşlarının 7 trilyon dollara çata biləcəyi proqnozlaşdırılır.
Mütəxəssislər isə bildirirlər ki, süni intellekt infrastrukturunun sürətlə genişləndirilməsi ilə yanaşı, onun yaratdığı elektron tullantıların, enerji tələbatının və digər ekoloji nəticələrin idarə olunması üçün də daha ciddi tədbirlər görülməlidir.
Əks halda, texnologiyanın inkişafı ilə paralel olaraq istifadədən çıxan avadanlıqların həcmi də sürətlə böyüyə bilər.
Lalə Mehralı