Bazar ertəsi bazarların açılmasından əvvəl treyderlər Səudiyyə Ərəbistanının – dünyanın ən böyük neft ixracatçısının – hasilat və ixrac imkanlarının təhlükə altına düşməsi fonunda qiymətlərin yüksələcəyini gözləyirdilər.
Britaniyanın dəniz təhlükəsizliyi agentliyi UKMTO-nun məlumatına görə, bazar günü Hörmüz boğazından keçən gəmilərdən birinə mərmi düşüb. Hadisə nəticəsində yanğın baş verib və ekipaj təxliyə edilib. İran isə sahilləri yaxınlığında İran ticarət gəmisində bir nəfərin öldüyünü, dörd ekipaj üzvünün yaralandığını açıqlayıb.
Səudiyyə Ərəbistanının dövlət mediası ölkənin cənubundakı Cazan əyalətində husilərin hücumu nəticəsində evlərə və məscidə dəyən ziyanı əks etdirən görüntülər yayıb. Husilər isə qonşu əyalətdə Səudiyyə Ərəbistanına məxsus hərbi bazaya zərbə endirdiklərini bildiriblər.
Səudiyyə Ərəbistanının şərq və qərb sahillərini birləşdirən, təxminən 1200 kilometr uzunluğunda Şərq-Qərb neft boru kəmərinə cümə günü hücum edilib. Boru kəməri ölkənin neftinin Qırmızı dənizdəki Yanbu limanına çatdırılmasında mühüm rol oynayır və Hörmüz boğazından asılılığı azaltmağa imkan verir.
Reuters-in danışdığı treyderlərin və Səudiyyə Ərəbistanı neft alıcılarının sözlərinə görə, boru kəməri bağlı qalarsa, Ər-Riyadın Yanbu limanından ixracı cəmi 5-7 gün davam etdirməyə kifayət edəcək neft ehtiyatı var.
Boru kəmərinin nə qədər müddətə sıradan çıxacağı isə hələ məlum deyil. Səudiyyə Ərəbistanı dəymiş ziyanın miqyası və təmir müddəti barədə açıqlama verməyib. Reuters-ə danışan mənbələr təmirin bir neçə gündən bir neçə həftəyə qədər davam edə biləcəyini bildiriblər. Peyk görüntülərində boru kəməri boyunca yerləşən ərazilərdən qalxan iri tüstü sütunları müşahidə olunub.
Yaxın Şərqdə artan gərginlik artıq neft bazarında özünü göstərib. Ötən həftə neftin qiyməti iyul ayından bəri ilk dəfə 100 dollar/barel həddini keçib.
Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı narahatlıq isə daha geniş nəticələr yarada bilər. Bu boğaz dünya neft ticarətinin ən mühüm marşrutlarından biridir. Buradan keçən neft axınının ciddi şəkildə pozulması qlobal bazarda milyonlarla barel neftin itirilməsi ilə nəticələnə bilər.
Bölgədə hərbi gərginliklə yanaşı, diplomatik səylər də davam etdirilir. İran rəsmiləri Körfəz ölkələri ilə Oman vasitəsilə görüş keçirməyə hazırlaşırdılar. Görüşdə Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyi və regional vəziyyətin müzakirəsi nəzərdə tutulurdu.
Lakin Oman xarici işlər naziri Seyyid Bədr Əlbusaidi bazar günü görüşün təxirə salındığını açıqlayıb. O, dialoqun və regionda sabitliyin dəstəklənməsinin davam etdiriləcəyini bildirib.
İraq görüşə nümayəndə heyəti göndərəcəyini açıqlayıb. Səudiyyə Ərəbistanı və Qətərin isə xarici işlər nazirləri səviyyəsində təmsil olunacağı bildirilib. Bəhreyn isə İran nümayəndələri ilə görüşməyəcəyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi də Tehran və Vaşinqton arasında fikir ayrılıqlarının aradan qaldırılmadığını bildirib. Onun sözlərinə görə, İran ABŞ-ın Tehranın tələblərini qəbul etməsinə qədər Hörmüz boğazının açılması məsələsində mövqeyini dəyişməyəcək.
Yaxın Şərqdə hərbi qarşıdurmanın davam etməsi fonunda əsas narahatlıq isə təkcə bölgənin təhlükəsizliyi deyil, qlobal enerji bazarında yeni təchizat böhranının yaranmasıdır.
Lalə Mehralı