Avropanın nüfuzlu “The European House - Ambrosetti” (TEHA Group) beyin mərkəzinin icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli Azərbaycanın qlobal və regional rəqabətqabiliyyətliliyinə dair hesabatı təqdim edib. O bildirdi ki, hesabat 146 ölkəni, dünya əhalisinin 94 faizini və qlobal ÜDM-in 98 faizini əhatə edir.
Hesabatda Azərbaycanın elmi göstəriciləri xüsusilə diqqət çəkib. Belə ki, tədqiqat mərkəzlərinin elmi nəşrlərinin artım dinamikasına görə Azərbaycan dünyada birinci yerdədir. Ölkəmiz 2019-cu ildəki 143-cü mövqedən yüksələrək dinamizm göstəricisinə görə dünyanın ən dinamik 15 ölkəsi sırasına daxil olub. Azərbaycan ümumi rəqabətqabiliyyətlilik üzrə 60-cı, davamlılıq üzrə 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci pillədə qərarlaşıb.
Cənab De Molli çıxışında TEHA ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında uzunmüddətli tərəfdaşlığı qeyd edib. Azərbaycan bir sıra göstəricilərdə region lideridir. Xarici birbaşa investisiyaların dinamikasına görə dünyada 6-cı, energetika balansında 4-cü, dövlət borcunun ÜDM-ə nisbətində 8-ci, ümumi amil məhsuldarlığının dinamikasında isə 8-ci yerdədir. Bu göstəricilərin hər birində Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada birinci olub.
De Molli bildirib ki, Azərbaycan regiondakı digər ölkələrdən daha sürətlə irəliləyir və inkişaf tempinə görə liderliyini qoruyur.
Lalə Mehralı