PDF Oxu

Siyasət

  • 602

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində VIII Qurultayın tapşırıqları müzakirə olunub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində VIII Qurultayın tapşırıqları müzakirə olunub

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının A. Bakıxanov küçəsi 42 üzrə (Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi PHŞ) ərazi partiya təşkilatında görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn tapşırıqların icrasına həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlov çıxışında Partiya Sədrinin qurultaydakı nitqinin qarşıdakı illər üçün aydın yol xəritəsi olduğunu vurğulayıb. O, dövlət başçısının «Azərbaycan xalqı bu gün təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır və bu, indiki dünyada böyük sərvətdir» fikrinə toxunub. Oqtay Gözəlov bildirib ki, bu sərvətin bir hissəsi də insanların sağlamlığına göstərilən qayğıdır. Hər gün minlərlə vətəndaş təcili tibbi yardım xidmətinə müraciət edir və onların həyatı çox vaxt briqadanın nə qədər tez çatmasından, nə qədər peşəkar davranmasından asılı olur. Direktor kollektivin bu məsuliyyəti dərk etdiyini və işini yüksək peşəkarlıqla quracağını vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Partiya Sədrinin qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. Yerli təşkilatın sədri Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqlardan da danışıb. Bu tapşırıqlar ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulması və Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasıdır. O vurğulayıb ki, səhiyyə işçisi üçün ən təsirli ideoloji iş xəstəyə göstərilən diqqət və qayğıdır.

Direktorun müavini, Vətən müharibəsi iştirakçısı Fuad Nəbiyev Vətən müharibəsi günlərində tibb işçilərinin həm cəbhədə, həm də arxada göstərdiyi fədakarlığı xatırladıb. O bildirib ki, bu gün də istənilən fövqəladə vəziyyətdə ilk köməyə çatanlar təcili tibbi yardım briqadalarıdır. Fuad Nəbiyev qazilərə və şəhid ailələrinə tibbi xidmətdə xüsusi həssaslıq göstərilməsinin hər bir səhiyyə işçisinin borcu olduğunu vurğulayıb.

Direktorun müavini Talıb Məmmədov dövlət başçısının qurultayda elan etdiyi sosial qərarlardan danışıb. Gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq. O, «Böyük Qayıdış»ın sürətlənməsi ilə Qarabağda və Şərqi Zəngəzurda etibarlı təcili tibbi yardım xidmətinin təşkilinin əhəmiyyətinin daha da artdığını qeyd edib. Talıb Məmmədov sosial şəbəkələrdə səhiyyə barədə yayılan yalan məlumatlara faktlarla, təmkinlə cavab verməyin vacibliyini də vurğulayıb.

Görüşün sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

Digər xəbərlər