"Biz artıq 30 ildən çoxdur ki, tərəfdaşlarımızla əl-ələ verərək çalışmaqla yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və regiondan kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik"- bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında deyib.
Nazir daha sonra qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə tədarük olunur, bunlardan 10-u Avropa İttifaqının üzvüdür ki, bu da Azərbaycanı coğrafi əhatəsinə görə dünyanın aparıcı boru kəməri qazı tədarükçülərindən birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur.
"Biz bizneslərin və hökumətlərin haraya investisiya qoymağı, nəyə üstünlük verməyi, kiminlə ticarət etməyi yenidən nəzərdən keçirdiyi bir vaxtda görüşürük. Bütün bunlar qloballaşmanın öz formasını dəyişdiyi bir dövrdə baş verir. Xərc və səmərəlilik vacibliyini qoruyub saxlayır, eyni zamanda, tərəfdaşların etibarlılığı və təchizat zəncirinin davamlılığı iqtisadi qərarların və siyasətin qəbul olunmasında daha böyük çəkiyə malik olur", - deyə nazir əlavə edib.
Mikayıl Cabbarov həmçinin çıxışında bildirib ki, uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar və təkrar investisiyalar yaratmağa davam edir. Həmçinin ölkəmizdə fəaliyyət göstərən əksər xarici şirkətlər qazanclarını yenidən ənənəvi enerji istehsalı ilə yanaşı, bərpaolunan enerji sahəsinə yatırmağı seçirlər.
Lalə Mehralı