Uzun illərdir ki, Bakı yalnız Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatının mərkəzi kimi deyil, həm də dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən mühüm beynəlxalq tədbirlərin ünvanı kimi tanınır. Paytaxtda keçirilən irimiqyaslı siyasi sammitlər, iqtisadi forumlar, mədəniyyət tədbirləri, idman yarışları və beynəlxalq konfranslar Bakının qlobal dialoq məkanlarından birinə çevrildiyini göstərir. Ölkəmizin beynəlxaq tədbirlərə ev sahibliyi etməsi, minlərlə qonağı qarşılaması beynəlxaq nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatına, turizminə, mədəniyyətinə fayda verməsi baxımından da olduqca təqdirəlayiqdir. İndi Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində yüksək səviyyəli mədəni, siyasi, iqtisadi görüşlərin keçirildiyi ölkələrdən biri kimi mövqeyini möhkəmləndirməyə başlayıb.
Ölkəmizin mədəni sahədə əldə etdiyi beynəlxalq uğurlardan biri olan “Eurovision” Mahnı Müsabiqəsinin 2012–ci ildə Bakıda keçirilməsi də bu mövqeyi möhkəmləndirən tədbirlərdən biri oldu. 2011-ci ildə Azərbaycanın ilk dəfə qalib olduğu “Eurovision” yarışmasına növbəti il ev sahibliyi etməsi ölkəmizin beynəlxalq mədəniyyət tədbirlərini yüksək səviyyədə təşkil etmək imkanlarını nümayiş etdirdi. Bütün dünyaya canlı yayımla nümayiş etdirilən açılış mərasimində ən çox yadda qalan məqamlardan biri Azərbaycanın milli musiqi irsinin təqdimatı, dünya şöhrətli xanəndə Alim Qasımovun muğam nümunəsi ilə çıxışı oldu. Yarışma üçün inşa olunan “Bakı Kristal Zalı” daha sonra bir çox böyük miqyaslı tədbirə də məkan oldu.
2015-ci ildə Bakı daha bir beynəlxalq tədbirə - Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bu, Avropada ilk dəfə keçirilən çoxnövlü idman yarışı idi və ilk təfə təşkil olunması, həmçinin ilk oyunun Bakıda keçirilməsi Azərbaycan üçün mühüm beynəlxalq hadisə idi. Yarışlarda 50 ölkədən 6 mindən çox idmançı 20 idman növü üzrə mübarizə apardı. Açılış mərasimi isə xüsusilə yadda qaldı, çünki mərasim 4 ildir inşası gedən möhtəşəm bir arenada - Bakı Olimpiya Stadionunda keçirildi. Mərasimdə Azərbaycanın tarixi, mədəniyyəti və musiqi irsi xüsusi şəkildə təqdim edildi. Xoreoqrafik kompozisiyalar, muğam, milli musiqi alətləri və Azərbaycanın müxtəlif mədəni simvolları mərasimin əsas elementləri sırasında idi. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Bakıda idman infrastrukturunun təkmilləşməsinə də təkan verdi.
Bir il sonra - 2016-cı ildə Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna da ev sahibliyi etdi. 25–27 aprel 2016-cı il tarixlərində keçirilən forum müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, din xadimlərini, alimləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdi. Forumun əsas mövzusu “Birgəyaşayış mədəniyyətinin qurulması: inklüziv cəmiyyətlərdə müxtəlifliyin və ümumi dəyərlərin qorunması” idi. Tədbirdə mədəniyyətlər və dinlərarası dialoqun inkişafı, multikulturalizm, gənclərin radikallaşmasının qarşısının alınması və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi kimi məsələlər müzakirə olundu.
Bakı forum çərçivəsində müxtəlif mədəniyyətlərin və dinlərin dialoq məkanı kimi təqdim edildi. Bu tədbir Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin nümayiş etdirilməsi baxımından mühüm hadisələrdən biri oldu. Bu forumun Azərbaycanda təşkili tolerant və çoxmillətli bir ölkəni bütün dünyaya layiqincə tanıtdı.
2016-cı ildə Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə – Formula 1 Avropa Qran-prisinə ev sahibliyi etdi. Yarış Azərbaycanın Formula 1 təqviminə ilk dəfə daxil olması və elə ilk ildən də ev sahibi olması ilə ölkəmiz üçün əlamətdar bir hadisə idi. Yarışın ən diqqətçəkən xüsusiyyətlərindən biri Bakı şəhər halqası oldu. Dünyanın ən sürətli küçə traslarından biri hesab edilən bu marşrut İçərişəhərin tarixi küçələrindən, Dənizkənarı bulvardan və şəhərin müasir hissəsindən keçirdi. Xüsusilə İçərişəhərin qala divarları boyunca uzanan dar və sürətli hissə yarışa özünəməxsus görüntü verirdi və bu marşrutun yarış boyu canlı yayımlanması Bakının qədim və müasir ruhunun vəhdətindən yaranan əsrarəngiz harmoniyasını dünyaya tanıtdı. Avropa Oyunlarından sonra belə bir beynəlxalq yarışın Bakıda keçirilməsi şəhərin beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan kimi tanınmasına və Azərbaycanın dünyada təbliğinə əlavə imkan yaratdı. Əldə olunan razılaşmaya görə ölkəmiz 2030-cu ilədək bu yarışlara ev sahibliyi edəcək.
Bakı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etdi. 12–22 may 2017-ci il tarixlərində keçirilən yarışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən 3 mindən çox idmançı 20 idman növü üzrə mübarizə apardı. Bakı həmin günlərdə ümumilikdə 54 ölkədən qonaq qəbul etmişdi. Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda keçirildi və Azərbaycanın tarixinin, mədəniyyətinin və İslam dünyasının ortaq dəyərlərinin təqdimatı ilə yadda qaldı. Mərasimdə milli musiqi və rəqs nümunələri ilə yanaşı, Azərbaycanın müxtəlif tarixi və mədəni irs elementləri də nümayiş etdirildi. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının və mədəni əlaqələrinin beynəlxalq səviyyədə nümayişi baxımından əhəmiyyətli hadisələrdən biri oldu.
2018-ci ilin aprelində Azərbaycan üçün Qoşulmama Hərəkatı (QH) ilə bağlı beynəlxalq tədbirlər baxımından da mühüm mərhələ oldu. Həmin il Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə namizədliyi təşkilatın üzv dövlətləri tərəfindən dəstəkləndi. Bakıda Hərəkata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq sülh və təhlükəsizlik, parlamentlərarası əməkdaşlıq və çoxtərəfli diplomatiya məsələlərinin müzakirə edildiyi tədbirlər keçirildi. Bu tədbirlər Azərbaycanın çoxtərəfli diplomatiya və beynəlxalq dialoq platforması kimi rolunun genişlənməsinə xidmət etdi, həmçnin Qoşulmama Hərəkatında fəal iştirakını genişləndirdi və yüksək səviyyəli beynəlxalq görüşlərə ev sahibliyini layiqincə yerinə yetirdiyini sübut etdi.
2019-cu ildə Bakı Dünya Gömrük Təşkilatının (DGT) mühüm beynəlxalq tədbirlərindən birinə də ev sahibliyi etdi. Bakıda DGT-nin Gömrük Əməkdaşlığı Şurasının 132 və 133-cü sessiyaları və digər əlaqəli tədbirlər keçirildi, tədbirlərdə dünyanın müxtəlif ölkələrinin gömrük xidmətlərinin rəhbərləri və nümayəndələri iştirak edərək beynəlxalq gömrük əməkdaşlığı, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması və sərhəd təhlükəsizliyi kimi məsələləri müzakirə etdilər. Bakının belə yüksək səviyyəli beynəlxalq gömrük tədbirinə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq iqtisadi və institusional əməkdaşlıq platforması kimi rolunu nümayiş etdirən hadisələrdən biri oldu, ölkəmiz beynəlxalq iqtisadi və logistika məsələlərinin müzakirə edildiyi qlobal platformalardan birinə çevrildi.
Elə həmin il Bakı UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına da ev sahibliyi etdi. İyul ayında keçirilən tədbirdə Ümumdünya İrs Siyahısına yeni obyektlərin daxil edilməsi, təhlükə altında olan irsin qorunması, tarixi və mədəni abidələrin mühafizəsi ilə bağlı məsələlər müzakirə olundu. Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricilərindən biri kimi qiymətləndirildi. Sessiyanın açılış mərasimi Bakının memarlıq incilərindən hesab edilən Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir Azərbaycanın mədəni irsinin, xüsusilə muğam, xalçaçılıq və digər milli sənət nümunələrinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından da diqqət çəkdi. Bu sessiya Azərbaycanın UNESCO ilə əməkdaşlığının və Bakının beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edən şəhər kimi mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətli hadisələrdən biri oldu.
2021-ci ildə Bakı Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünə də ev sahibliyi etdi. Zirvə görüşü Türk dünyasının dövlət və hökumət başçılarını bir araya gətirdi. Görüşdə türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və humanitar əlaqələrin genişləndirilməsi, həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri müzakirə edildi. Bakı görüşünün əsas məqamlarından biri Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və türk dövlətləri arasında əməkdaşlığın inkişafı məsələlərinin gündəmdə olması idi.
2022-ci ildə Bakı beynəlxalq enerji gündəliyində mühüm yer tutan tədbirlərdən daha birinə – Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. 1–4 iyun tarixlərində keçirilən həftə çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Enerji və Bərpaolunan Enerji Sərgisi və Bakı Enerji Forumu bir araya gəldi. Bakı Enerji Forumunda 20 ölkədən 400-dən çox nümayəndə iştirak etdi. Müzakirələrdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, Xəzər regionunda neft-qaz imkanları, enerji təhlükəsizliyi və karbonsuzlaşma kimi məsələlər müzakirə olundu. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat və regional əməkdaşlıq mövzularında beynəlxalq platformalarda fəallığını artırdı.
2023-cü ilin martında Bakı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Forumda dövlət və hökumət başçıları, keçmiş prezidentlər və baş nazirlər, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak etdilər. Müzakirələrdə qlobal təhlükəsizlik, sülh, çoxtərəfli əməkdaşlıq, iqlim və ərzaq təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Avropanın və Afrikanın gələcəyi, elm və texnologiya kimi məsələlərə diqqət yetirildi. X Qlobal Bakı Forumu Azərbaycanın paytaxtının müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələri bir araya gətirən və qlobal problemlərin müzakirə olunduğu beynəlxalq dialoq platformalarından biri kimi mövqeyini daha da möhkəmləndirdi.
2024-cü ilin noyabrında Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etdi. Konfrans dünyanın təxminən 200 ölkəsindən nümayəndələri bir araya gətirdi. Tədbir çərçivəsində Bakıya 70 mindən çox qonaq gəld. COP29 Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri olmaqla yanaşı, Bakını qlobal iqlim danışıqlarının əsas platformalarından birinə çevirdi. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
2026-cı ilin mayında Bakı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkil etdiyi Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi etdi. WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin, o cümlədən Bakı şəhərinin inkişaf modeli, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm platforma oldu. Bu forum Bakının qlobal şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzlərdən birinə çevrilməsində mühüm mərhələ kimi qiymətləndirildi.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın beynəlxalq tədbirlər xəritəsi son 20 ildə çox genişlənib. Ölkəmiz Eurovision, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1, UNESCO tədbirləri, qlobal forumlar və COP29 kimi müxtəlif miqyaslı tədbirlərə layiqli ev sahibliyi etməklə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq platformalarından biri kimi çıxış etməsinə və Bakı şəhərinin beynəlxalq tədbirlər mərkəzi kimi tanınmasına nail olub.
Lalə Mehralı