PDF Oxu

Əsas

  • 1 057

IV Bakı Təhlükəsizlik Forumu öz işinə başladı: gündəlikdə nə var?

image

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub. Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.

Müzakirələrdə vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.

O da qeyd olunub ki, forumun siyasi yanaşmalardakı fərqlərə baxmayaraq əməkdaşlığı təşviq etməsi ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının qorunması baxımından əhəmiyyətlidir. Beynəlxalq təhlükəsizlik sistemində transformasiya gedir; terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq halları artır. Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq mümkün deyil, bu səbəbdən etibarlı tərəfdaşlıq vacibdir.

Həmçinin, vurğulanıb ki, təhlükəsizlik təkcə sərhədlərin qorunması deyil; enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir. Kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir; silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək terrorçuluq üçün əlverişli zəmin yaradır.

O cümlədən, dünyanın istənilən regionundakı böhranların qısa müddətdə qlobal təhlükəyə çevrilə biləcəyi də qeyd olunub. Tədbirdə bildirilib ki, Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.

Məlumat üçün qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir. Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.

I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunub. Dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin qatıldığı müvafiq forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər baş tutmuşdur. “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda keçirilmiş iclas müasir Azərbaycanın banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

İştirakçılar tərəfindən tədbirə böyük marağın göstərilməsi əsas götürülərək, 2024-cü ilin sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu təşkil olunub. Forumun mövzusu ilə bağlı iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələr tərəfindən çıxışlar edilmiş, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

2025-ci ilin sentyabrın 21-də 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş III Bakı Təhlükəsizlik Forumu “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusuna həsr olunub.

Lalə Mehralı

Digər xəbərlər