PDF Oxu

Əsas

  • 937

Dünya mediası Bakı İqlim Həftəsi haqqında nə yazır?

image

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) beynəlxalq informasiya məkanının diqqət mərkəzinə düşüb. Xarici mənbələrin materiallarında əsas diqqət Azərbaycanın COP29-dan sonra qlobal iqlim dialoqunda rolunun davam etməsinə və Bakının COP31 ərəfəsində mühüm müzakirə platformasına çevrilməsinə yönəlib.

Reuters Agentliyi 7 sentyabr tarixli materialında “Baku Climate Action Week 2026 begins with focus on COP31” başlığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsinin başlanması işıqlandırılıb. Reuters tədbirin əsas diqqətinin 2026-cı ildə Antalyada keçiriləcək COP31-ə yönəldiyini vurğulayır. Materialda tədbirdən görüntülər, panel müzakirələri və müxtəlif ölkələrin nümayəndələrinin çıxışları yer alır.

Reuters-un tədbiri beynəlxalq xəbər məhsulu kimi yayması Bakıdakı iqlim müzakirələrinin artıq təkcə regional deyil, COP31-ə hazırlıq kontekstində qlobal informasiya gündəliyinə daxil olduğunu göstərir.

BMT və davamlı inkişaf sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq platformalardan biri olan IISD – SDG Knowledge Hub isə COP31-ə gedən yolun əsas mərhələləri barədə yazarkən 2026-cı ilin iqlim diplomatiyasının prioritetlərini diqqətə çatdırır. Platformanın materiallarında COP31-in əsas məqsədləri sırasında qəbul edilmiş öhdəliklərin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və praktik iqlim həllərinin səfərbər olunması göstərilir. Bakıdakı İqlim Həftəsi də məhz bu prosesin regional və beynəlxalq müzakirə platformalarından biri kimi aktuallaşır.

Bakı İqlim Fəaliyyəti Həftəsinin rəsmi beynəlxalq platformasında isə tədbirin missiyası daha geniş təqdim olunur. Rəsmi məlumata görə, BCAW 2026 7–11 sentyabr tarixlərində UNFCCC Regional İqlim Həftəsi çərçivəsində keçirilir və hökumətləri, biznes nümayəndələrini, investorları, alimləri, vətəndaş cəmiyyətini və beynəlxalq təşkilatları bir araya gətirir. Əsas məqsəd Paris Sazişi və milli iqlim öhdəliklərinin həyata keçirilməsini sürətləndirməkdir.

Xarici media və beynəlxalq platformaların diqqət yetirdiyi digər mühüm məqam isə COP29-un irsinin davam etdirilməsidir. BCAW-nin rəsmi materiallarında Bakı İqlim Fəaliyyəti Həftəsi 2024 və 2025-ci illərdə keçirilən tədbirlərin, eləcə də Azərbaycanın COP29 sədrliyi dövründə formalaşmış təşəbbüslərin davamı kimi təqdim edilir.

Hazırda beynəlxalq informasiya məkanında Bakı İqlim Həftəsi ilə bağlı əsas narrativ belə formalaşır: Azərbaycan COP29-a ev sahibliyi ilə bitməyən, əksinə davam edən iqlim diplomatiyası xətti qurmağa çalışır və Bakı COP31-ə gedən yolda dialoq, əməkdaşlıq və praktik həllərin müzakirə edildiyi platformalardan biri kimi çıxış edir.

Bununla yanaşı, tədbirin gündəliyində xüsusilə iqlim maliyyəsi, enerji keçidi, bərpaolunan enerji, süni intellekt, davamlı şəhərlər və iqlimə davamlı kənd təsərrüfatı kimi mövzular ön plana çıxır. Bu da Bakıda keçirilən müzakirələrin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret iqtisadi və texnoloji həllərə yönəldiyini göstərir.

Digər xəbərlər