Qlobal Şəhərsalma Forumunda iştirak edəcək 28.000-dən çox qonağın iştirakı ilə Bakıda keçiriləcək WUF13 (World Urban Forum) üçün son hazırlıqlar gedir. Azərbaycan infrastruktur, təhlükəsizlik və ziyarətçi xidmətləri sahəsində var qüvvəsi ilə çalışır. 40 əsas sessiyanın keçiriləcəyi və 350 tərəfdaşın rəhbərlik etdiyi tədbirdə 28.000-dən çox iştirakçının və təxminən 1000 media nümayəndəsinin iştirakı gözlənilir.
Təşkilatçılar Olimpiya Stadionunu genişmiqyaslı konfrans məkanına çevirirlər, nəqliyyat orqanları isə mobilliyi artırmaq üçün avtobus zolaqlarını və elektrik parklarını genişləndirirlər. Polis təhlükəsizlik tədbirlərini və rəqəmsal monitorinq sistemlərini artırır, turizm orqanları isə ölkənin mədəni abidələrini nümayiş etdirmək üçün xüsusi turlar hazırlayır.
World Urban Forum 13, yəni Dünya Şəhərsalma Forumu BMT-nin ən böyük urbanizasiya və şəhər inkişafı platformalarından biridir. Forum UN-Habitat tərəfindən təşkil olunur və dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, memarları, şəhərsalma mütəxəssislərini, investorları, alimləri və QHT-ləri bir araya gətirir. World Urban Forum (WUF) ilk dəfə 2001-ci ildə BMT tərəfindən yaradılıb. Məqsəd sürətlə urbanizasiya olunan dünyada şəhərlərin problemlərini və gələcəyini müzakirə etməkdir.
Forumda əsasən davamlı şəhərlər, mənzil və yaşayış problemləri, iqlim dəyişikliyi və şəhərlər, ağıllı şəhər texnologiyaları, nəqliyyat və infrastruktur, yaşıl enerji və ekologiya, sosial bərabərlik və təhlükəsiz şəhərlər, müharibədən sonra şəhərlərin bərpası müzakirə olunur.
World Urban Forum 13-ə qədər keçirilən Dünya Şəhərsalma Forumları dünyanın müxtəlif şəhərlərində təşkil olunub. İlk forum 2002-ci ildə Keniyanın paytaxtı Nairobi şəhərində keçirilib. Daha sonra forum İspaniyanın Barselona, Kanadanın Vankuver, Çinin Nankin, Braziliyanın Rio-de-Janeyro və İtaliyanın Neapol şəhərlərində davam etdirilib. Sonrakı illərdə Kolumbiyanın Medellin, Ekvadorun Kito, Malayziyanın Kuala Lumpur, BƏƏ-nin Əbu-Dabi, Polşanın Katovitse və Misirin Qahirə şəhərləri forumun ev sahibi olub. 2026-cı ildə isə 13-cü Dünya Şəhərsalma Forumu ilk dəfə olaraq Bakı şəhərində keçiriləcək.
Bu forumların hər biri urbanizasiya, davamlı şəhər inkişafı, yaşayış problemləri, iqlim dəyişikliyi və ağıllı şəhər texnologiyaları kimi mövzulara həsr olunub və müxtəlif ölkələrin şəhərsalma təcrübələrinin paylaşılması üçün beynəlxalq platforma rolunu oynayıb.
WUF13 Azərbaycanın beynəlxalq imicinə və şəhərsalma siyasətinə müsbət mənada ciddi təsir göstərə bilər. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “ağıllı şəhər” layihələrinin tanıdılması, Bakının regional urbanizasiya mərkəzi kimi təqdim olunması xarici investorların diqqətinin Bakıya cəlb edilməsi baxımından önəmlidir. Adətən belə beynəlxalq forumlarda müxtəlif dövlət rəhbərləri, nazirlər, BMT nümayəndələri, memarlar və urbanistlər, Dünya Bankı və beynəlxalq fondlar, tikinti və texnologiya şirkətləri, ekoloqlar və şəhər aktivistləri iştirak edirlər.
WUF-un əsas məqsədi şəhərləri daha yaşıl, daha təhlükəsiz, daha əlçatan, daha humanist etmək üçün müxtəlif ölkələrin təcrübəsini bölüşməkdir. Forumda qəbul olunan qərarlar hüquqi məcburiyyət daşımır, amma dünya urbanizasiya siyasətinə ciddi təsir göstərir. Xüsusilə COP29-dan sonra Azərbaycanın növbəti böyük qlobal platformaya ev sahibliyi etməsi dövlətimizin beynəlxalq imici üçün olduqca vacibdir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb