PDF Oxu

Siyasət

  • 971

Ağdamın inkişafı müasir quruculuq siyasətinin parlaq nümunəsidir

Ağdamın inkişafı müasir quruculuq siyasətinin parlaq nümunəsidir

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər ölkəmizin həyatında yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu Qələbənin mühüm nəticələrindən biri də Qarabağın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Ağdamın azadlığına qovuşmasıdır. Uzun illər işğalın ağır nəticələrini yaşayan, düşmən tərəfindən sistemli şəkildə dağıdılan şəhər bu gün yenidən qurulur, müasir inkişaf yoluna qədəm qoyur. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında yalnız azadlığın deyil, həm də dövlətçilik iradəsinin, milli birliyin və doğma torpaqlara sahib çıxmaq əzminin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını strateji prioritet kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir.1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Ağdamı işğal etməsi rayonun inkişafına ağır zərbə vurdu. İşğal nəticəsində ərazinin 73 faizi, o cümlədən rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçdi, 128 min nəfər doğma evindən didərgin düşdü. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu. Ermənistanın işğal siyasəti nəticəsində şəhərin yaşayış infrastrukturu, tarixi və dini abidələri, təhsil və mədəniyyət müəssisələri dağıdıldı, maddi sərvətləri talan edildi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan çıxarılması tələb olunsa da, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədi. Şəhərin xarabalığa çevrilməsi, tarixi-mədəni irsinin məhv edilməsi erməni vandalizminin miqyasını nümayiş etdirən acı həqiqət kimi yadda qaldı.Lakin xalqımızın torpaq sevgisi, mübarizə əzmi və dövlətimizin qətiyyətli siyasəti işğalın nəticələri ilə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ərazi bütövlüyünün bərpasına yol açdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdamın işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Bu hadisə xalqımızın uzun illər davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm dönüş nöqtəsi oldu. Ağdamın azad edilməsi dövlətimizin siyasi və diplomatik gücünün, Ali Baş Komandanın qətiyyətinin və Azərbaycan Ordusunun yaratdığı yeni reallıqların nəticəsi idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi və minlərlə hərbi qulluqçunun bu medalla təltif olunması şəhərin azadlığı uğrunda xidmət göstərən qəhrəmanların fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsini təcəssüm etdirir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi günün əhəmiyyətini bir daha ön plana çıxarır.Ağdamın azad edilməsindən sonra qarşıya qoyulan əsas vəzifə şəhərin iqtisadi və sosial həyatının yenidən formalaşdırılması, əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması və müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə təsdiqlənmiş Baş plan əsasında genişmiqyaslı layihələr həyata keçirilir. 2040-cı ilədək inkişaf strategiyasını müəyyənləşdirən sənədə uyğun olaraq şəhərdə yaşayış məhəllələri, təhsil və səhiyyə müəssisələri, ictimai məkanlar, parklar, yollar və mühəndis-kommunikasiya sistemləri qurulur. Ağdamın gələcəkdə 100 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası, digər kəndlərdə tikinti işlərinin aparılması dövlətin quruculuq siyasətinin geniş miqyasının göstəricisidir. Bu prosesdə əsas məqsəd yalnız dağıdılmış binaları yenidən inşa etmək deyil, insanların bütün zəruri xidmətlərlə təmin olunduğu, iqtisadi fəallığın və sosial rifahın yüksək olduğu yaşayış mühiti yaratmaqdır.Ağdamın iqtisadi inkişafı baxımından sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrinin paralel inkişafı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı Qarabağda yeni istehsal ənənələrinin formalaşmasına xidmət edir. 190 hektar ərazini əhatə edən parkda tikinti materialları, qida məhsulları, müxtəlif sənaye məhsulları və digər istiqamətlər üzrə müəssisələr yaradılır. Burada sahibkarlıq fəaliyyətinin genişlənməsi, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması Ağdamın iqtisadi potensialının reallaşdırılmasına mühüm töhfə verir. Digər tərəfdən, Bərdə–Ağdam dəmir yolu xəttinin və müasir avtomobil yollarının yaradılması bölgənin nəqliyyat əlaqələrini gücləndirir.Ağdamın yenidən doğuluşunda mədəni irsin qorunması da xüsusi yer tutur. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi abidələrin bərpası, dini və mədəni məkanların yenidən qurulması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksində aparılan işlər və Muğam Mərkəzinin yaradılması şəhərin tarixi-mədəni simasının yenidən formalaşmasına xidmət edir. Eyni zamanda, “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi turizm və xidmət sektorunun inkişafına yeni imkanlar yaradır. Ağdamın zəngin tarixi, mədəniyyəti və Qarabağın əlverişli coğrafi mövqeyi gələcəkdə onun turizm baxımından da cəlbedici məkana çevrilməsinə imkan verir.Ağdamın bugünkü mənzərəsi Azərbaycanın güclü dövlətçilik iradəsinin və milli həmrəyliyinin real nəticəsidir. Bir zamanlar işğalın ağır izlərini daşıyan şəhər indi müasir inkişaf modelinə uyğun yenidən qurulur, iqtisadi və mədəni potensialını bərpa edir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın Zəfər tarixini, şəhidlərin fədakarlığını, dövlətimizin qətiyyətini və doğma yurda bağlılığını özündə birləşdirir. Bu gün Ağdamın hər bir küçəsində, yeni tikilən binasında və istifadəyə verilən obyektində Azərbaycanın gələcəyə hesablanmış quruculuq siyasətinin izləri görünür. Ağdam yenidən yaşayır, inkişaf edir və Qarabağın gələcəyində mühüm mövqeyini bərpa edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər