PDF Oxu

MİA

  • 942

Dünyanın soyuducusu xarab olub - SOS

image

Dünyanın getdikcə iqlimlə bağlı problemlərinin artması bütün canlı aləmi təhlükəyə atır. İqlim məsələləri üzrə ekspertlər, alimlər qış mövsümü ilə bağlı standartların dəyişdiyini, Arktikanın yeni standartlarının formalaşdığını deyirlər. "Dünyanın soyuducusu" kimi tanınan bölgənin qlobal orta göstəricidən dörd dəfə sürətlə isindiyini bildirilir.

Alimlərin bildirdiyinə görə, Arktika bu il tarixinin rekord isti ilini ​​yaşayıb, dəniz buzları kiçilib, dünyanın şimal enlikləri iqlim böhranı səbəbindən daha yağışlı və daha az buzlu olmağa doğru sürətlə dəyişib. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bütün Arktika bölgəsində temperatur müasir qeydlərin aparıldığı ümumi 125 ilin ən isti ili olub, həmçinin son onillik Arktikada qeydə alınan ən isti 10 il olub.

Qalıq yanacaqlarının yandırılması, atmosferə çox miqdarda CO2 atılması səbəbindən Arktika qlobal orta göstəricidən dörd dəfəyə qədər sürətlə qızır və bu əlavə istilik planetin qalan hissəsi üçün əsas iqlim tənzimləyicisi rolunu oynayan Arktikanı, yəni dünyanın soyuducusunu deformasiya edir. NOAA-nın illik Arktika hesabatda bildirdiyinə görə, 2025-ci ildə dəniz buzunun maksimum həcmi 47 illik peyk rekordunun ən aşağı səviyyəsi olub. Bu, Arktikanın daha isti və yağışlı olması ilə 1980-ci illərdən bəri bölgənin ən qədim və ən qalın buzunun 95%-dən çox azalması ilə uzunmüddətli bir tendensiyanın son əlamətidir. Bu il Arktikada rekord yağıntı ili oldu. Bunun çox hissəsi qar şəklində çökmür. Bu gün Arktika üzərində iyun ayında qar örtüyü 60 il əvvəlkindən iki dəfə azdır.

“Bu il tarixdə ən isti il ​​oldu və ən çox yağıntı düşdü - bu iki hadisənin bir ildə baş verməsi təhlükəlidir”, - deyə Kolorado Universitetinin Milli Qar və Buz Məlumat Mərkəzinin Arktika üzrə alimi və Arktika hesabat kartının redaktoru Metyu Lenqdon Drukenmiller bildirib. O deyib ki, bu ilki vəziyyət gələcəkdə nələrin baş verəcəyi barədə proqnozlar verir.

Alimlər müstəsna istiliyin qışda özünü göstərməsi və ən soyuq aylarda Arktikada dəniz buzunun illik artımına təsir etməsinə təəccübləniblər. Son bir ayda dəniz buzunun həcmi tarixdə ən aşağı olub və bu, potensial olaraq gələn il dəniz buzunun daha da azalacağının bir xəbərçisidir. Drukenmiller deyib: “Dəniz buzunda davamlı azalma müşahidə olunur və təəssüf ki, indi hətta qışda belə yağış görürük. Qışın ortasında, Arktikanın soyuq olacağını gözlədiyimiz zaman dəyişikliklər görürük. Arktikada qışın bütün konsepsiyası yenidən müəyyənləşdirilir.”

Bu dəyişikliklər Arktikada insanlar və vəhşi təbiət tərəfindən kəskin şəkildə hiss olunur. Qarın üzərinə səyahət edən insanlar üçün daha sürüşkən və təhlükəli şərait yaradır. Buzlaqların geri çəkilməsi, bu il Alyaskanın Cuno şəhərində müşahidə olunduğu kimi, potensial təhlükəli daşqınlara da səbəb ola bilər.

Dəniz buzlarının itirilməsi qaranlıq okeanın geniş ərazilərini açır və qlobal temperaturu artıran istiliyi əks etdirmək əvəzinə, daha çox udur. Əriyən dəniz buzlarının özü dənizlərin qalxmasına səbəb olmasa da, quruda yerləşən buzlaqların itirilməsi təhlükəlidir. NOAA-nın məlumatına görə, nəhəng Qrenlandiya buz təbəqəsi 2025-ci ildə 129 milyard ton buz itirib. Bu, dəniz səviyyəsinin qalxmasına əlavə olaraq sahil şəhərlərini gələcək nəsillər üçün təhlükə altına alacaq.

"Arktikanın istiləşməsinin təsirlərini görürük", - deyə "Climate Central"ın iqlim üzrə alimi Zak Labe bildirib. “Sahil şəhərləri dəniz səviyyəsinin yüksəlməsinə hazır deyil, biz Arktikada balıqçılığı tamamilə dəyişdirmişik ki, bu da dəniz məhsulları üçün ərzaq qiymətlərinin artmasına gətirib çıxarır. Biz Arktikanı uzaq bir yer kimi təsəvvür edə bilərik, amma oradakı dəyişikliklər dünyanın qalan hissəsinə təsir göstərir.”

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər