PDF Oxu

Siyasət

  • 701

Ekran uşaqların gələcəyinə açılan vasitə olmalıdır, onların uşaqlığını əvəz edən dünyaya çevrilməməlidir

Ekran uşaqların gələcəyinə açılan vasitə olmalıdır, onların uşaqlığını əvəz edən dünyaya çevrilməməlidir

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova müasir texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə uşaqların rəqəmsal mühitlə münasibətinin düzgün formalaşdırılmasının vacibliyinə diqqət çəkib.

Birlik sədrinin sözlərinə görə, texnologiya müasir təhsilin, informasiya əldə etməyin və dünyagörüşünün genişlənməsinin mühüm vasitəsi olsa da, onun nəzarətsiz və həddindən artıq istifadəsi uşaqların təbii inkişaf prosesinə mənfi təsir göstərə bilər.

Bu gün bir çox məktəblinin asudə vaxtının böyük hissəsi telefon, planşet və digər elektron cihazların qarşısında keçir. Nəticədə canlı ünsiyyət, mütaliə, idman, yaradıcılıq və sosial fəaliyyətlər bəzən ikinci plana keçir.

Uşaqlıq insan həyatının təkrarolunmaz, ən qiymətli mərhələsidir. Bu dövr ünsiyyət, yaradıcılıq, hərəkət, öyrənmə və kəşf etməklə zənginləşməlidir. Biz gələcəyin sağlam, savadlı, yaradıcı və milli-mənəvi dəyərlərinə bağlı nəslini yetişdirmək istəyiriksə, bu məsələyə daha həssas yanaşmalıyıq.

Birlik sədrinin fikrincə, uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə münasibətdə əsas məqsəd onları müasir dünyanın imkanlarından təcrid etmək deyil, düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır. Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli təşkili, maraq və bacarıqlarına uyğun fəaliyyətlərə cəlb edilməsi vacibdir.

Uşaqların hərtərəfli inkişafı yalnız təhsil göstəriciləri ilə ölçülə bilməz. Onların mənəvi dünyasının zənginləşdirilməsi, estetik zövqünün formalaşdırılması, milli-mədəni irsə bağlılığının gücləndirilməsi və yaradıcı potensialının üzə çıxarılması da mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan incəsənətin imkanları xüsusi qeyd olunmalıdır. Musiqi, rəssamlıq, teatr, rəqs və digər yaradıcı fəaliyyətlər uşaqların asudə vaxtını səmərəli keçirməsinə, şəxsiyyət kimi formalaşmasına, özünüifadə bacarıqlarının inkişafına, ünsiyyət və əməkdaşlıq vərdişlərinin möhkəmlənməsinə xidmət edir.

Məktəblilərin zərərli vərdişlərdən və rəqəmsal mühitin mənfi təsirlərindən qorunması, onların sağlam və hərtərəfli inkişafının təmin edilməsi ailə və təhsil müəssisələrinin, eləcə də müvafiq dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdəndir. Bu məsələ gələcəyin insan kapitalının formalaşdırılması baxımından ümumi ictimai məsuliyyət kimi dəyərləndirilməlidir.

Azərbaycan dövlətinin gənc nəslin hərtərəfli inkişafına, təhsilin, mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasəti fonunda uşaqların sağlam həyat tərzinə təşviqi xüsusi aktuallıq kəsb edir. Müasir, rəqabətqabiliyyətli və intellektual nəslin yetişməsi üçün rəqəmsal biliklərlə yanaşı, mənəvi zənginlik, yaradıcı düşüncə və sosial fəallıq da təşviq olunmalıdır.

Birlik sədri bildirib ki, uşaqlara sadəcə telefon və planşetdən uzaq durmağı tövsiyə etmək kifayət deyil. Onların qarşısında daha maraqlı, faydalı və cəlbedici alternativlər yaratmaq lazımdır. İdman meydançalarının, yaradıcılıq dərnəklərinin, musiqi və incəsənət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi bu baxımdan mühüm rol oynaya bilər.

Biz uşaqlarımızı yalnız texnologiyadan istifadə edən deyil, texnologiyanı idarə etməyi bacaran, düşünən, yaradan, milli-mənəvi dəyərlərinə bağlı və cəmiyyətə fayda verən şəxsiyyətlər kimi görmək istəyirik. Unutmamalıyıq ki, güclü dövlətin, sağlam cəmiyyətin və parlaq gələcəyin təməli bu gün yetişdirdiyimiz nəsildir. Uşaqların uşaqlığını qorumaq isə hər birimizin mənəvi və ictimai borcudur. Ekran uşaqların gələcəyinə açılan vasitə olmalıdır, onların uşaqlığını əvəz edən dünyaya çevrilməməlidir.

Turanə Orucova

İncəsənətin Tərəqqisinə Dəstək İB-nin sədri

Digər xəbərlər