PDF Oxu

Siyasət

  • 223

Konstitusiya – müstəqil Azərbaycanın dövlətçilik manifesti - ŞƏRH

Konstitusiya – müstəqil Azərbaycanın dövlətçilik manifesti - ŞƏRH

Hər bir xalqın tarixində elə sənədlər var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir dövlətin taleyini müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənəddir. Xalqımızın əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrinin, müstəqillik arzusunun, milli iradəsinin və gələcəyə inamının hüquqi ifadəsi olan Konstitusiyamız bu gün müstəqil dövlətimizin möhkəm təməlini, suverenliyimizin hüquqi təminatını, milli birliyimizin və inkişafımızın əsas dayağını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir” fikri əsas qanunumuzun mahiyyətini və tarixi missiyasını dolğun şəkildə ifadə etməklə yanaşı, onun milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətini də aydın göstərir. Azərbaycanın konstitusiya quruculuğu xalqımızın zəngin dövlətçilik tarixi ilə sıx bağlıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk demokratik respublikalardan birinin əsası qoyulmuş, milli dövlətçilik düşüncəmiz yeni mərhələyə yüksəlmişdir. Lakin müstəqil Azərbaycanın müasir hüquqi əsaslarının formalaşdırılması dövlət müstəqilliyimizin bərpasından sonra mümkün olmuş, bu istiqamətdə atılan addımlar ölkənin gələcək inkişafının əsasını təşkil etmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşdiyi, müstəqilliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin həyati əhəmiyyət daşıdığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edərək siyasi sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqil dövlət quruculuğunun hüquqi əsaslarının yaradılmasına nail oldu.
Məhz Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən birinə çevrildi. Bu, sadəcə, yeni hüquqi sənədin qəbulu deyil, müstəqil Azərbaycanın öz gələcəyini özü müəyyənləşdirmək iradəsinin, demokratik və hüquqi dövlət qurmaq əzminin, xalqın milli suverenlik istəyinin təntənəsi idi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Həqiqətən də, Konstitusiyamız dövlətin idarəçilik sistemini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının qorunmasını, qanunun aliliyini, vətəndaş cəmiyyətinin inkişafını və milli suverenliyin təmin edilməsini dövlət quruculuğunun başlıca prinsipləri kimi təsbit edir. Sonrakı illərdə əsas qanuna edilmiş əlavə və dəyişikliklər də ölkəmizin inkişaf edən reallıqlarına uyğun olaraq hüquqi sistemin təkmilləşdirilməsinə, demokratik institutların möhkəmləndirilməsinə və dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir. Konstitusiyanın aliliyinin təmin olunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də xüsusi yer tutur. 1998-ci il iyulun 14-də fəaliyyətə başlayan bu məhkəmə orqanı konstitusion nəzarəti həyata keçirməklə qanunvericiliyin əsas qanuna uyğunluğunun təmin edilməsinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə mühüm töhfə verir. Çünki hüquqi dövlətin gücü yalnız qanunların mövcudluğu ilə deyil, onların dönmədən tətbiqi, aliliyinin qorunması və hər kəs üçün eyni hüquqi qüvvəyə malik olması ilə ölçülür.

Azərbaycanın müasir tarixində Konstitusiya və suverenlik anlayışları xüsusi məna kəsb edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyət daşıyırdı. Konstitusiyamızın qəbulunun 30-cu, Vətən müharibəsində tarixi Qələbəmizin isə 5-ci ildönümünün qeyd olunduğu həmin il dövlətçilik tariximizin mühüm mərhələlərini, milli müstəqilliyimizin və suverenliyimizin əhəmiyyətini vahid məfkurə ətrafında birləşdirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açdı. Bu tarixi hadisələr müstəqilliyimizin, milli birliyimizin və ərazi bütövlüyümüzün nə qədər böyük dəyər olduğunu bir daha nümayiş etdirməklə yanaşı, Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real həyatda tam təmin edilməsini də şərtləndirdi. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən dövlət kimi yeni inkişaf mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi ölkəmizin qarşısında yeni perspektivlər açır, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının reallaşdırılması isə suverenliyimizin yaratdığı imkanların real təcəssümünə çevrilir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü bizə bir daha xatırladır ki, müstəqillik yalnız qazanılmış tarixi nailiyyət deyil, həm də qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi vacib olan milli sərvətdir. Konstitusiyaya hörmət, qanunun aliliyinə riayət, vətəndaş hüquqlarının qorunması və dövlət qarşısında məsuliyyət hər birimizin vətəndaşlıq borcu olmaqla, güclü dövlət və hüquqi cəmiyyət quruculuğunun əsas şərtlərindəndir. Bu əlamətdar günün mahiyyəti bir həqiqətdə ifadə olunur: Konstitusiyamız dövlətçiliyimizin hüquqi sütunu, müstəqilliyimizin təminatı, suverenliyimizin rəmzi və gələcəyimizin yol xəritəsidir. Onun müəyyən etdiyi dəyərlərə sədaqət göstərmək, milli dövlətçiliyimizi qorumaq və daha qüdrətli Azərbaycan naminə çalışmaq hər birimizin qarşısında duran mühüm vəzifədir.
Çünki güclü dövlətin təməlində möhkəm Konstitusiya, möhkəm Konstitusiyanın arxasında isə öz dövlətinə sahib çıxan xalq dayanır!

Aynur Şərif
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər