PDF Oxu

Siyasət

  • 339

Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçilik tariximizin möhtəşəm hüquqi təməli - ŞƏRH

Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçilik tariximizin möhtəşəm hüquqi təməli - ŞƏRH

Hər bir müstəqil dövlətin möhkəm təməllər üzərində inkişaf etməsində onun Konstitusiyası müstəsna əhəmiyyət daşıyır. Konstitusiya dövlətin idarəçilik sistemini, cəmiyyətin hüquqi əsaslarını, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqilliyinin, suverenliyinin və demokratik inkişafının əsas hüquqi təminatıdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş bu tarixi sənəd müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası ölkənin tarixi, siyasi, hüquqi xüsusiyyətlərini, milli dövlətçilik ənənələrini və beynəlxalq hüquq normalarını nəzərə alaraq müasir Konstitusiya layihəsi hazırlamışdır. Bu sənəddə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsipləri öz əksini tapmışdır.
Konstitusiyanın əsas məqsədlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin etmək, dövlət hakimiyyətinin fəaliyyətini hüquqi çərçivədə tənzimləmək və cəmiyyətdə qanunun aliliyini möhkəmləndirməkdir. Sənəddə hakimiyyət bölgüsü prinsipi, dövlət orqanlarının səlahiyyətləri, yerli özünüidarəetmə, mülkiyyət hüququ və digər mühüm məsələlər hüquqi baxımdan müəyyən edilmişdir. Bu müddəalar ölkədə ictimai-siyasi sabitliyin qorunmasına və davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildiyi gündən etibarən ölkənin siyasi, iqtisadi və hüquqi həyatında mühüm dəyişikliklərin həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır. Müxtəlif dövrlərdə referendum yolu ilə Konstitusiyaya edilmiş dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi mexanizmlərin müasir tələblərə uyğunlaşdırılmasına və ictimai münasibətlərin inkişafına istiqamətlənmişdir. Bununla da Konstitusiya zamanın tələblərinə uyğun inkişaf edən mühüm hüquqi sənəd kimi öz əhəmiyyətini qoruyub saxlamışdır.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimizin əsas dayaqlarından biri, xalqımızın hüquqi düşüncəsinin və müstəqillik iradəsinin təcəssümüdür. Hər il 12 noyabr tarixinin Konstitusiya Günü kimi qeyd olunması bu mühüm sənədin dövlət və cəmiyyət həyatındakı əhəmiyyətini bir daha xatırladır. Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması və hüquqi dövlət prinsiplərinin qorunması hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətdir.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər