Payız gələndə şəhərin küçələrində qəribə bir mənzərə yaranır. Ağacların yarpaqları saralır, parkların yolları rəngbərəng örtüyə bürünür, havada torpaq və qurumuş yarpaq qoxusu hiss olunur. İnsanlar bu mənzərəni seyr etməyi, şəkillər çəkməyi, payızın gözəlliyindən danışmağı sevirlər. Ancaq bir neçə gün sonra həmin yarpaqlar süpürülür, daşınır, bəzən də yandırılır. Təbiətin yaratdığı mənzərə qısa müddətdə aradan qaldırılmalı olan tullantı kimi qəbul edilir.Halbuki ağacdan tökülən yarpaq təbiətdə lazımsız material deyil. O, torpağın üzvi maddələrlə zənginləşməsində, nəmliyin qorunmasında və kiçik canlıların yaşayış mühitinin formalaşmasında iştirak edir. Yarpaqların hamısının dərhal yığışdırılması bəzi yaşıllıq sahələrində təbii proseslərin pozulmasına səbəb ola bilər. Əlbəttə, piyada yollarında və nəqliyyatın hərəkət etdiyi ərazilərdə təmizlik vacibdir. Lakin parkların, ağacların dibinin və təbii sahələrin hər yerini eyni qaydada təmizləmək ekoloji baxımdan həmişə doğru yanaşma deyil.Əslində, biz təbiətin yalnız səliqəli görünən tərəfini sevirik. Çiçəklənən ağac xoşumuza gəlir, amma tökülən yarpaqlarını görmək istəmirik. Yazda yaşıllıq arzulayırıq, payızda isə həmin yaşıllığın təbii dəyişməsini aradan qaldırmağa çalışırıq. Qışda ağacların çılpaq budaqları bizə mənzərənin kasadlaşması kimi görünür. Halbuki bütün bunlar təbiətin öz ritmidir.Bu münasibət yalnız yarpaqlarla məhdudlaşmır. Şəhər mühitində təbiətin müəyyən edilmiş çərçivələr daxilində qalmasını istəyirik. Ağacın budağı yolun üzərinə əyiləndə onu kəsmək, çiçək özbaşına bitəndə sahəni təmizləmək, torpaq görünəndə onu betonla örtmək daha rahat seçim hesab olunur. Beləcə, canlı və dəyişən təbiət əvəzinə daim eyni görünüşdə saxlanılan süni mənzərəyə üstünlük veririk.Digər tərəfdən, tökülmüş yarpaqların idarə olunması tullantı məsələsi kimi deyil, ekoloji yanaşmanın bir hissəsi kimi qiymətləndirilməlidir. Uyğun sahələrdə yarpaqlardan kompost hazırlanması, torpağın münbitliyinin artırılması və yaşıllıqlara təbii qulluq məqsədilə istifadə edilməsi mümkündür. Bunun üçün şəhər təsərrüfatında da daha məqsədyönlü yanaşma tələb olunur.Təbiət bizdən hər zaman ideal görünüş yaratmağı istəmir. O, dəyişir, yenilənir, bəzən quruyur, bəzən yenidən çiçəklənir. İnsan isə çox vaxt bu dəyişiklikləri qəbul etmək əvəzinə öz rahatlığına uyğunlaşdırmağa çalışır. Halbuki təbiətlə yaşamağın əsas şərtlərindən biri onun bütün fəsillərinə və təbii proseslərinə hörmətlə yanaşmaqdır.Bəlkə də, payızın bizə verdiyi ən maraqlı dərs elə budur: hər tökülən yarpaq itki deyil, bəzən torpağın gələcək bahar üçün hazırlığıdır. Təbiəti qorumaq onun yalnız gözəl göründüyü vaxtlarda deyil, dəyişdiyi və öz təbii dövrünü yaşadığı anlarda da ona yer verməkdir.
Müəllif: Günel Fərzəliyeva