PDF Oxu

Siyasət

  • 362

Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətçiliyimizin təminatıdır - ŞƏRH

Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətçiliyimizin təminatıdır - ŞƏRH

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı ən mühüm addımlardan birini, xalqın öz gələcəyini müəyyənləşdirmək iradəsini və dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsini özündə əks etdirir. Konstitusiya hər bir dövlətin əsas qanunu olmaqla, onun idarəçilik sistemini, dövlət orqanlarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyası isə xalqımızın milli dövlətçilik ənənələrini, müstəqillik ideallarını və demokratik inkişaf məqsədlərini özündə birləşdirən mühüm hüquqi sənəddir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında dayanan əsas vəzifələrdən biri müstəqil dövlətin hüquqi əsaslarını yaratmaq, dövlət idarəçiliyini müasir tələblərə uyğun formalaşdırmaq və qanunun aliliyini təmin etmək idi. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi və iqtisadi çətinliklər, dövlət idarəçiliyindəki qeyri-sabitlik və hüquqi sistemin yenidən qurulması zərurəti yeni Konstitusiyanın qəbulunu qaçılmaz edirdi. Məhz belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması istiqamətində mühüm işlərə başlanıldı.
1995-ci ilin may ayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradıldı. Komissiyanın qarşısında müstəqil Azərbaycanın milli maraqlarını, dövlətçilik ənənələrini və beynəlxalq hüququn ümumtanınmış prinsiplərini özündə əks etdirən mükəmməl Əsas Qanunun hazırlanması vəzifəsi dayanırdı. Layihənin hazırlanması zamanı dünya ölkələrinin konstitusiya təcrübəsi öyrənildi, müasir hüquqi dövlət quruculuğunun prinsipləri nəzərə alındı və sənəd geniş ictimai müzakirəyə təqdim edildi.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1995-ci il noyabrın 27-də qüvvəyə minən bu mühüm sənəd Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini yaratdı. Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla, dövlət quruluşunun əsaslarını, hakimiyyət bölgüsü prinsipini, insan və vətəndaş hüquq və azadlıqlarını, eləcə də dövlətin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsində xidmətləri yalnız yeni Əsas Qanunun qəbul edilməsi ilə məhdudlaşmır. Onun rəhbərliyi ilə ölkədə hüquqi islahatların aparılması, dövlət institutlarının formalaşdırılması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər qanunun aliliyini dövlətçiliyin əsas şərtlərindən biri hesab edir, hər bir vətəndaşın hüquqlarının qorunmasını müstəqil dövlətin başlıca vəzifələrindən sayırdı.
Heydər Əliyevin dövlətçilik fəaliyyətində hüquqi prinsiplərə və milli dəyərlərə münasibəti hələ sovet dövründə də özünü göstərmişdi. Belə ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması zamanı onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik tariximizdə mühüm hadisə olmuşdur. Bu addım Azərbaycan dilinin və milli kimliyimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmin tarixi mövqe müstəqillik dövründə də milli dövlətçilik prinsiplərinin əsas istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli fərmanına əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Bu qərar Əsas Qanunun dövlət və cəmiyyət həyatındakı mühüm rolunun bir daha təsdiqi idi.
Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Konstitusiyanın və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, hüquqi sistemin müasirləşdirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirmişdir. Onun rəhbərliyi dövründə ölkənin sürətli inkişafı, beynəlxalq nüfuzunun artması və yeni ictimai-siyasi reallıqlar Konstitusiyanın bəzi müddəalarının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir.
Bu istiqamətdə mühüm hadisələrdən biri 2009-cu il martın 18-də keçirilən ümumxalq referendumu olmuşdur. Referendum nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, sosial dövlət prinsiplərinin inkişafı və cəmiyyətin yeni tələblərinə uyğun hüquqi mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyət daşıyırdı.
İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendum isə Konstitusiya quruculuğu tarixində növbəti mühüm mərhələ oldu. Ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna bir sıra əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər sırasında vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin yeddi ilə çatdırılması, eləcə də dövlət idarəçiliyinin və hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müddəalar yer aldı. Həmin islahatlar ölkənin idarəçilik sistemində yeni institusional mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
İlham Əliyevin rəhbərliyi dövründə hüquqi dövlət quruculuğu ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı, dövlət institutlarının gücləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi, şəffaflığın artırılması və vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bu fəaliyyət dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına və hüquqi münasibətlərin daha səmərəli təşkilinə xidmət etmişdir.
Konstitusiyanın əsas prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Azərbaycan Respublikasının Əsas Qanununda hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər fundamental hüquqları təsbit edilmişdir. Bu hüquqların qorunması demokratik cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Konstitusiya eyni zamanda dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu bəyan edir və xalqın öz iradəsini azad şəkildə ifadə etmək hüququnu təsbit edir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını da ali məqsədlərdən biri kimi müəyyən edir. Bu baxımdan Əsas Qanun yalnız hüquqi sənəd deyil, həm də milli birliyin, dövlətçilik şüurunun və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də möhkəm hüquqi əsaslarla, qanunlara hörmətlə və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi ilə ölçülür.
Bu gün Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, hüquqi sistemin təkmilləşdirilməsi və milli maraqların müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu strategiyası və İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar müstəqil Azərbaycanın inkişaf tarixində mühüm yer tutur. Hər iki dövlət xadiminin fəaliyyətində ölkənin müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması məsələləri xüsusi əhəmiyyət daşımışdır.
12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşına hüquq və vəzifələrini, dövlət qarşısında məsuliyyətini və milli dəyərlərə bağlılığını xatırladır. Bu günün qeyd olunması həm də gənc nəslin hüquqi biliklərinin artırılması, Konstitusiyaya hörmət ruhunda tərbiyə edilməsi və qanunun aliliyinin cəmiyyətdə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir vətəndaş Konstitusiyanın müddəalarına hörmət etməli, öz hüquqlarını bilməli və başqalarının hüquqlarına hörmətlə yanaşmalıdır.

Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər