PDF Oxu

Siyasət

  • 335

Müstəqil dövlətçiliyin hüquqi təməli: Azərbaycan Konstitusiyasının tarixi və əhəmiyyəti - ŞƏRH

Müstəqil dövlətçiliyin hüquqi təməli: Azərbaycan Konstitusiyasının tarixi və əhəmiyyəti - ŞƏRH

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsi ilə yanaşı, milli dövlətçilik ənənələrinin yeni siyasi və hüquqi mərhələdə davam etdirilməsini, dövlət müstəqilliyinin möhkəm hüquqi əsaslar üzərində qurulmasını ifadə edir. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin inkişafında yeni bir mərhələnin başlanğıcı olmaqla, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisədir.

Azərbaycanın konstitusiya quruculuğu tarixinə nəzər saldıqda görürük ki, bu proses mürəkkəb tarixi şəraitdə formalaşıb. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadığından dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş, sonrakı illərdə SSRİ-nin konstitusiya dəyişikliklərinə uyğun olaraq yeni redaksiyalarla əvəzlənmişdir. Bu dövrün diqqətçəkən hadisələrindən biri isə 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyası ilə bağlıdır. Həmin sənədin hazırlanması zamanı Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Bu, sovet ideologiyasının hökm sürdüyü bir şəraitdə milli kimliyin və dilimizin qorunması istiqamətində atılmış mühüm addım idi.
Müstəqilliyin bərpasından sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri suveren dövlətin yeni hüquqi əsaslarını yaratmaq idi. 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Belə bir şəraitdə dövlət idarəçiliyinin möhkəm hüquqi prinsiplər əsasında qurulması, insan hüquq və azadlıqlarının təmin edilməsi, hakimiyyət qollarının səlahiyyətlərinin müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Məhz bu zərurət müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasını tarixi tələbə çevirmişdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlərə başlanıldı. Onun sədrliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə ümumxalq müzakirəsinə təqdim edildi. Heydər Əliyev yeni Əsas Qanunun mahiyyətini belə ifadə edirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” Bu yanaşma Konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də müstəqil dövlətin gələcək inkişafını müəyyənləşdirən fundamental siyasi sənəd kimi nəzərdə tutulduğunu göstərirdi.
Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun ölkəmizdə yeni dövlət quruculuğu mərhələsinin hüquqi təməlini yaratdı. 12 noyabr tarixinin Konstitusiya Günü kimi qeyd edilməsi isə 1996-cı il noyabrın 1-də imzalanmış Prezident Fərmanı ilə müəyyənləşdirildi.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, demokratik quruluşu təmin etməyi, hüquqi və dünyəvi dövlət quruculuğunu, qanunun aliliyini və vətəndaş cəmiyyətinin inkişafını əsas strateji məqsədlər kimi müəyyənləşdirdi. Əsas Qanunun mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırmasıdır. Burada hər kəsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ, təhsil, əmək və digər fundamental hüquqlar təsbit olunub. Bu müddəalar vətəndaşın dövlət qarşısındakı mövqeyini deyil, ilk növbədə dövlətin vətəndaş qarşısında məsuliyyətini müəyyənləşdirən mühüm hüquqi prinsiplərdir.
Konstitusiyanın əhəmiyyəti onun qəbul edilməsi ilə məhdudlaşmır. Cəmiyyətdə baş verən dəyişikliklər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yeni inkişaf tələbləri Əsas Qanuna zaman-zaman əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya mühüm dəyişikliklər edilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində yeni hüquqi mexanizmlər formalaşdırılmışdır. 2016-cı il referendumunun mühüm yeniliklərindən biri Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi olmuşdur.
Bu gün Azərbaycan Konstitusiyası ölkənin siyasi, iqtisadi və sosial inkişafının hüquqi əsaslarını müəyyən edən fundamental sənəd kimi öz əhəmiyyətini qoruyur. Dövlətin gücü yalnız onun iqtisadi imkanları, beynəlxalq nüfuzu və hərbi qüdrəti ilə deyil, həm də hüquqi sisteminin möhkəmliyi, qanunun aliliyinə münasibəti və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi ilə ölçülür. Bu baxımdan Konstitusiya dövlətlə cəmiyyət arasında münasibətlərin əsas hüquqi çərçivəsini müəyyən edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində tarixi rol oynayıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və ümumbəşəri prinsiplərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
12 Noyabr – Konstitusiya Günü hər bir vətəndaşa dövlət müstəqilliyimizin hüquqi əsaslarını, milli dövlətçilik tariximizi və Əsas Qanunun cəmiyyət həyatındakı əhəmiyyətini bir daha xatırladır. Konstitusiyaya hörmət, onun norma və prinsiplərinə əməl olunması, hüquqi dövlət və vətəndaş məsuliyyəti anlayışlarının möhkəmləndirilməsi hər birimizin üzərinə düşən vəzifədir. Çünki güclü dövlətin təməlində yalnız mükəmməl qanunlar deyil, həmin qanunlara hörmət edən, hüquq və vəzifələrini dərk edən məsuliyyətli vətəndaş cəmiyyəti dayanır.

Elnur Hüseynli
YAP Biləsuvar rayon təşkilatı 20 saylı şəhər ərazi partiya təşkilatının sədri

Digər xəbərlər