"Türkiyə Prezidenti Azərbaycanın tarixi qələbəsinin altıncı ildönümünü Azərbaycan torpağında, Qarabağda qeyd etməklə iki ölkənin həm çətin günlərdə, həm də qələbə və quruculuq dövründə bir yerdə olduğunu nümayiş etdirdi".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.O bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən müttəfiqlik münasibətləri yalnız siyasi sənədə deyil, ortaq tarixə, milli maraqlara və qarşılıqlı etimada əsaslanır:"Qarşılıqlı səfərlərin ardıcıllığı xüsusi diqqət çəkir. Belə ki, 8 noyabr Türkiyə Prezidenti Zəfər Günü münasibətilə Şuşaya gəlir və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirir. 10 noyabr Prezident İlham Əliyev Türkiyə Prezidenti R.T.Ərdoğanın dəvəti ilə Türkiyəyə, COP31 Liderlər Sammitində iştirak etmək üçün Antalyaya səfər edir.Bu ardıcıllıq qarşılıqlı siyasi hörmətin, yüksək səviyyəli dialoqun və münasibətlərin davamlılığının nümayişidir. Eyni zamanda, iki liderin bir-birinin ev sahibliyi etdiyi mühüm tədbirlərdə iştirak etməsi münasibətlərin qarşılıqlı xarakterini göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrdə iki ölkə arasında müəyyən məsələlərlə bağlı ictimai müzakirələr, dezinformasiya və sosial media kampaniyaları münasibətlərdə gərginlik yaratmağa hədəflənmişdi. Bu fonda liderlərin açıq şəkildə nümayiş etdirdikləri birlik və həmrəylik bu qüvvələrə ən güclü cavab oldu. Hər iki ölkə lideri iki ölkəni ayırmağa çalışan cəhdlərin nəticəsiz qalacağını bəyan etdi.
Müəllif: Lətifə Musayeva