Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının YAP Aparat, Mədəniyyət, Arıqıran, Çanaqçı, Kiçik Qaramurad, Slavyanka, Qoşabulaq və Zəhmətkənd kənd ərazi partiya təşkilatlarında “12 Noyabr -Konstitusiya günüdür” mövzusunda silsilə tədbirlər keçirildi.
Tədbirdə çıxış edən natiqlər öz çıxışlarında qeyd etdilər ki, ” Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməlini, demokratik inkişaf yolunu və milli dövlətçilik prinsiplərini müəyyən edən ən mühüm sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Konstitusiyamız ölkəmizin müasir dövlət quruculuğunda yeni mərhələnin əsasını qoymuşdur.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin, dövlətçilik təcrübəsinin və uzaqgörən strategiyasının mühüm nəticələrindən biridir. Məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin hüquqi əsasları möhkəmləndirilmiş, ölkəmizin gələcək inkişaf istiqamətləri müəyyən edilmişdir.
Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqları, qanunun aliliyi, dövlət hakimiyyətinin bölünməsi, demokratik idarəçilik və milli suverenlik kimi fundamental prinsiplər öz əksini tapmışdır. Bu ali hüquqi sənəd hər bir vətəndaşın hüquqlarının qorunmasına, cəmiyyətdə ədalətin və hüquq bərabərliyinin təmin olunmasına xidmət edir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun davam etdirilməsi, vətəndaşların rifahının yüksəldilməsi və milli maraqlarımızın qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu tarixi reallıq Konstitusiyamızda təsbit olunmuş dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Konstitusiya yalnız hüquqi normalar toplusu deyil, həm də hər bir vətəndaşın dövlət və cəmiyyət qarşısında məsuliyyətini müəyyən edən ali sənəddir. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara əməl etmək, hüquq və vəzifələrimizi dərindən dərk etmək hər birimizin vətəndaşlıq borcudur.
Əminik ki, gənc nəslin hüquqi biliklərinin artırılması, dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyə olunması və Konstitusiya dəyərlərinin təbliği Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəkdir.”