Hər bir xalqın tarixində elə sənədlər var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir dövlətin taleyini müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənəddir. O, xalqımızın əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrinin, müstəqillik arzusunun, milli iradəsinin və gələcəyə inamının hüquqi ifadəsidir. Bu gün Konstitusiyamız müstəqil dövlətimizin möhkəm təməli, suverenliyimizin hüquqi təminatı, milli birliyimizin və inkişafımızın əsas dayağıdır.
Ulu Öndər Heydər Əliyevin “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir” fikri əsas qanunumuzun mahiyyətini və tarixi missiyasını dolğun şəkildə ifadə edir.
Azərbaycanın konstitusiya quruculuğu xalqımızın zəngin dövlətçilik tarixi ilə sıx bağlıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk demokratik respublikalardan birinin əsası qoyuldu, milli dövlətçilik düşüncəmiz yeni mərhələyə yüksəldi. Lakin müstəqil Azərbaycanın müasir hüquqi əsaslarının formalaşdırılması yalnız dövlət müstəqilliyimizin bərpasından sonra mümkün oldu.
1990-cı illərin əvvəllərində ölkəmiz ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə idi. Müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkədə sabitliyin bərpası zamanın ən mühüm tələbinə çevrilmişdi. Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini parçalanmaq təhlükəsindən xilas etdi, müstəqil dövlət quruculuğunun möhkəm təməlini yaratdı.
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Bu, sadəcə, yeni bir hüquqi sənədin qəbulu deyildi. Bu, müstəqil Azərbaycanın öz gələcəyini özü müəyyənləşdirmək iradəsinin, demokratik və hüquqi dövlət qurmaq əzminin təntənəsi idi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Həqiqətən də, Konstitusiyamız dövlətin idarəçilik sistemini müəyyənləşdirməklə kifayətlənmir, insan hüquq və azadlıqlarını, qanunun aliliyini, vətəndaş cəmiyyətinin inkişafını və milli suverenliyin qorunmasını dövlət siyasətinin əsas prinsipləri kimi təsbit edir. Sonrakı illərdə əsas qanuna edilmiş əlavə və dəyişikliklər də ölkəmizin inkişaf edən reallıqlarına uyğun hüquqi sistemin təkmilləşdirilməsinə xidmət etmişdir.
Konstitusiyanın aliliyinin təmin olunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusi yer tutur. 1998-ci il iyulun 14-də fəaliyyətə başlayan bu məhkəmə orqanı konstitusion nəzarəti həyata keçirərək qanunvericiliyin əsas qanuna uyğunluğunun təmin edilməsinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə mühüm töhfə verir. Çünki hüquqi dövlətin gücü yalnız qanunların mövcudluğu ilə deyil, onların dönmədən tətbiqi və hər kəs üçün eyni hüquqi qüvvəyə malik olması ilə ölçülür.
Azərbaycanın müasir tarixində Konstitusiya və suverenlik anlayışları xüsusi məna kəsb edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan rəmzi və tarixi əhəmiyyət daşıyırdı. Konstitusiyamızın qəbulunun 30-cu, Vətən müharibəsində tarixi Qələbəmizin isə 5-ci ildönümünün qeyd olunduğu həmin il dövlətçilik tariximizin mühüm mərhələlərini bir araya gətirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açdı. Bu hadisələr müstəqilliyimizin, milli birliyimizin və ərazi bütövlüyümüzün nə qədər böyük dəyər olduğunu bir daha nümayiş etdirdi. Artıq Konstitusiyamızın ali prinsipləri ölkəmizin bütün ərazisində suveren dövlət hakimiyyətinin təmin olunması reallığı ilə tamamlanır.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən dövlətdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdışın reallaşdırılması da suverenliyimizin yaratdığı yeni imkanların bariz nümunəsidir.
12 Noyabr – Konstitusiya Günü bizə bir daha xatırladır ki, müstəqillik yalnız qazanılan tarixi nailiyyət deyil, həm də qorunması və gələcək nəsillərə ötürülməsi vacib olan milli sərvətdir. Konstitusiyaya hörmət, qanunun aliliyinə riayət, vətəndaş hüquqlarının qorunması və dövlət qarşısında məsuliyyət hər birimizin vətəndaşlıq borcudur.
Bu əlamətdar günün mahiyyəti bir həqiqətdə ifadə olunur: Konstitusiyamız dövlətçiliyimizin hüquqi sütunu, müstəqilliyimizin təminatı, suverenliyimizin rəmzi və gələcəyimizin yol xəritəsidir. Onun müəyyən etdiyi dəyərlərə sədaqət göstərmək, milli dövlətçiliyimizi qorumaq və daha qüdrətli Azərbaycan naminə çalışmaq hər birimizin qarşısında duran mühüm vəzifədir.
Çünki güclü dövlətin təməlində möhkəm Konstitusiya, möhkəm Konstitusiyanın arxasında isə öz dövlətinə sahib çıxan xalq dayanır!
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı