Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi və siyasi qüdrəti ilə deyil, həm də möhkəm hüquqi əsaslara, demokratik prinsiplərə və milli dövlətçilik ənənələrinə söykənən Konstitusiyası ilə müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyası da dövlət müstəqilliyimizin hüquqi təminatı, xalqımızın suveren iradəsinin ifadəsi və gələcək inkişafımızın strateji istiqamətlərini müəyyən edən fundamental sənəddir.
Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olan Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. 1990-cı illərin mürəkkəb siyasi şəraitində müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri yeni dövlətçilik prinsiplərinə uyğun hüquqi sistemin formalaşdırılması idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Konstitusiya Komissiyası yaradıldı, geniş müzakirələr aparıldı və müstəqil Azərbaycanın ilk milli Konstitusiya layihəsi hazırlandı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin hüquqi dövlət quruculuğunda yeni mərhələnin əsasını qoydu. Bu tarixi sənəd xalq hakimiyyətini, hakimiyyət bölgüsü prinsipini, insan və vətəndaş hüquq və azadlıqlarının aliliyini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas istiqamətlərini təsbit etdi. Beləliklə, Azərbaycan müstəqil dövlət kimi özünün hüquqi inkişaf modelini müəyyənləşdirərək beynəlxalq hüquq sistemində layiqli yer tutmaq istiqamətində mühüm addım atdı.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri onun insan amilini dövlət siyasətinin mərkəzinə yerləşdirməsidir. Əsas Qanunda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların bərabərliyi, mülkiyyət hüququ, sosial təminat və ədalət prinsipləri öz əksini tapmışdır. Eyni zamanda, Konstitusiya dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməklə cəmiyyətdə qanunun aliliyinin və hüquqi sabitliyin təmin olunmasına xidmət edir.
Ötən dövr ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən fundamental dəyişikliklər Konstitusiyanın da zamanın tələblərinə uyğun təkmilləşdirilməsini zəruri etmişdir. Referendumlar yolu ilə Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, demokratik institutların inkişafına və sosial dövlət prinsiplərinin gücləndirilməsinə mühüm töhfə vermişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətçilik tariximizin ən möhtəşəm nailiyyətlərindən biri kimi xalqımızın milli qürurunu daha da yüksəltmişdir. Bu reallıqlar müstəqil dövlətimizin hüquqi əsaslarının, milli maraqlarımızın və konstitusion dəyərlərimizin qorunmasının əhəmiyyətini daha da artırır.
Konstitusiya yalnız hüquq normalarının məcmusu deyil, həm də dövlətlə vətəndaş arasında münasibətlərin əsasını təşkil edən, milli birliyi və ictimai həmrəyliyi möhkəmləndirən ali hüquqi sənəddir. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquq və vəzifələrimizi dərk etmək, qanunun aliliyini rəhbər tutmaq hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətidir.
Şübhəsiz ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında tarixi rol oynayıb və bu gün də ölkəmizin davamlı inkişafına xidmət edir. Ulu Öndər Heydər Əliyevin möhkəm təməlini qoyduğu dövlətçilik strategiyasının mühüm hüquqi dayağı olan Əsas Qanunumuz müstəqilliyimizin, suverenliyimizin və gələcək nəsillərə ötürüləcək dövlətçilik irsimizin etibarlı təminatıdır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri