PDF Oxu

Sosial

  • 272

Mətbuat Şurasında dəyirmi masa keçirilib

Mətbuat Şurasında dəyirmi masa keçirilib

Noyabrın 12-də Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masa keçirilib.

SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin, milli birliyin və inkişaf modelinin əsasında azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya həm ənənələr üzərində formalaşmış keçmişimizdən qaynaqlanır, həm də dövlətə sədaqəti, milli maraqların qorunmasında ardıcıllığı və prinsipiallığı, müstəqil siyasi iradə nümayişini və ümummilli məqsədlər ətrafında səfərbərliyi təlqin edir. İnformasiya texnologiyalarının siyasi təsir vasitəsinə çevrildiyi, sosial şəbəkələrin ictimai şüura müdaxilə imkanlarının genişləndiyi bir zamanda bu xüsusilə önəmlidir. Dövlətlərin müstəqilliyi yalnız sərhədlərinin toxunulmazlığı, iqtisadi potensialı və hərbi qüdrəti ilə ölçülmür. İnformasiya məkanının qorunması, ictimai şüurun kənar manipulyasiyalardan müdafiəsi və cəmiyyətin ideoloji bütövlüyünün təmin olunması da mühüm şərtdir.

V.Zifəroğlu, eyni zamanda, bildirib ki, hazırkı durumda banisi Ulu Öndər Heydər Əliyev olan və Prezident İlham Əliyevin əməli fəaliyyəti ilə dolğun məzmun qazanmış azərbaycançılıq fəlsəfəsinə söykənmək, ona dərindən bələdçilik informasiya təhlükəsizliyinin, cəmiyyətin müqavimət qabiliyyətinin gücləndirilməsində müstəsna əhəmiyyət daşıyır.

Toplantıda çıxış edən Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, dərin tarixi köklərə malik azərbaycançılıq ideyasının praktik şəkildə irəliyə aparılması, onun ideoloji obraz qazanması son dərəcə vacibdir. Bu iş Azərbaycan dövləti, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycançılığın çıxış nöqtəsinin xalqın etnoqrafik özünəməxsusluğunun olduğunu, həmçinin dinin müxtəlif etnoslara aidliyinin cəmiyyətimizdə tolerantlıq mühiti yaratdığını vurğulayan N.Cəfərov etnik təyinat məsələsinin dərkinin zəruriliyini də qabardıb. O, müxtəlif tarixi mərhələlərdə azərbaycançılığın inkişaf xüsusiyyətlərinin təhlilini verib, bu xüsusiyyətlərin mediada müntəzəm və peşəkar işıqlandırılmasını cəmiyyətin azərbaycançılıq ideologiyası ətrafında birləşməsi baxımından həlledici amil kimi səciyyələndirib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, azərbaycançılıq ictimai fikrə Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra daxil olaraq ideoloji obraz qazansa da, bu ideyanın XIX əsrin ikinci yarısından başlamış təkamül mərhələsi var. Müasir dövrdə azərbaycançılığın məfkurəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi roluna diqqət çəkən deputat vahid ideoloji vəhdətin Azərbaycan xalqını müqəddəs Zəfərə daşıdığını vurğulayıb. O, milli kimliyimizi qoruma immunitetimizin formalaşması nəticəsində azərbaycançılığın sərhədləri aşan trayektoriyaya sahibləndiyini də deyib.

Azərbaycançılıq ideologiyasının Azərbaycan xalqına məxsus dəyərləri israrla qoruduğunu deyən Milli Məclisin deputatı Ceyhun Məmmədov ayrı-ayrı sahələrdəki ifrat tendensiyasının zərərlərindən söz açıb. Deputat, eyni zamanda, dəyərlərimizdən uzaqlaşma xəttinin qarşısının alınmasında medianın maarifləndirici rolu barədə fikirlərini bölüşüb, müxtəlif paralellər aparıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin və onun kursunun layiqli davamçısı Prezident İlham Əliyevin azərbaycançılığın ideoloji zəmin qazanmasında müstəsna tarixi xidmətləri var. Bu xidmətlərin nəticəsidir ki, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Hazırda medianın, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifə ideoloji səfərbərliyi daim yüksək səviyyədə saxlamaqdır.

Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı jurnalist Cavid İsmayıl çıxışında azərbaycançılığı daim yenilənən, yeni aspektlər qazanan ideologiya olaraq xarakterizə edib. O bildirib ki, azərbaycançılıq 1990-cı illərin əvvəllərində ölkədəki acınacaqlı durumu aradan qaldırmaq üçün xalq vəhdəti formalaşdırmışdısa, eyni missiyanı 2020-ci ildə torpaqlarımızın işğaldan qurtulmasında da daşıdı. Buna görə də onun heç bir elementinin sıradan çıxmasına yol verilməməli, media milli dəyərlərimizə zidd təmayüllərə qarşı mübarizə əzmini saxlamalıdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Elçin Alıoğlu medianın müasir dövrün texnoloji yeniliklərinə dərin bələdçiliyinin vacibliyini azərbaycançılıq ideologiyasının məğzində dayanan dəyərlərin qorunmasına yönələn fəaliyyət baxımından əsaslandırıb, diqqəti mövcud istiqamətdəki xarakterik tendensiyalara çəkib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – "Xalq qəzeti"nin baş redaktorunun birinci müavini Hümbət Musayev və "Bayraqdar Media"nın rəhbəri Azər Həsrət azərbaycançılıq ideologiyası ilə bağlı səciyyəvi məqamlara diqqətə çəkərək, medianın bu ideologiya baxımından birləşdirici missiya daşıdığını əsaslandıraraq, jurnalist peşəkarlığının müxtəlif miqyaslı manipulyasiyaların qarşısının alınmasındakı rolundan söz açıblar. Onlar media fəaliyyətinin cəmiyyətin düzgün yönləndirilməsindəki önəminə dair fikirlərini də bölüşüblər.

Mətləb

Digər xəbərlər