PDF Oxu

Sosial

  • 396

Konstitusiyamızın 31 ili: qələmimiz həm də qılıncımız oldu

Konstitusiyamızın 31 ili: qələmimiz həm də qılıncımız oldu

İki müharibə yaşanan 30 il silahı ilə döyüşən, siyasi meydanlarda iradə savaşına çıxanlarla bərabər, həm də qələmini qılınca çevirən jurnalist ordusu yaratdı. Onlar hadisələrin içərisində ən gözəl siyasətçiyə, araşdırmaçıya, təhlilçiyə, tarixçiyə, xəbərçiyə çevrildi. Hadisələri elə qələmə aldılar ki, onun əsasında yeni dövrün tarixi yazıldı...

O qələmlər 20 Yanvardan- sovet ittifaqının əldən vermək istəmədiyi Azərbaycana gecə ilə göndərdiyi və yüzlərlə insanı qətlə yetirdiyi o müdhiş ordunun vəhşiliyindən yazdı. O qələmlər bir-birinin ardınca işğal olunan torpaqlardan, ocağı sönən, yurdu boş qalan, ölkənin müxtəlif ərazilərinə səpələnən soydaşlarımızdan yazdı. Dünyada analoqu olmayan Xocalı faciəsindən yazdı, 30 ildə bu faciəni dünyaya yaydı, ədalət axtarışına çıxdı. Naxçıvan blokadasından, muxtar diyarın Ulu Öndərin səyi ilə işğaldan yan ötməsindən, insanların yaşamaq uğrunda mübarizəsindən, Naxçıvandan başlanan azadlıq mücadiləsindən yazdı. Vəzifə davası edənlərdən, torpaqları vəzifə kürsüsünə qurban verənlərdən, cəbhədə düşmənin qarşısına ov tüfəngi, bel, dırmıq ilə çıxan zabit və əsgərlərimizin kömək diləyinə səs verməyən hakimiyyətdən yazdı.

Bütün bunlara bizim kimi, mətbuatımız da şahid oldu: düz 30 il. Bu 30 il müstəqilliyimizi bərpa etdi, lakin xalqa iki müharibə yaşatdı. Vətəni satanlarla da, Vətəni canından artıq sevənlərlə də tanış etdi bizi. Bu 30 il ata-baba torpaqlarımızın əlimizdən alıb düşmənə, sonra da düşməndən alıb bizə qaytardı. 30 il Qarabağsız yaşadı qarabağlılar. 30 il Naxçıvanı blokadadan çıxara bilmədi.

Qələm daha kəskin qılınc oldu bu illərdə. Necə ki, bütün dövrlərdə, lakin ayrı-ayrı şəraitlərdə qılınc kimi kəsərli sözü olmuşdu, 90-cı illərdən bəri yenə də qələmi ilə döyüşən ordunun sərkərdəsi oldu milli mətbuat. Böyük bir jurnalist ordusu döyüşdü. Hər yerdə oldu: azadlıq meydanında, döyüş bölgələrində, səngərlərdə, əsgərlərin yanında, gülləbaranın altında, qaçqın-köçkün şəhərciklərində, minalanmış ərazilərdə... Elə oradan yazıb mənsub olduğu media strukturunda işıqlandırdı: mübarizə apardı, problemləri ortaya qoydu, təkliflər verdi. Şəhid oldu, qazi oldu, köçkün-qaçqın oldu, minaya düşüb həyatını itirdi, səmada tikə-parça olub yerə səpələndi, düşmən gülləsinə tuş gəldi, həyatını itirdi də, sağ qaldı da...

Qələmi ilə döyüşən ordu iki müharibə arasındakı dövrdə nə dayandı, nə susdu. Yazdı, dünya ilə bir etdi Qarabağı. Qələmlərdən açılan atəş dünyanın haqsızlıq və ədalətsizliyinə tuşlandı. Susqunluq davam etsə də, lakin bu atəş həqiqətin kimin tərəfində olduğunu anlatdı dünyaya...

Bu qələmlər Zəfərdən də yazdı. Haqqı vardı, ana südü kimi halal idi Zəfərdən yazmaq. Çünki birinci və ikinci Vətən müharibəsi arasındakı 30 illik zaman kəsiyində gecə-gündüz mücadilə etmişdi. 90-cı illərin iqtisadiyyatı çökmüş Azərbaycanında aylarla əmək haqqı ala bilməsə də, sonrakı uzun illər boyu aşağı əmək haqqı ilə işləsə də, lakin meydandan çəkilmədi qələm sahibləri. Dövlət, dövlətçilik, konstitusiya quruluşu, suverenlik, müstəqilliyin daimiliyi üçün əzmlə mübarizə apardı.

2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində xalqın ilhamvericisi, cəbhə ilə xalq arasında informasiya bazası oldu. Qara xəbərləri də oldu, şad xəbərləri də. Lakin müharibənin “qanunu” deyilmi bunlar?..

Böyük Zəfərin əldə olunmasında 20 il mübarizə aparan Prezident, Ali Baş Komandan, müzəffər sərkərdənin 44 gündə tez-tez ölkə mətbuatına verdiyi müsahibələrdə iştirak etdi, bu müsahibələri dünya mətbuatına təqdim etdi bu ordu.

Sözü, xəbəri, reportajı, açıqlamaları, təhlilləri, oçerk, esseləri, fotoları ilə öz “döyüş” bölgəsində gecəli-gündüzlü çalışdı.

Ali Baş Komandanın qələbə müjdələrini xalqa çatdırdı. İşğaldan azad edilən torpaqlara yollandı, üçrəngli bayrağımızla qovuşan yurdların sevincini qələmə aldı, daşı daş üstündə qalmayan əzəli torpaqlarımıza ermənilərin tutduğu divanı əvvəlki sözünü təsdiqləmək üçün bir daha dünyaya təqdim etdi.

Həm vətəndaş, həm yurddaş, həm jurnalist kimi qürur duydu qələmli ordu. Çünki 44 günlük müharibə və 2023-cü ilin 20 sentyabrında birgünlük antiterror əməliyyatı ilə Qarabağ və Şərqi Zəngəzur düşməndən azad edildi. Bununla da Azərbaycanın konstitusiya quruluşu və suverenliyi bərpa olundu. 20 sentyabr təqvimimizdə Dövlət Suverenliyi Günü kimi yer aldı. Hər il həmin gün yenə qələm yazacaq, nəsillərə işğalı və Zəfəri xatırlatmaqla, vətənpərvər gənclərin yetişməsində böyük rol oynayacaq.

Budur, Konstitusiyamızın qəbul olunmasından bizi 31 il ayırır. Lakin məhz 2023-cü ildən bəri ölkəmizin konstitusiya quruluşu bərpa olunub. Bütün bunlar 90-cı illərin Azərbaycanı ilə bugünkü Azərbaycanın, o hakimiyyətlə, bugünkünün, o ordu ilə bu ordunun, Birinci Vətən müharibəsi ilə ikincinin, işğal ilə Zəfərin şahidi olmuş, üstəlik də qələmi ilə bir qərinəyədək dövrün salnaməsini yaradanlar daha çox qürur duyur.

Naxçıvanın da yolu açılacaq. Əslində dövlət başçısı Naxçıvanla bağlı 9-cu bəndi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannaməyə iradəsi gücü ilə saldırmışdı. Lakin Ermənistan nə vaxt öhdəliyinə, sözünə sahib olub ki?..

Dövlətimizin başçısı nəyi nə zaman edəcəyini yaxşı bilir və artıq Zəngəzur dəhlizi yaxın gələcəkdə şərqlə qərbi birləşdirən nəhəng magistrala çevriləcək. 270 il sonra Böyük Zəfərlə, müzəffər ordumuza səriştəli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Lider Zəngəzur dəhlizi məsələsini ABŞ Prezidenti səviyyəsində həll etməyi də bacardı.

Qələmi ilə döyüşənlərin bu dəhlizin açılmasında da böyük zəhməti var. Odur ki, gün o gün olsun ki, Zəngəzur dəhlizi ilə qərbdən şərqə, şərqdən qərbə səyahətlərdən xəbərlər, reportajlar yazaq, fotolar paylaşaq. Konstitusiyamızın-ana qanunumuzun qarşıdakı 40-cı, 50-ci ildönümündə daha da inkişaf edən ölkəmizdən yazaq.

Mətanət Məmmədova

Digər xəbərlər