PDF Oxu

Sosial

  • 503

Zəfər yolunda əbədiləşən igidlik dastanı: Şəhid Vüsal Kazımov - ŞƏRH

Zəfər yolunda əbədiləşən igidlik dastanı: Şəhid Vüsal Kazımov - ŞƏRH

​Torpağın hər qarışı uğrunda tökülən müqəddəs qanlar, çəkilən intizar dolu gecələr və səngərdə yazılan qəhrəmanlıq tarixləri heç vaxt unudulmur. Elə ömürlər var ki, onların hər səhifəsi mərdlik, vəfa və sonsuz Vətən məhəbbəti ilə yoğrulub. Azərbaycanın igid kəşfiyyatçısı, baş leytenant Vüsal Kamran oğlu Kazımovun həyatı da məhz belə unudulmaz, qürur dolu və eyni zamanda qəlb sızıldadan bir dastan, əsl igidlik salnaməsidir. O, tariximizin ən şanlı səhifəsi olan Vətən müharibəsində könüllü olaraq ön cərgəyə atılaraq, adını əbədiyyətə yazdıran cəsur oğullarımızdandır.
​1990-cı il dekabrın 17-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan Vüsalın uşaqlıq illəri zəhmətkeş və Vətənə bağlanan bir ocaqda keçmişdir. Onun atası Kamran kişi məktəbdə müəllim işləyərək övladlarına dürüstlük, elmlə yanaşı xalqa və torpağa sonsuz sevgi aşılamışdı. Kamran müəllimin övladının kürəyinə vurduğu hər yüngül toxunuş, səssiz məhəbbət sonralar Vüsalın bütün həyat yolunun əsas mayakına çevrilmişdi. Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbini bitirdikdən sonra təhsilə olan sönməz həvəsi onu Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasından fərqlənmə ilə məzun olmağa apardı. O, sadəcə idmançı və müəllim deyil, həm də gənclərin milli ruhda formalaşmasında əsl örnək idi. Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı kimi fəaliyyət göstərməsi, daha sonra Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışması onun gənclərə olan qayğısını və bacarığını açıq nümayiş etdirirdi. Təhsili ilə kifayətlənməyərək Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisasında ikinci ali təhsil alması da onun hər zaman zirvələrə can atdığını göstərirdi.
​Vüsalın hərbi xidmətə bağlılığı isə ayrı bir mərdlik məktəbi idi. Hələ illər öncə, 2011-ci ildə hərbi xidmətə çağırılan, Təlim Tədris Mərkəzində kursant, ardınca N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edən Vüsal 2014-2016-cı illərdə Silahlı Qüvvələrin Hərbi Polis idarəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi vəzifəsini şərəflə yerinə yetirmişdi. Xidmət müddəti başa çatsa da, onun qəlbindəki əsgər sevgisi heç vaxt sönməmişdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda bir an belə tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollanan Vüsal Kazımov kəşfiyyat bölüyünün baş leytenantı kimi ön xətdə düşmənin əngəllərini darmadağın edirdi. Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavəndin və alınmaz qalamız Şuşanın azad olunmasında rəşadəti ilə seçilən igid zabit hər zaman düşmənə qorxu, əsgərlərinə isə arxa-dayaq idi. Ohanyan xəttinin sirrini açan, düşmənin gizli bunkerlərini və kameralarını aşkarlayıb məhv edən məhz onun komandanlığı ilə kəşfiyyatçılarımız oldu. Generalın belə şəxsən özünü təqdim edərkən mayor rütbəsi ilə bağlı təqdimatını öncədən söz verərək təsdiqlədiyi bu igid kəşfiyyatçı Vətənə olan sədaqətini son damla qanına qədər qoruyub saxladı.
​Döyüşlərin qızğın vaxtında, məkrli düşmənin səpələdiyi mərmi yağışı altında yoldaşını xilas etmək istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Vüsalın son anlarında gözləri önünə gələn xatirələr onun nə qədər təmiz və məsum bir ailə bağlarına sahib olduğunu göstərir. O gün evinə, ocağına, həyat yoldaşı Ayselə dikilən baxışlar, böyük qızı 5 yaşlı Nurayın babasının ayaqlarını qucaqlayıb səssiz qalması və hər zaman dil-dil ötən körpənin heç nə danışmaması qəlbdə qalan ən ağır nisgil oldu. Ancaq Vüsalın son nəfəsində ən şirin təskinliyi Ayselin qucağında olan 6 aylıq körpə balası Aynurun atanın barmağından möhkəmcə yapışıb qığıldaması, o balaca barmaqları buraxmaq istəməməsi oldu. Əbədiyyətə qovuşan atanın gözlərində o şirin, kövrək xatirə ilə əbədi sevinc qığılcımları parıldadı.
​Bu gün həmin körpə Aynur artıq böyüyür, lakin o, təkcə bir ailənin deyil, bütöv Azərbaycanın, Lənkəran Dövlət Universitetinin fəxr məzunu olan şəhid Vüsal Kazımovun əziz yadigarıdır. Baş leytenant Vüsal Kamran oğlu Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. Onun adı Lənkəranda, doğma Yuxarı Nüvədidə, oxuduğu universitetdə və hər bir Azərbaycanlının qəlbində əbədi yaşayır. Heç nə unudulmur, heç kim yaddan çıxmır!
Nur içində yat, Ruhun şad ,məkanın cənnət olsun, igid kəşfiyyatçı, Zəfər şəhidimiz, dəniz gözlü Vüsalımız.

Leyla Məcidova,

Lənkəran Tarix Diyarşünasliq Muzeyinin direktoru, dosent

Digər xəbərlər