12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə
Hər bir müstəqil dövlətin gücü yalnız onun sərhədlərinin toxunulmazlığı, iqtisadi potensialı və hərbi qüdrəti ilə deyil, həm də hüquqi əsaslarının möhkəmliyi, dövlətçilik ənənələrinə sadiqliyi və xalqının milli iradəsinə söykənən idarəçilik sistemi ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin, hüquqi dövlət quruculuğumuzun və gələcək inkişafımızın fundamental təminatıdır.
12 noyabr 1995-ci il Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik bir gündür. Məhz həmin tarixdə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu sənəd xalqımızın azadlıq, müstəqillik və öz müqəddəratını təyin etmək iradəsinin hüquqi ifadəsi olmaqla, yeni dövlətçilik mərhələsinin əsasını qoymuşdur.
Azərbaycan Konstitusiyasının hazırlanması və qəbulunda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə hazırlanmış Əsas Qanun müasir Azərbaycan dövlətinin hüquqi təməlini formalaşdırmış, insan hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsü prinsipini, dövlət suverenliyini və demokratik inkişafın əsas istiqamətlərini müəyyən etmişdir.
2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, 2023-cü ildə Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı. Bu Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasətinin nəticəsi idi.
Bir qazi olaraq hesab edirəm ki, Konstitusiyanın mahiyyətini yalnız hüquqi müddəalarda deyil, həm də onun qoruduğu dövlətçilik dəyərlərində görmək lazımdır. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin fədakarlığı, sağlamlığını itirən qazilərimizin mübarizəsi, müharibə dövründə xalqımızın nümayiş etdirdiyi həmrəylik müstəqil dövlətimizin ən böyük mənəvi dayaqlarındandır.
Biz qazilər üçün dövlət suverenliyi sadəcə siyasi və hüquqi anlayış deyil. Bu, uğrunda döyüşdüyümüz torpaqların azadlığı, şəhidlərimizin qanı ilə yazılmış tarix, gələcək nəsillərə ötürəcəyimiz müstəqil Azərbaycanın əmanətidir.
2025-ci ilin ölkəmizdə «Konstitusiya və Suverenlik İli» elan edilməsi də məhz bu iki fundamental dövlətçilik dəyərinin vəhdətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu təşəbbüs cəmiyyətimizdə Konstitusiyaya hörmətin, hüquqi maarifləndirmənin, suverenlik düşüncəsinin və milli məsuliyyət hissinin daha da gücləndirilməsinə xidmət etdi.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri müstəqilliyimizi və suverenliyimizi qorumaqla yanaşı, hüquqi dövlət prinsiplərinə hörmət edən, öz hüquq və vəzifələrini bilən, milli dəyərlərinə bağlı gənc nəsil yetişdirməkdir. Çünki dövlətin gələcəyi yalnız bugünkü nailiyyətlərlə deyil, həmin nailiyyətləri qoruyacaq və inkişaf etdirəcək vətəndaşların dünyagörüşü ilə müəyyən olunur.
İnanırıq ki, güclü dövlət, sağlam cəmiyyət və hüquqa hörmət prinsipləri əsasında Azərbaycan bundan sonra da inkişaf edəcək, müstəqilliyimiz və suverenliyimiz əbədi olacaqdır.
12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımızın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi və hüquqi dəyərlərimizin qorunması naminə hər kəsə uğurlar arzulayıram.
Əli Əlisoy
YAP Şərur rayon təşkilatının fəal üzvü