PDF Oxu

Siyasət

  • 282

Konstitusiya tariximizin mühüm mərhələləri - ŞƏRH

Konstitusiya tariximizin mühüm mərhələləri - ŞƏRH

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Lakin Azərbaycanın konstitusiya tarixi yalnız müstəqillik dövrü ilə məhdudlaşmır. Bu tarixə nəzər saldıqda müxtəlif dövrlərdə qəbul edilmiş Əsas Qanunların ölkənin siyasi həyatında baş verən dəyişiklikləri əks etdirdiyini görürük.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın dövlətçilik tarixində yeni mərhələ başlandı. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsində müstəqil dövlətin əsas prinsipləri, xalq hakimiyyəti, vətəndaşların hüquq bərabərliyi və demokratik idarəçilik məsələləri öz əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə mühüm iz qoydu. Mövcud olduğu qısa müddətdə ayrıca Konstitusiya qəbul etmək mümkün olmadı. 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra isə ölkənin dövlət idarəçiliyinin hüquqi əsasları yeni siyasi sistemə uyğun müəyyənləşdirilməyə başlandı.
1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi. Bu sənəd dövlət hakimiyyəti orqanlarının quruluşunu, onların səlahiyyətlərini və sovet idarəçilik sisteminin əsaslarını müəyyən edirdi. Həmin dövrdə Azərbaycanın dövlət idarəçiliyi sovet siyasi sisteminin tərkib hissəsi olduğundan Konstitusiyanın müddəaları da bu sistemin prinsiplərinə əsaslanırdı.
Sovet İttifaqının yaradılmasından sonra Azərbaycan SSR-in Konstitusiyasında da dəyişikliklər edildi. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu. 1927-ci il martın 26-da isə V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq edildi. Bu sənədlər respublikanın dövlət idarəçiliyini sovet hakimiyyətinin ümumi prinsiplərinə uyğunlaşdırırdı. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra müttəfiq respublikalarda da Əsas Qanunların yenilənməsi zərurəti yarandı. Bunun nəticəsi olaraq, 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi. Sənəddə dövlət hakimiyyəti orqanlarının fəaliyyəti, vətəndaşların hüquq və vəzifələri, seçki sistemi və respublikanın idarəçilik qaydaları müəyyənləşdirilmişdi. Bununla belə, Azərbaycanın dövlət quruluşu və idarəçiliyi ümumittifaq siyasi sisteminin çərçivəsində fəaliyyət göstərirdi.
Azərbaycanın konstitusiya tarixində 1978-ci il də xüsusi yer tutur. SSRİ-də 1977-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra müttəfiq respublikalarda da bu istiqamətdə işlər aparıldı. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi ilə Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit olundu. Bu, sovet dövrünün mürəkkəb siyasi şəraitində ana dilimizin qorunması və onun dövlət səviyyəsində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm addım idi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi konstitusiya tariximizdə tamamilə yeni mərhələnin başlanğıcı oldu. Oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin müstəqil dövlət statusunu hüquqi baxımdan təsdiqlədi. Bu sənəddə dövlət suverenliyi, xalqın hakimiyyət mənbəyi olması və müstəqil dövlət idarəçiliyinin əsas prinsipləri əksini tapdı. Eyni zamanda, yeni dövrün tələblərinə cavab verən, demokratik və hüquqi dövlət quruculuğuna xidmət edən Konstitusiyanın hazırlanması zərurəti yarandı.
Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik və ciddi problemlər bu işin həyata keçirilməsini çətinləşdirirdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun digər sahələrində olduğu kimi, Konstitusiyanın hazırlanması istiqamətində də mühüm addımlar atıldı. Ulu Öndərin rəhbərliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihə üzərində geniş iş aparıldı, ictimai müzakirələr keçirildi və sənəd ümumxalq səsverməsinə təqdim edildi.
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Noyabrın 27-də qüvvəyə minən bu sənəd ölkəmizin müasir dövlətçilik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Beş bölmə, on iki fəsil və 158 maddədən ibarət olan Konstitusiyada dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqları, dövlətin iqtisadi və sosial əsasları öz əksini tapdı. Bununla da müstəqil Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün əsas istiqamətlərini müəyyən edən Əsas Qanunu formalaşdı.
Sonrakı illərdə ölkənin inkişafı və cəmiyyətdə baş verən dəyişikliklər Konstitusiyaya da əlavə və dəyişikliklərin edilməsini zəruri etdi. 2002-ci il avqustun 24-də keçirilən referendumla Əsas Qanuna ilk əlavə və dəyişikliklər qəbul olundu. 2009-cu il martın 18-də keçirilən referendumda da Konstitusiyanın bir sıra müddəaları yeniləndi. 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi ilə növbəti dəyişikliklər təsdiq edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və ölkənin inkişafından irəli gələn yeni tələblərin Konstitusiyada nəzərə alınması baxımından əhəmiyyətli idi.
Azərbaycanın konstitusiya tarixinin müasir mərhələsi ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə yeni məzmun qazanmışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazilərində dövlət suverenliyi təmin edildi. Bununla da Azərbaycanın konstitusion quruluşunun ölkənin bütün ərazisində bərqərar olması üçün şərait yarandı. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, dövlət qurumlarının fəaliyyətinin təşkili və əhalinin doğma yurdlarına qayıdışı bu yeni mərhələnin əsas istiqamətlərindəndir.
Beləliklə, Azərbaycanın konstitusiya tarixi müxtəlif dövrlərin siyasi və ictimai dəyişiklikləri ilə sıx bağlı olmuşdur. Sovet dövründə qəbul edilən Konstitusiyalardan müstəqil Azərbaycanın 1995-ci il Əsas Qanununa qədər keçilən yol dövlətçilik tariximizin mühüm mərhələlərini əhatə edir. Bu gün Konstitusiya müstəqilliyimizin, dövlət suverenliyimizin, hüquq və azadlıqlarımızın əsas təminatı olmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də möhkəm hüquqi baza rolunu oynayır.

İradə Mütəllimova,
Salyan şəhər 6 saylı tam orta ümumtəhsil məktəbin tarix müəllimi, YAP fəalı

Digər xəbərlər