Hər bir müstəqil dövlətin inkişafı, idarəçilik sisteminin səmərəli təşkili və cəmiyyətdə hüquq münasibətlərinin tənzimlənməsi ilk növbədə möhkəm hüquqi əsasların yaradılmasını tələb edir. Dövlətin siyasi və iqtisadi müstəqilliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, hakimiyyət orqanlarının fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi məhz Konstitusiya ilə təsbit olunur. Bu baxımdan, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ölkəmizin dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik hadisədir.
Azərbaycanın müasir dövlətçilik tarixində bu mühüm nailiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyət, idarəçilik böhranı, iqtisadi çətinliklər və daxili qarşıdurmalar dövlət quruculuğunun ardıcıl şəkildə həyata keçirilməsinə ciddi maneələr yaradırdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin təmin edilməsinə, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqilliyin qorunmasına yönəlmiş mühüm addımlar atdı. Dövlətçiliyin gələcək inkişafını təmin edəcək hüquqi bazanın yaradılması da qarşıda duran əsas vəzifələrdən biri idi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması istiqamətində geniş və sistemli iş aparıldı. Bu prosesdə dövlətçilik ənənələri, Azərbaycanın tarixi təcrübəsi, beynəlxalq hüququn prinsipləri və demokratik inkişafın tələbləri əsas götürüldü. Konstitusiya layihəsini hazırlayan komissiyanın fəaliyyətinə şəxsən rəhbərlik edən Ümummilli Lider sənədin hər bir müddəasına xüsusi diqqət yetirir, müstəqil dövlətin gələcək inkişafına xidmət edəcək hüquqi prinsiplərin müəyyənləşdirilməsini vacib hesab edirdi. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlət kimi hüquqi statusunu, idarəçilik sistemini və cəmiyyət həyatının əsas prinsiplərini müəyyənləşdirdi.
Konstitusiyanın tarixi əhəmiyyəti onun yalnız dövlət hakimiyyətinin təşkilini və fəaliyyət mexanizmlərini müəyyən etməsi ilə məhdudlaşmır. Bu sənəd, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etdi, hakimiyyətin bölünməsi prinsipini, xalqın suverenliyini, qanunun aliliyini və demokratik idarəçilik qaydalarını hüquqi baxımdan möhkəmləndirdi. Dövlətin vətəndaş qarşısında məsuliyyəti, hər kəsin qanun qarşısında bərabərliyi, mülkiyyət hüququnun qorunması, fikir və söz azadlığı kimi fundamental məsələlər Konstitusiyada öz əksini tapdı. Bununla da müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu üçün zəruri olan əsaslar formalaşdırıldı.
Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri də ümumbəşəri dəyərlərlə milli dövlətçilik ənənələrinin uzlaşdırılmasıdır. Sənədin hazırlanması zamanı beynəlxalq təcrübənin mütərəqqi prinsipləri nəzərə alınmaqla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və dövlətçilik təcrübəsi də diqqət mərkəzində saxlanıldı. Bu yanaşma Konstitusiyanın həm beynəlxalq hüquq normalarına uyğun, həm də milli maraqları ifadə edən fundamental sənəd kimi formalaşmasını təmin etdi. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini və onun dövlətçilik baxımından əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikirlər Əsas Qanunun hazırlanması zamanı əsas götürülən prinsipləri, onun milli dövlətçilik ənənələri ilə müasir hüquqi dəyərlər arasında yaratdığı vəhdəti aydın şəkildə ifadə edir.
Müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolu Konstitusiyanın dövlət həyatındakı əhəmiyyətini daha aydın nümayiş etdirir. Ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmlənməsi hüquqi dövlət quruculuğunun ardıcıl şəkildə davam etdirilməsinin nəticələrindəndir. Bu prosesdə Konstitusiya dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən, hüquqi münasibətlərin tənzimlənməsinə xidmət edən və cəmiyyətin inkişafı üçün ümumi prinsiplər yaradan əsas sənəd rolunu oynayır.
Konstitusiyanın müddəalarının zamanın tələblərinə uyğun təkmilləşdirilməsi də dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olmuşdur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Əsas Qanuna edilmiş dəyişikliklər ölkənin inkişafından irəli gələn yeni tələblərin hüquqi müstəvidə nəzərə alınmasına imkan yaratdı. Bu dəyişikliklər idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin genişləndirilməsi və dövlətin qarşısında duran yeni vəzifələrin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyırdı. Beləliklə, Konstitusiya öz fundamental prinsiplərini qorumaqla yanaşı, dəyişən ictimai-siyasi və sosial-iqtisadi reallıqlara uyğun inkişaf edən hüquqi sənəd olduğunu da nümayiş etdirdi.
Bu gün Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması, dövlət idarəçiliyinin qarşısında yeni vəzifələrin meydana çıxması Konstitusiyanın hüquqi və siyasi əhəmiyyətini daha da artırır. Ölkəmizin bütün ərazilərində konstitusion quruluşun təmin edilməsi, hüquqi normaların vahid dövlət məkanında tətbiqi və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi müstəqil dövlətçiliyimizin yeni reallıqlarını əks etdirir. Bu reallıqlar dövlətin hüquqi əsaslarının möhkəmliyini və Konstitusiyanın cəmiyyət həyatında oynadığı rolu bir daha təsdiqləyir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü bu baxımdan yalnız mühüm tarixi hadisənin xatırlanması deyil, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsaslarına, qanunun aliliyinə və demokratik dəyərlərə ehtiramın ifadəsidir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış dövlət quruculuğu siyasətini, müstəqil dövlətimizin möhkəm hüquqi təməllər üzərində formalaşdırılması istiqamətində göstərdiyi tarixi xidmətləri bir daha yada salır. Onun müəyyən etdiyi dövlətçilik xətti Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilir və Azərbaycan dövlətinin qarşısında duran yeni inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir.
Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı