PDF Oxu

Siyasət

  • 324

Konstitusiya – Müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməli - ŞƏRH

Konstitusiya – Müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməli - ŞƏRH

Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək müasir dövrün reallıqlarını, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini özündə əks etdirən fundamental hüquqi sənəddir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirmiş, ölkəmizin gələcək inkişaf istiqamətlərini formalaşdırmışdır. Bu mühüm sənəd xalqımızın dövlətçilik iradəsinin, milli müstəqilliyə bağlılığının və hüquqi dövlət quruculuğu əzminin ifadəsidir. Azərbaycan Konstitusiyasının əsasını insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və hakimiyyət bölgüsü prinsipi təşkil edir. Konstitusiyada insanın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyət sahibi olmaq, fikir və söz azadlığından istifadə etmək kimi fundamental hüquqları təsbit edilmişdir. Bu hüquqların qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, hər bir vətəndaşın cəmiyyətdə layiqli yer tutmasına, öz potensialını reallaşdırmasına və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına şərait yaradır. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın hazırlanması prosesində Azərbaycan xalqının tarixi keçmişini, milli-mənəvi dəyərlərini və müasir dünyanın hüquqi prinsiplərini əsas götürmüşdür. Onun dövlətçilik fəlsəfəsində müstəqilliyin qorunması, milli birliyin möhkəmləndirilməsi, hüquqi dövlətin qurulması və vətəndaşların rifahının yüksəldilməsi mühüm yer tuturdu. Məhz bu yanaşma nəticəsində Azərbaycan Konstitusiyası həm milli dövlətçilik ənənələrini, həm də beynəlxalq hüququn qəbul etdiyi demokratik dəyərləri özündə birləşdirən möhkəm hüquqi baza kimi formalaşmışdır. Konstitusiyanın əhəmiyyəti yalnız hüquq və azadlıqların müəyyənləşdirilməsi ilə məhdudlaşmır. O, eyni zamanda dövlət hakimiyyətinin təşkili, dövlət orqanlarının səlahiyyətləri, onların qarşılıqlı münasibətləri və cəmiyyət qarşısında məsuliyyətini müəyyən edən əsas qanundur. Qanunun aliliyi prinsipinin təmin olunması dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və ədalətin möhkəmlənməsinə xidmət edir. Hər bir dövlət qurumunun və vəzifəli şəxsin fəaliyyətinin Konstitusiya və qanunlar əsasında həyata keçirilməsi hüquqi dövlətin əsas göstəricilərindəndir. Azərbaycan cəmiyyətinin inkişafında milli-mənəvi dəyərlərlə ümumbəşəri prinsiplərin vəhdəti xüsusi əhəmiyyət daşıyır. Xalqımızın əsrlər boyu qoruyub saxladığı ailə ənənələri, böyüyə hörmət, vətənə bağlılıq, humanizm, qarşılıqlı yardım və milli həmrəylik kimi dəyərlər cəmiyyətimizin mənəvi dayaqlarını təşkil edir. Konstitusiyamız bu dəyərləri müasir hüquqi düşüncə ilə uzlaşdıraraq milli kimliyimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaradır. Bununla yanaşı, təhsil, elm, mədəniyyət və sosial inkişaf sahələrində müəyyən etdiyi hüquqi təminatlar ölkənin intellektual potensialının artırılmasına, gənc nəslin savadlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir. Müasir dövrdə Azərbaycanın qarşısında duran iqtisadi, sosial və siyasivəzifələrin uğurla həyata keçirilməsi də möhkəm konstitusion əsaslara söykənir. Ölkəmizdə aparılan islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi Konstitusiyada müəyyən edilmiş prinsiplərlə sıx bağlıdır. Cəmiyyətin dəyişən tələbləri və zamanın yeni çağırışları qanunvericiliyin daim təkmilləşdirilməsini zəruri etsə də, Konstitusiyanın əsas mahiyyəti olan insan hüquqlarına hörmət, dövlət müstəqilliyi, milli suverenlik və qanunun aliliyi dəyişməz olaraq qalır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi dövlətçilik tariximizin mühüm mərhələsidir. Bu reallıqlar Konstitusiyanın müəyyən etdiyi müstəqil dövlətçilik prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlət suverenliyinin qorunması, ölkənin bütün ərazilərində konstitusion quruluşun və hüquqi normaların təmin edilməsi gələcək inkişaf üçün yeni imkanlar yaradır. Bu baxımdan Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyən edən sənəd deyil, həm də milli birliyin, siyasi sabitliyin və davamlı inkişafın təminatıdır. Konstitusiyanın yaşaması və onun müddəalarının real həyatda tətbiqi yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da məsuliyyətidir. İnsan öz hüquqlarını bilməli, başqalarının hüquq və azadlıqlarına hörmət etməli, qanunlara əməl etməli və cəmiyyət qarşısında vəzifələrini məsuliyyətlə yerinə yetirməlidir. Hüquqi maarifləndirmənin gücləndirilməsi, gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması demokratik cəmiyyətin möhkəmlənməsində mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri güclü dövlət və azad vətəndaş prinsipinə əsaslanan cəmiyyət qurmaq idi. Bu gün həmin siyasi və hüquqi irs Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici qüvvə olaraq qalır. Konstitusiyamız xalqımızın keçmişindən gələn milli dəyərləri müasir dünyanın hüquqi prinsipləri ilə birləşdirərək dövlətimizin bu gününü və gələcəyini müəyyən edən möhkəm təməl rolunu oynayır. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquqi prinsipləri gündəlik həyatda rəhbər tutmaq və dövlət müstəqilliyimizi qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məhz Konstitusiyaya əsaslanan hüquqi dövlət, milli həmrəylik və vətəndaş məsuliyyəti Azərbaycanın daha güclü, firavan və davamlı inkişaf edən ölkə kimi gələcəyə inamla addımlamasının başlıca şərtlərindəndir.

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatı “Nəsirəddin Tusi 21” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər