PDF Oxu

Sosial

  • 352

Ziyalı ömrünün əbədi işığı: novator pedaqoq Baldadaş Bəşirov - FOTO

Ziyalı ömrünün əbədi işığı: novator pedaqoq Baldadaş Bəşirov - FOTO

​Bəzi ömürlər var ki, təkcə bir insanın həyat salnaməsi deyil, bütöv bir dövrün, sərt sınaqlardan üzüağ çıxmış nəslin ləyaqət hekayəsidir. Görkəmli pedaqoq, innovativ maarifçi və nəcib ziyalı Baldadaş Ələsgər oğlu Bəşirovun ömür yolu məhz illərin silə bilmədiyi izlər buraxmış unudulmaz nümunələrdəndir. Onun həyatı məşəqqətlərlə, lakin sarsılmaz Vətən sevgisi ilə yoğrulmuş böyük bir mübarizənin təntənəsidir. Baldadaş Bəşirovun kökü qədim Lerik rayonunun Veri kəndinə, dövrünün savadlı, bir neçə dili mükəmməl bilən, el-oba arasında böyük nüfuz sahibinə malik olan Nəsir kişinin ocağına bağlanır. Nəsir kişi kəndxuda vəzifəsində çalışaraq hər zaman haqqın, ədalətin tərəfində durmuşdu. Lakin zamanın qatı fırtınaları, repressiya illərinin acı küləkləri bu uca ocaqdan da yan keçmədi. Kollektivləşmə illərində haqsızlığa məruz qalaraq həbs olunan, bir müddət sonra doğma kəndinə qayıtsa da, 1937-ci ildə yenidən repressiya qurbanı olan Nəsir kişi ailəsi ilə birlikdə Qazaxıstana sürgün edildi. Mayunkum kolxozunda vicdanla çalışsa da, övlad həsrətinə və bu dözülməz ağır şəraitə tab gətirməyərək sürgündən cəmi altı ay sonra əbədiyyətə qovuşdu. Bu fırtınalı günlərdə ailənin başı üzərini alan qara buludlar arasında ümid işığı sönmürdü. 1942-ci ilin yanvarında Baldadaşın atası Ələsgər kişi cəbhəyə yollanaraq şərəfli bir döyüş yolu keçdi və qələbədən sonra – 1946-cı ildə Qazaxıstana, ailəsinin yanına qayıtdı. Məhz həmin ağır illərdə – 1942-ci ildə Qazaxıstanın Cambul vilayətinin Çu stansiyasında doğma yurddan uzaq düşmüş Bəşirovlar ocağında Baldadaş Bəşirov dünyaya göz açdı. Sərt, ayazlı çöllərdə boya-başa çatan Baldadaş uşaqlıq illərindən daxilində polad bir iradə və səbir daşıdı. Oş Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra onun daxilindəki ana Vətən sevgisi daha da alovlandı. O, qürbətdə yaşasa da, qəlbi hər zaman Azərbaycanla, doğma Lənkəranla döyünürdü. Nəhayət, 1960-cı ildə doğma respublikamıza qayıdaraq Lənkəran rayonunun Nərimanabad qəsəbə orta məktəbində fəaliyyətə başladı və ömrünün sonunadək bu müqəddəs elm ocağına sadiq qaldı. Baldadaş müəllim sadəcə fənn tədris edən pedaqoq deyil, təhsil tariximizə adını qızıl hərflərlə yazdıran əsl novator müəllim idi. O, Lənkəranda və bütün respublikamızda ilk dəfə olaraq proqramlaşdırılmış təlim üsulunu məktəb həyatına uğurla tətbiq edən mahir ustad idi. Öz ideyasını gerçəkləşdirmək, gələcək nəsillərə daha keyfiyyətli təhsil vermək üçün respublikanın nüfuzlu elmi-praktik konfranslarında dəyərli məruzələrlə çıxış etdi. Moskva məktəblərinin yeniliklərini yaxından izləyən Baldadaş müəllim qabaqcıl metodikanı öyrənmək üçün birbaşa Vladimir şəhərinə, bu metodun yaradıcısı professor D. İ. Pennerin yanına səfər etdi, onunla yaradıcılıq əlaqəsi quraraq zəngin təcrübə və qiymətli ədəbiyyatlar gətirdi. Sinif otaqlarında avtomatik siqnal lövhələri quraşdıraraq dərslərin keyfiyyətini maksimum səviyyəyə qaldırdı. Onun qabaqcıl iş təcrübəsi respublika və ittifaq mətbuatında – "Azərbaycan müəllimi", "Uçitelskaya gazeta", "Komsomolskaya pravda", "Azərbaycan məktəbi", "Fizika v şkole" kimi nüfuzlu jurnallarda geniş işıqlandırıldı. Mərhum akademik M. Mehdizadə və professor Z. Qaralov onun elmi-pedaqoji fəaliyyətini hər zaman yüksək qiymətləndirirdilər. O, həyatın bütün məhrumiyyətlərini özünə mənəvi güc mənbəyi etmişdi. Həyatda hər zaman ən mədəni, kübar, dostluğu uca tutan, insanlığa dəyər verən bir şəxsiyyət kimi tanındı. Heç kəsin işinə qarışmayan, təmiz mənəviyyatı ilə seçilən əsl ziyalı aristokratı idi. Dövlətini, xalqını canından artıq sevən Baldadaş müəllim həm də övladlarına qarşı hədsiz qayğıkeş, mərhəmətli ata olaraq onlara təmiz ad və şərəfli soyad miras qoydu. Onun övladlarına aşıladığı yüksək dəyərlər bu gün də ocağın işığını yaşatmaqdadır. Baldadaş müəllimin kiçik qızı Sevinc xanım mənim artıq 32 illik əziz, sədaqətli rəfiqəmdir. Sevinc xanım öz kübarlığı, yüksək mədəniyyəti, incəliyi, təmkinli duruşu ilə əsl Azərbaycan qadınının, əsilzadə ziyalı xanımın canlı simvoludur. Atasından aldığı təmiz tərbiyə, zəngin mənəviyyat onun bütün həyat yoluna işıq saçır və bu nəcib ailənin adını hər zaman uca tutur.
Baldadaş Bəşirov kimi nurlu ziyalıların ömür yolu gənc nəslə unudulmaz bir dərslikdir. Azərbaycan təhsilinə və elminə əvəzsiz töhfələr vermiş bu müqəddəs insanın xatirəsi hər zaman dərin ehtiramla yad olunur. Allah Baldadaş müəllimə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun inşallah.
​
Leyla Məcidova

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Digər xəbərlər