PDF Oxu

Sosial

  • 325

İdmanın beyin fəaliyyətinə və emosional tarazlığa təsiri

İdmanın beyin fəaliyyətinə və emosional tarazlığa təsiri

"İnsan orqanizmi hərəkət üçün formalaşmış bioloji sistemdir. Sinir sisteminin ən qədim funksiyalarından biri məhz hərəkəti planlaşdırmaq, əlaqələndirmək və idarə etməkdir. Bu əlaqəni izah etmək üçün neyrobiologiyada tez-tez dəniz püskürücüsü adlanan canlının nümunəsi göstərilir: sürfə mərhələsində sərbəst üzən bu canlı qayaya yapışıb yerində qaldıqdan sonra öz sinir toxumasının böyük hissəsini həzm edir. Hərəkət zərurəti aradan qalxdıqda mürəkkəb sinir sisteminə də ehtiyac qalmır. Bitkilərin beyninin olmaması da bu məntiqlə izah olunur: yerində sabit olan orqanizm hərəkəti idarə edəcək mərkəzə ehtiyac duymur. Deməli, bədən hərəkət etdikcə beyin də öz əsas funksiyasını yerinə yetirir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyevin sözlərinə görə, hərəkətin beyinə təsiri gündəlik həyatda da asanlıqla müşahidə olunur. Uzun müddət oturaq vəziyyətdə diqqət tələb edən işlə məşğul olduqda zehni yorğunluq yaranır, beyin sanki “bağlanır” və diqqəti cəmləmək çətinləşir. Bu hal xüsusilə qapalı mühitdə uzun saatlar oturan tələbələr və ofis işçiləri üçün xarakterikdir. Belə anlarda qısa gəzinti ən sadə və effektiv həll yollarından biridir. Əzələlərdən, oynaqlardan və tarazlıq aparatından beyinə daimi hərəkət siqnalları ötürülür. Aşağıdan yuxarıya doğru gedən bu siqnallar beyində qan dövranını artırır, oksigen və qlükoza təchizatını yaxşılaşdırır, ayıqlıq və diqqətlə bağlı şəbəkələri aktivləşdirir. Eyni zamanda mühitin dəyişməsi beynə yeni stimullar verir və zehni təzələnməyə kömək edir. Bu səbəbdən hər saat ərzində bir neçə dəqiqəlik fasilə verib ayağa qalxmaq və yerimək tövsiyə olunur.
"Bu mexanizm idmanın yalnız fiziki yorğunluğu aradan qaldırmadığını, həm də koqnitiv funksiyaları dəstəklədiyini göstərir. Tədqiqatlarda orta intensivlikli yerişdən sonra diqqətin, işçi yaddaşın və məsələ həlli sürətinin yaxşılaşması müşahidə olunmuşdur. Buna görə fasilə vaxt itkisi deyil, zehni məhsuldarlığı qorumağın elmi əsaslı üsuludur.
Müntəzəm və uzunmüddətli idman isə orqanizmdə daha dərin və qalıcı dəyişikliklər yaradır. Daimi fiziki fəaliyyət immun sistemini gücləndirir və hormonal tarazlığı dəstəkləyir. Xüsusilə serotonin, dopamin və endorfin kimi maddələrin səviyyəsində yumşaq və uzunmüddətli artım müşahidə olunur; bu maddələr əhval-ruhiyyənin, motivasiyanın və ağrı həssaslığının tənzimində mühüm rol oynayır. Bundan əlavə, idman stress hormonu olan kortizolun balanslaşdırılmasına kömək edir. Tədqiqatlar göstərir ki, aerob məşqlər beyin mənşəli neyrotrofik faktorun (BDNF) ifrazını artıra bilir. Bu zülal sinir hüceyrələrinin qorunmasına və yeni sinaptik əlaqələrin yaranmasına, xüsusən yaddaşla bağlı hipokampus bölgəsində, töhfə verir. Nəticədə insan özünü daha enerjili, xoşbəxt və daxilən tarazlı hiss edir", - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Digər xəbərlər