PDF Oxu

Siyasət

  • 322

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir - ŞƏRH

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir - ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixində elə mühüm hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə, dövlətin inkişaf strategiyasına və milli suverenliyin möhkəmləndirilməsinə birbaşa təsir göstərir. Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi məhz belə tarixi hadisələrdən biridir. Bu fundamental sənədin hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərin, uzaqgörən siyasi iradəsinin və müstəqil dövlət quruculuğu strategiyasının parlaq təzahürüdür.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə üzləşmişdi. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, iqtisadi tənəzzül və dövlət idarəçiliyində yaranmış ciddi problemlər müstəqilliyimizin gələcəyi üçün real təhlükə yaradırdı. Belə bir şəraitdə müstəqil dövlətin hüquqi əsaslarının yaradılması, dövlət hakimiyyəti institutlarının formalaşdırılması, qanunçuluğun və ictimai-siyasi sabitliyin təmin edilməsi həyati zərurətə çevrilmişdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsini və müstəqilliyin möhkəmləndirilməsini əsas vəzifə kimi müəyyənləşdirdi. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycan vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən xilas oldu, dövlət idarəçiliyinin möhkəm təməlləri yaradıldı, ölkənin siyasi və iqtisadi inkişafı üçün zəruri şərait formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyin qorunması yalnız siyasi iradə və iqtisadi imkanlarla deyil, eyni zamanda, dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması, hakimiyyət qolları arasında səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi və qanunun aliliyinin bərqərar edilməsi ilə mümkündür. Məhz bu strateji yanaşma əsasında müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətə başlanıldı.
1995-ci ilin may ayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradıldı. Komissiyanın qarşısında dayanan əsas vəzifə müstəqil Azərbaycanın milli dövlətçilik ənənələrinə, demokratik prinsiplərə, beynəlxalq hüquq normalarına və müasir idarəçilik tələblərinə cavab verən fundamental hüquqi sənəd hazırlamaq idi. Geniş müzakirələr və əhatəli iş prosesi nəticəsində hazırlanmış Konstitusiya layihəsi 1995-ci ilin oktyabr ayında ümumxalq müzakirəsinə təqdim edildi.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya ölkəmizin müstəqil dövlət kimi siyasi, hüquqi və institusional inkişafının əsasını qoydu. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoymasını, xalqın öz gələcəyini müstəqil müəyyən etmək iradəsini və hüquqi dövlət quruculuğuna sadiqliyini nümayiş etdirdi.
Konstitusiyanın əhəmiyyəti yalnız dövlət hakimiyyətinin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirməklə məhdudlaşmırdı. Beş bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olan bu fundamental sənəd insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini, hakimiyyətlərin bölünməsi prinsipini, dövlət idarəçiliyinin hüquqi əsaslarını, iqtisadi və sosial münasibətlərin tənzimlənməsini, yerli özünüidarəetmənin formalaşdırılmasını və cəmiyyətin demokratik inkişafını özündə ehtiva edirdi.
Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq əsas niyyətlərdən biri kimi bəyan edilmişdir. Bu müddəa xüsusi siyasi və hüquqi əhəmiyyət daşıyır. Çünki müstəqil dövlətin varlığının əsasını onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və bütün ərazisində konstitusion quruluşun təmin edilməsi təşkil edir. Konstitusiyanın 11-ci maddəsində Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğu təsbit edilmiş, dövlətin öz ərazisi üzərində tam suverenliyə malik olması hüquqi baxımdan möhkəmləndirilmişdir.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində həyata keçiriləcək siyasətin də fundamental hüquqi dayağına çevrildi.
Tarixi proseslər göstərdi ki, Konstitusiyada təsbit edilmiş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin real həyatda təmin olunması üçün güclü dövlət, qüdrətli ordu, dayanıqlı iqtisadiyyat və qətiyyətli siyasi rəhbərlik zəruridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası məhz bu istiqamətlərin qarşılıqlı vəhdətinə əsaslanırdı.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətin bütün sahələrdə gücləndirilməsini, milli maraqların qorunmasını və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini strateji prioritet kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində siyasi idarəçilik sistemi təkmilləşdirildi, iqtisadi müstəqillik möhkəmləndirildi, müdafiə sənayesi inkişaf etdirildi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və hərbi potensialı əhəmiyyətli dərəcədə artırıldı.
Xüsusilə iqtisadi inkişafın təmin olunması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi dövlətimizin qüdrətinin artmasına mühüm töhfələr verdi. Bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarını genişləndirdi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının möhkəmləndirilməsinə şərait yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin ən mühüm istiqamətlərindən biri də Azərbaycan Ordusunun müasir tələblərə uyğun yenidən qurulması, hərbi-texniki imkanlarının genişləndirilməsi və peşəkar hərbi kadr potensialının artırılması oldu. Nəticədə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu inkişaf uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasında həlledici rol oynadı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqının birliyi, dövlət rəhbərliyinin qətiyyəti və Ordumuzun gücü tarixi ədalətin bərpasını təmin etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nəticələr əldə edildi. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi gücünün, hərbi qüdrətinin və milli birliyinin təntənəsi idi.
Lakin Azərbaycanın qarşısında dayanan strateji vəzifə yalnız işğal altındakı torpaqların azad edilməsi ilə məhdudlaşmırdı. Əsas məqsəd dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunması, Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin hər yerdə bərqərar edilməsi idi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı hərbi təxribatların qarşısının alınması və ölkəmizin konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.
Bu tarixi hadisə 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında bəyan olunan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması prinsipinin real siyasi və hüquqi müstəvidə tam təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də bu tarixi nailiyyətin dövlətçilik salnaməmizdəki yerini və əhəmiyyətini təsdiqləyir. Artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin edilir, dövlət hakimiyyəti institutları suveren ərazilərimizdə vahid hüquqi sistem əsasında fəaliyyət göstərir.
Bu reallığın mühüm siyasi təzahürlərindən biri də 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri oldu. Müstəqilliyin bərpasından sonra ilk dəfə bütün suveren ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının demokratik və siyasi müstəvidə təsdiqi idi. Xalqın Müzəffər Ali Baş Komandan İlham Əliyevə yenidən etimad göstərməsi ölkəmizin inkişaf strategiyasına, milli maraqlara əsaslanan siyasətə və gələcək hədəflərə dəstəyin ifadəsi oldu.
Bu gün Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərin nəticələrini möhkəmləndirmək, azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasını təmin etmək, həmin torpaqların ölkənin iqtisadi, sosial və mədəni həyatına inteqrasiyasını sürətləndirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu məqsədlərə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası, təhsil və səhiyyə müəssisələrinin tikilməsi, yolların, hava limanlarının və digər strateji obyektlərin istifadəyə verilməsi dövlətimizin quruculuq əzminin bariz nümunəsidir.
Xüsusilə Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam və digər şəhər və rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın yalnız hərbi-siyasi qələbə qazanmadığını, eyni zamanda, azad edilmiş torpaqlarda müasir və dayanıqlı həyat qurmaq əzmində olduğunu nümayiş etdirir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasının və dövlət siyasətinin humanist mahiyyətinin mühüm göstəricisidir.
Digər tərəfdən, Konstitusiyanın müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi də dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri olmuşdur. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, dövlət idarəçiliyinin institusional əsasları inkişaf etdirilmişdir. Xüsusilə 2016-cı ildə keçirilmiş referendumla vitse-prezidentlik institutunun təsis edilməsi və idarəetmə mexanizmlərinin yenilənməsi müasir dövlətçilik tələblərinə uyğun mühüm dəyişikliklər idi.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu iki fundamental anlayışın dövlətçilik tariximizdəki ayrılmaz vəhdətini bir daha ön plana çıxardı. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı müvafiq Sərəncamla müəyyənləşdirilən bu təşəbbüs Konstitusiyanın qəbulunun 30-cu ildönümünün və dövlət suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdi.
Konstitusiya və suverenlik anlayışları müstəqil dövlətin mövcudluğunu və davamlı inkişafını təmin edən bir-birini tamamlayan əsas prinsiplərdir. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirir, suverenlik isə həmin hüquqi əsasların dövlətin bütün ərazisində müstəqil şəkildə həyata keçirilməsini təmin edir. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Konstitusiyanın tarixi missiyasının həyata keçirilməsi istiqamətində ən mühüm nailiyyətlərdən biridir.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirən, regional və qlobal miqyasda mövqeləri möhkəmlənən, iqtisadi və hərbi potensialı ilə seçilən qüdrətli dövlətdir. Ölkəmizin əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi, onun yaratdığı möhkəm hüquqi baza və Prezident İlham Əliyevin bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirməsi dayanır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olan Konstitusiyanın qəbul edilməsi bu gün də müstəqil dövlətimizin inkişafının əsas hüquqi dayağı olaraq qalır. Bu sənəd yalnız bir dövrün hüquqi tələbatını ödəyən fundamental akt deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, dövlət müstəqilliyini, milli suverenliyi və ərazi bütövlüyünü qorumağı başlıca vəzifə kimi qarşıya qoyan strateji dövlət sənədidir.
Əgər Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm siyasi və hüquqi təməllərini yaratmışdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin təməllər üzərində qüdrətli, qalib və suveren Azərbaycan dövlətini daha da gücləndirmişdir. Bu iki tarixi mərhələ vahid dövlətçilik strategiyasının ayrılmaz tərkib hissələridir.
Bu gün qarşımızda duran əsas vəzifə Konstitusiyanın müddəalarına dönmədən əməl etmək, qanunun aliliyini və hüquqi dövlət prinsiplərini daha da möhkəmləndirmək, dövlət müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq, qazanılmış tarixi nailiyyətləri gələcək nəsillərə ötürməkdir. Çünki güclü dövlətin, firavan cəmiyyətin və təhlükəsiz gələcəyin əsas təminatı möhkəm hüquqi dövlətçilik, milli birlik və dövlətçilik ənənələrinə sadiqlikdir.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun müstəqil dövlətçiliyimizin inkişafı naminə göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır. Müstəqil, qalib və suveren Azərbaycanın gələcək uğurları isə möhkəm Konstitusiya təməlləri, xalq-dövlət birliyi və milli maraqlara əsaslanan ardıcıl siyasət üzərində qurulur.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər