Müasir dövlətçilik anlayışının mərkəzində insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və hakimiyyətin hüquqi prinsiplər əsasında həyata keçirilməsi dayanır. Bu baxımdan, Konstitusiya hər bir ölkənin yalnız hüquqi sənədi deyil, həm də onun demokratik dəyərlərə, vətəndaş cəmiyyətinə və ədalətli idarəçilik prinsiplərinə münasibətini ifadə edən fundamental siyasi-hüquqi əsasdır. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası da məhz bu prinsipləri özündə birləşdirərək müstəqil dövlətimizin inkişaf istiqamətlərini müəyyən etmişdir.
Noyabrın 12-də qeyd edilən Konstitusiya Günü ölkəmizin hüquqi dövlət quruculuğu tarixində əlamətdar hadisənin – ilk milli Konstitusiyanın qəbul edilməsinin ildönümüdür. Bu sənədin meydana gəlməsi müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran mürəkkəb vəzifələrin həlli, yeni dövlət idarəçiliyi modelinin yaradılması və cəmiyyətin hüquqi münasibətlərinin vahid sistem əsasında tənzimlənməsi zərurətindən irəli gəlirdi.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz müstəqil inkişaf yolunu seçsə də, ilk illərdə ölkədə siyasi və iqtisadi qeyri-sabitlik hökm sürürdü. Dövlət institutlarının zəifliyi, daxili siyasi qarşıdurmalar, sosial problemlər və Ermənistanın Azərbaycana qarşı təcavüzü müstəqil dövlətin möhkəmlənməsinə ciddi maneələr yaradırdı. Belə bir şəraitdə yalnız siyasi sabitliyin yaradılması deyil, eyni zamanda dövlətin hüquqi fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi də həyati əhəmiyyət daşıyırdı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu prosesinə yeni məzmun verildi. Ölkədə sabitliyin bərqərar edilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslarla qurulması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Bu siyasətin mühüm tərkib hissəsi müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması idi.
1995-ci il iyunun 2-də Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Komissiyanın fəaliyyəti zamanı müxtəlif hüquq sistemlərinin təcrübəsi öyrənildi, beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquqları və demokratik idarəçilik prinsipləri nəzərdən keçirildi. Eyni zamanda milli dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın müstəqil inkişaf xüsusiyyətlərinin nəzərə alınması əsas meyarlar sırasında yer aldı. Hazırlanan layihə geniş ictimai müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə referendum vasitəsilə xalqın mühakiməsinə təqdim olundu və ümumxalq iradəsi ilə qəbul edildi.
Konstitusiyanın mahiyyətini müəyyən edən ən vacib müddəalardan biri dövlət hakimiyyətinin mənbəyinin xalq olması prinsipidir. Bu prinsip dövlətin fəaliyyətinin xalqın iradəsinə və milli maraqlara əsaslanmasını nəzərdə tutur. Xalqın suverenliyi demokratik idarəçiliyin başlıca şərtidir və dövlət orqanlarının legitim fəaliyyətinin hüquqi əsasını təşkil edir.
Azərbaycan Konstitusiyasının diqqətəlayiq cəhətlərindən biri insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunmasıdır. İnsan və vətəndaş hüquqları sənədin ayrıca fəslində sistemli şəkildə əks etdirilmiş, onların müdafiəsi dövlətin mühüm vəzifəsi kimi müəyyənləşdirilmişdir. Şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, vicdan azadlığı, birləşmək hüququ, mülkiyyət hüququ, təhsil almaq və əmək hüququ kimi fundamental hüquqlar demokratik cəmiyyətin əsaslarını təşkil edir.
Hüquqların kağız üzərində bəyan edilməsi kifayət deyil. Əsas məsələ həmin hüquqların real həyatda təmin olunması və pozulduğu hallarda bərpası üçün təsirli mexanizmlərin mövcudluğudur. Bu mənada Azərbaycan Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan inzibati və məhkəmə təminatı mühüm əhəmiyyət kəsb edir. Hər bir şəxs dövlət orqanlarının qərar və hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət etmək, məhkəmə müdafiəsindən yararlanmaq hüququna malikdir.
Hüquqi dövlətin mövcudluğu üçün hakimiyyətin səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi və dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi də vacibdir. Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclisin, Prezidentin, Nazirlər Kabinetinin, məhkəmə hakimiyyətinin və yerli özünüidarəetmə qurumlarının hüquqi statusunu müəyyən edir. Hakimiyyət qollarının səlahiyyət bölgüsü dövlət idarəçiliyində məsuliyyətin və hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.
Konstitusiyanın digər mühüm istiqaməti Azərbaycanın dünyəvi dövlət statusunun, milli müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının hüquqi əsaslarını müəyyən etməsidir. Dövlət suverenliyi yalnız siyasi müstəqillik anlayışı ilə məhdudlaşmır. O, həm də ölkənin bütün ərazisində Konstitusiyanın və qanunların qüvvəsinin təmin olunmasını, dövlət hakimiyyətinin müstəqil həyata keçirilməsini və milli maraqların qorunmasını nəzərdə tutur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Konstitusiyanın əhatə etdiyi dövlət suverenliyi və ərazi bütövlüyü prinsipləri yeni tarixi şəraitdə tam reallaşdırıldı. Bu gün dövlətimizin hüquqi normaları ölkənin bütün ərazisində vahid qaydada tətbiq olunur.
Müasir mərhələdə Konstitusiyanın əhəmiyyəti yalnız dövlət idarəçiliyinin tənzimlənməsi ilə məhdudlaşmır. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa tədbirləri, yeni şəhər və kəndlərin salınması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi, sosial-iqtisadi infrastrukturun qurulması da hüquqi dövlətçilik prinsipləri əsasında həyata keçirilir. Bu proseslər dövlətin vətəndaş qarşısında daşıdığı məsuliyyətin, sosial ədalət və insan ləyaqətinə hörmət prinsiplərinin praktik ifadəsidir.
Konstitusiya Günü münasibətilə bir daha aydın olur ki, hüquqi dövlətin gücü ilk növbədə qanuna hörmətdən, vətəndaşların hüquqlarının qorunmasından və dövlət orqanlarının öz fəaliyyətində hüquqi normalara əməl etməsindən asılıdır. Hər bir vətəndaşın Konstitusiyada müəyyən edilmiş hüquq və vəzifələrini bilməsi, qanunlara hörmətlə yanaşması və ictimai məsuliyyət nümayiş etdirməsi güclü dövlət və sağlam cəmiyyət quruculuğunun mühüm şərtidir.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri