Hər bir dövlətin möhkəmliyi, ilk növbədə, onun hüquqi əsaslarının nə dərəcədə sağlam olmasından, cəmiyyətin qanunlara münasibətindən və dövlət idarəçiliyinin hansı prinsiplər üzərində qurulmasından asılıdır. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş ilk milli Konstitusiyası məhz bu baxımdan müstəqil dövlətçiliyimizin inkişafında müstəsna əhəmiyyətə malik tarixi sənəddir. Bu sənəd Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirməklə yanaşı, xalqımızın azadlıq, müstəqillik və hüquqi dövlət quruculuğu arzularını konkret hüquqi normalarda ifadə etmişdir.
12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyənləşdirmək hüququndan istifadə etdiyi, milli iradəsini nümayiş etdirdiyi əlamətdar tarixdir. Bu günün mahiyyəti yalnız Əsas Qanunun qəbul edilməsi ilə məhdudlaşmır. O, həm də müstəqil Azərbaycanın demokratik inkişaf yoluna sadiqliyinin, insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmin və hüququn aliliyini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul etməsinin göstəricisidir.
Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması mürəkkəb siyasi və tarixi şəraitdə mümkün olmuşdur. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən qeyri-sabitlik, dövlət idarəçiliyində yaranmış böhran, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü müstəqilliyimizin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə dövlətin bütün sahələrini əhatə edən vahid hüquqi sistemin yaradılması, idarəçilik mexanizmlərinin formalaşdırılması və milli maraqların hüquqi təminatının müəyyən edilməsi zəruri idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyin bərpasına nail oldu və müstəqil dövlət quruculuğunun yeni mərhələsinin əsasını qoydu.
Ulu Öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanan Əsas Qanun layihəsi geniş müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizinin iştirak etməsi, onların 91,9 faizinin Konstitusiya layihəsini dəstəkləməsi xalqın yeni dövlətçilik modelinə verdiyi yüksək qiyməti ifadə edirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil Azərbaycanın siyasi, iqtisadi və hüquqi inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndərin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla 12 Noyabr Konstitusiya Günü elan edildi, 1996-cı il noyabrın 1-də imzalanmış sənədlə isə bu əlamətdar günün hər il qeyd olunması təsbit edildi.
Azərbaycan Konstitusiyasının hazırlanmasında Heydər Əliyevin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti mühüm rol oynamışdır. Bu siyasi irsin təməli isə hələ sovet dövründə atılmışdı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi milli kimliyimizin və dilimizin qorunması istiqamətində atılmış mühüm addım idi. Həmin dövrdə mövcud siyasi reallıqlar nəzərə alınarsa, bu qərarın qəbul etdirilməsi Ulu Öndərin milli maraqlara əsaslanan qətiyyətli mövqeyinin ifadəsi kimi xüsusi qiymətləndirilməlidir.
Əsas Qanunumuzun ən mühüm xüsusiyyətlərindən biri insan amilini dövlət siyasətinin mərkəzinə yerləşdirməsidir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilmişdir. Hər kəsin qanun qarşısında bərabərliyi, söz və fikir azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ, şəxsi toxunulmazlıq və digər fundamental hüquqlar konstitusion təminat altına alınmışdır. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması isə konstitusion nəzarət mexanizminin formalaşması baxımından mühüm mərhələ olmuşdur.
Ölkəmizdə həyata keçirilən hüquqi və siyasi islahatlar nəticəsində Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi mexanizmlərin müasirləşdirilməsinə və cəmiyyətin inkişaf edən tələblərinə uyğun yeni institutların formalaşmasına xidmət etmişdir.
Azərbaycan dövlətçiliyinin müasir tarixində baş verən ən mühüm hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərpası təmin edildi. Beləliklə, Konstitusiyamızın hüquqi qüvvəsi dövlətimizin bütün suveren ərazisində tam bərqərar oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsində yeni mərhələ açmışdır. Bu gün ölkəmiz yalnız ərazi bütövlüyünü təmin etmiş dövlət deyil, həm də azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirən, gələcəyə inamla addımlayan qalib dövlətdir. Konstitusion prinsiplərin bütün ölkə ərazisində təmin olunması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncama əsasən, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu iki fundamental anlayışın qarşılıqlı vəhdətini bir daha nümayiş etdirdi. Konstitusiyamızın 30 illik yubileyinin və suverenliyimizin tam bərpasının eyni ildə qeyd olunması Azərbaycan tarixinin əlamətdar hadisələrindəndir.
Bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə düşən əsas vəzifələrdən biri Konstitusiyanın müəyyən etdiyi hüquq və vəzifələrə hörmətlə yanaşmaq, qanunlara riayət etmək, dövlətimizin inkişafına öz töhfəsini verməkdir. Çünki güclü dövlət yalnız möhkəm hüquqi baza ilə deyil, həm də qanunlara hörmət edən, dövlətçilik prinsiplərinə sadiq vətəndaşların fəal mövqeyi ilə formalaşır.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı