Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqil dövlət quruculuğu yolunda əldə etdiyi ən mühüm nailiyyətlərdən birini təcəssüm etdirir. Bu tarix Azərbaycan dövlətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi, milli suverenliyin möhkəmləndirilməsi və demokratik inkişaf prinsiplərinin qanunvericilik səviyyəsində təsbit olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Konstitusiyanın qəbul edilməsi ilə müstəqil Azərbaycanın siyasi, hüquqi və idarəçilik sisteminin fundamental çərçivəsi formalaşdırılmışdır.
Hər bir dövlətin möhkəmliyi yalnız onun iqtisadi və siyasi potensialı ilə deyil, eyni zamanda hüquqi sisteminin dayanıqlılığı ilə ölçülür. Konstitusiya dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən, hakimiyyətin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyən, vətəndaşların hüquq və azadlıqlarını qoruyan ən yüksək hüquqi qüvvəyə malik sənəddir. Bu sənəd dövlətlə cəmiyyət arasında münasibətlərin hüquqi əsaslarını müəyyən etməklə ictimai sabitliyin, qanunçuluğun və ədalət prinsiplərinin qorunmasına xidmət edir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşısında yeni siyasi sistemin formalaşdırılması, milli dövlətçilik institutlarının yaradılması və müstəqilliyin hüquqi təminatlarının möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər, hakimiyyət uğrunda mübarizə və Ermənistanın hərbi təcavüzü dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Belə mürəkkəb şəraitdə ölkənin gələcək inkişafını təmin edəcək, dövlət idarəçiliyində sabitliyi yaradacaq və hüquqi münasibətləri tənzimləyəcək yeni Konstitusiyanın hazırlanması zərurətə çevrilmişdi.
Bu istiqamətdə əsaslı dönüş 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra baş verdi. Onun qətiyyətli siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, siyasi sabitlik təmin edildi, dövlət institutlarının fəaliyyətinin möhkəmləndirilməsi və hüquqi islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının hüquqi əsaslar üzərində qurulmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
1995-ci il iyunun 2-də yeni Konstitusiya layihəsinin hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılması bu prosesin mühüm mərhələsi oldu. Komissiyaya şəxsən Heydər Əliyevin rəhbərlik etməsi sənədin hazırlanmasına verilən yüksək dövlət əhəmiyyətinin göstəricisi idi. Layihənin işlənməsi zamanı beynəlxalq hüququn qəbul edilmiş normaları, qabaqcıl demokratik dövlətlərin təcrübəsi, insan hüquqlarının müdafiəsi prinsipləri və Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri əsas götürüldü.
Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Xalqın iradəsi ilə təsdiqlənən bu sənəd müstəqil dövlətimizin hüquqi sisteminin formalaşmasında yeni mərhələnin əsasını qoydu. Konstitusiyanın qəbulu ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində özünün strateji inkişaf xəttini hüquqi müstəvidə müəyyənləşdirdi.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan amilinə və vətəndaş hüquqlarına verdiyi yüksək dəyərdir. Sənədin III fəslində təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqları şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları əhatə edir. Hər bir şəxsin yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər hüquqlarının qorunması dövlətin konstitusion öhdəlikləri sırasındadır. Bununla yanaşı, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatını müəyyən edir. Bu müddəa vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün mühüm hüquqi imkan yaradır.
Digər tərəfdən, Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini də müəyyənləşdirir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri, onların fəaliyyət mexanizmləri və qarşılıqlı münasibətləri məhz bu ali sənəd əsasında tənzimlənir. Dövlət orqanlarının fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsi, vəzifəli şəxslərin öz səlahiyyətlərinə uyğun hərəkət etməsi və qanunun aliliyinin təmin olunması hüquqi dövlətin əsas göstəricilərindəndir.
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin bərpası Azərbaycanın müasir tarixində yeni reallıqlar yaratdı. Bu nailiyyətlər milli müstəqilliyin, ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunmasının nə qədər mühüm olduğunu bir daha təsdiqlədi.
Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri, Böyük Qayıdış Proqramının icrası və həmin ərazilərdə normal həyat şəraitinin yaradılması dövlətimizin gələcəyə hesablanmış siyasətinin mühüm istiqamətləridir. Bütün bu proseslər Azərbaycanın konstitusion quruluşuna, qanunvericiliyinə və dövlət suverenliyinə əsaslanır.
12 Noyabr – Konstitusiya Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də dövlətçiliyimizin hüquqi əsaslarına, milli birliyimizə və gələcək inkişaf məqsədlərimizə nəzər salmaq üçün əlamətdar gündür. Bu tarix xalqımızın müstəqil dövlət qurmaq əzmini, hüquqi dövlətçilik ənənələrinə sadiqliyini və demokratik cəmiyyət formalaşdırmaq iradəsini ifadə edir.
1996-cı il noyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən noyabrın 12-si Konstitusiya Günü kimi təsis edilmişdir. Hər il qeyd edilən bu əlamətdar gün müstəqil Azərbaycanın hüquqi təməllərinin qorunmasının, Konstitusiyanın aliliyinə hörmətin və vətəndaş məsuliyyətinin vacibliyini bir daha diqqətə çatdırır. Konstitusiya dövlətimizin bu gününün hüquqi təminatı olmaqla yanaşı, sabahının da möhkəm dayağıdır.
Elvin Əliyev
Yap Babək rayon təşkilatı sədrinin müavini