Bu gün müstəqil dövlətimizin hüquqi sütunlarının yaradılmasını, milli iradənin ali qanun səviyyəsində ifadə olunmasını və Azərbaycanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsini simvolizə edir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır.
Dövlətin mövcudluğu üçün müstəqilliyin elan edilməsi nə qədər vacibdirsə, həmin müstəqilliyin hüquqi və institusional əsaslarla möhkəmləndirilməsi də bir o qədər zəruridir. Çünki hüquqi çərçivəsi müəyyən edilməyən dövlət idarəçiliyində sabitlik, davamlılıq və səmərəli fəaliyyət təmin etmək mümkün deyil. Konstitusiya məhz bu ehtiyacdan irəli gələrək dövlətin əsas qanunu kimi çıxış edir, siyasi hakimiyyətin təşkili, ictimai münasibətlərin tənzimlənməsi və vətəndaşların hüquqlarının qorunması üçün ümumi prinsipləri müəyyən edir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni dövlətçilik sisteminin yaradılması istiqamətində mühüm tarixi mərhələyə qədəm qoydu. Lakin müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ağır sınaqlar dövlət quruculuğu prosesini mürəkkəbləşdirdi. Siyasi hakimiyyətdə qeyri-sabitlik, iqtisadi tənəzzül, sosial gərginlik və davam edən müharibə şəraiti dövlətin gələcək inkişafı üçün ciddi təhlükələr yaradırdı. Bu səbəbdən ölkədə ilk növbədə siyasi sabitliyin təmin olunması, dövlətçiliyin qorunması və möhkəm hüquqi bazanın yaradılması tələb edilirdi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi ilə ölkədə sabitliyin bərqərar olunması, dövlət idarəçiliyinin yenidən təşkili və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldü. Heydər Əliyevin dövlətçilik konsepsiyasında müstəqilliyin dönməzliyinin təmin edilməsi, güclü dövlət institutlarının yaradılması və qanunun aliliyinə əsaslanan idarəçilik sisteminin formalaşdırılması xüsusi yer tuturdu.
Bu strategiyanın mühüm nəticələrindən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması oldu. İyunun 2-də yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı və onun rəhbərliyi Ümummilli Lider Heydər Əliyevə həvalə edildi. Hazırlıq prosesində ölkənin tarixi təcrübəsi, hüquqi ənənələri və beynəlxalq demokratik prinsiplər uzlaşdırıldı. Məqsəd həm milli dövlətçiliyin xüsusiyyətlərini əks etdirən, həm də müasir dünyanın hüquqi tələblərinə cavab verən ali qanun yaratmaq idi.
12 noyabr 1995-ci ildə keçirilən referendum Azərbaycan xalqının dövlətçilik tarixində yeni səhifə açdı. İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edilməsi dövlətin hüquqi əsaslarının xalqın iradəsi ilə müəyyənləşdirilməsini təmin etdi. Bu sənəd Azərbaycanın respublika idarəetmə formasını, demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini, dövlət hakimiyyətinin təşkili qaydalarını və vətəndaşların hüquqi statusunu müəyyənləşdirdi.
Konstitusiyanın preambulasında əksini tapan məqsədlər Azərbaycanın hansı dəyərlər əsasında inkişaf etmək istədiyini aydın şəkildə ortaya qoyur. Dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyinə əsaslanan hüquqi dövlətin yaradılması və insanların layiqli həyat səviyyəsinin təmin olunması bu məqsədlərin əsasını təşkil edir.
Konstitusiyanın qəbulundan sonra ölkədə qanunvericilik sisteminin təkmilləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin yeni hüquqi əsaslar üzərində qurulması prosesi geniş vüsət aldı. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, onların səlahiyyətlərinin müəyyən edilməsi və qarşılıqlı fəaliyyət prinsiplərinin təsbit olunması idarəçilik sistemində hüquqi müəyyənliyin yaradılmasına xidmət etdi. Milli Məclisin qanunvericilik fəaliyyəti, Prezidentin dövlət başçısı kimi konstitusion statusu, Nazirlər Kabinetinin icra hakimiyyətindəki yeri və məhkəmə sisteminin fəaliyyəti bu ali sənədlə tənzimləndi.
Bununla yanaşı, Konstitusiyanın ən böyük nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirilməsidir. İnsan şəxsiyyətinə hörmət, onun ləyaqətinin qorunması, bərabərlik, azadlıq və hüquqi müdafiə imkanları demokratik cəmiyyətin əsas dəyərləri kimi təsbit edilmişdir. Konstitusiyanın III fəslində yer alan hüquqların əhatə dairəsi vətəndaşların həyatının müxtəlif sahələrini əhatə edir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatını nəzərdə tutan 60-cı maddə isə bu sahədə dövlətin hüquqi məsuliyyətini konkretləşdirir.
Azərbaycan Konstitusiyasının tarixi missiyası ölkəmizin suveren inkişafı ilə də sıx bağlıdır. Dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin təmin edilməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən olmuşdur. Uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi bu istiqamətdə aparılan siyasətin tarixi nəticəsi kimi yadda qaldı.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın milli birliyini, dövlətimizin hərbi-siyasi gücünü və ərazi bütövlüyümüzün bərpasına olan qətiyyətli iradəsini nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin olundu. Beləliklə, müstəqil dövlətçiliyimizin qarşısında uzun illər dayanmış ən mühüm problemlərdən biri öz həllini tapdı.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma tədbirləri, müasir infrastrukturun yaradılması, iqtisadi potensialın bərpası və Böyük Qayıdışın təmin edilməsi dövlətimizin gələcəyə yönəlmiş fəaliyyətinin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız iqtisadi və sosial layihələr deyil, həm də Azərbaycanın müstəqilliyinin, suverenliyinin və dövlətçilik iradəsinin real təzahürüdür.
Konstitusiyanın əhəmiyyəti zamanla məhdudlaşmır. Cəmiyyət dəyişdikcə, yeni çağırışlar və inkişaf istiqamətləri meydana çıxdıqca onun müəyyən etdiyi fundamental prinsiplər dövlətin hüquqi sabitliyinin qorunmasında mühüm rol oynayır. Bu sənəd dövlətin keçmişdən gələcəyə uzanan hüquqi varisliyini, milli maraqların qorunmasını və vətəndaşların dövlət qarşısında hüquq və vəzifələrinin müəyyənliyini təmin edir.
1996-cı il noyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla 12 Noyabr Konstitusiya Günü kimi təsis edilmişdir. Bu əlamətdar tarix hər bir Azərbaycan vətəndaşına dövlət müstəqilliyinin hansı çətinliklər və tarixi sınaqlar nəticəsində möhkəmləndiyini xatırladır. Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması və qanunun aliliyinin qorunması isə güclü dövlətin və məsuliyyətli cəmiyyətin formalaşmasının başlıca şərtlərindəndir.
Bu mənada Azərbaycan Konstitusiyası sadəcə hüquqi normalar toplusu deyil. O, müstəqilliyimizin hüquqi ifadəsi, suverenliyimizin təminatı, dövlətçilik ənənələrimizin davamlılığı və gələcək inkişafımızın fundamental dayağıdır.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı