PDF Oxu

Siyasət

  • 348

Heydər Əliyev ideyalarının təcəssümü olan Konstitusiyamız müasir Azərbaycanın inkişaf yolunu müəyyən edir - ŞƏRH

Heydər Əliyev ideyalarının təcəssümü olan Konstitusiyamız müasir Azərbaycanın inkişaf yolunu müəyyən edir - ŞƏRH

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və hüquqi dövlət quruculuğunun təmin edilməsi tariximizin müxtəlif mərhələlərində böyük siyasi iradə və qətiyyət tələb etmişdir. Bu baxımdan 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin müstəqillik tarixində xüsusi yer tutur. Çünki məhz bu sənəd dövlətin fəaliyyət prinsiplərini, hakimiyyət strukturlarının səlahiyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən etməklə Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratmışdır.

Bu mühüm tarixi hadisənin arxasında Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və müstəqil Azərbaycan ideyasına sarsılmaz bağlılığı dayanır. Ulu Öndər yaxşı anlayırdı ki, müstəqilliyin qorunması yalnız siyasi qərarlarla deyil, həm də dövlətin bütün fəaliyyət sahələrini tənzimləyən mükəmməl hüquqi sistemin yaradılması ilə mümkündür. Buna görə də hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitliyin təmin edilməsi ilə yanaşı, müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi.
Əslində, Heydər Əliyevin milli dövlətçilik və hüquqi əsasların möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti daha əvvəlki illərə təsadüf edir. 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada təsbit edilməsi milli maraqlarımızın qorunması baxımından mühüm tarixi hadisə idi. 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi xalqımızın milli-mənəvi dəyərlərinin və dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm hüquqi təminat yaratdı. Bu addım Ulu Öndərin milli kimliyə, tarixi köklərə və dövlətçilik ənənələrinə verdiyi yüksək dəyərin bariz nümunəsi idi.
Müstəqilliyimizin ilk illərində isə Azərbaycan daha ağır sınaqlarla üzləşdi. Ölkədə siyasi qarşıdurma, hakimiyyət böhranı, iqtisadi tənəzzül və hüquqi idarəetmədəki ciddi çatışmazlıqlar dövlətçiliyin gələcəyini təhlükə altına almışdı. 1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın tarixində dönüş nöqtəsinə çevrildi. İlk növbədə dövlət idarəçiliyində nizam yaradıldı, ictimai-siyasi sabitlik istiqamətində mühüm addımlar atıldı və müstəqilliyin hüquqi əsaslarının möhkəmləndirilməsi üçün geniş imkanlar formalaşdı.
Ulu Öndərin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyasının hazırladığı layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna təqdim edildi. Referendumda iştirak edən seçicilərin 91,9 faizinin layihəni dəstəkləməsi xalqın dövlətin gələcək inkişaf istiqamətinə verdiyi razılığın ifadəsi idi. Həmin ilin noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil Azərbaycanın hüquqi və siyasi həyatında yeni dövrün başlanğıcını qoydu. Sonradan 12 Noyabrın Konstitusiya Günü kimi təsis edilməsi də bu tarixi hadisəyə verilən dövlət qiymətinin göstəricisi oldu.
Əsas Qanunumuzun qəbul edilməsi ilə Azərbaycanda hakimiyyət bölgüsü prinsipi, demokratik idarəetmə mexanizmləri, qanunvericilik sisteminin əsasları və vətəndaşların hüquqi statusu müəyyən edildi. Konstitusiyanın müddəaları dövlətin insan hüquqlarının qorunmasına, sosial ədalətin təmin edilməsinə və cəmiyyətin demokratik inkişafına yönəlmiş fəaliyyətinin əsasını təşkil etdi. Bu sənəddə insan, onun ləyaqəti, hüquqları və azadlıqları dövlətin ali məqsədi kimi müəyyənləşdirildi. Məhz bu yanaşma Azərbaycan Konstitusiyasının müasir demokratik dövlətlərin əsas hüquqi prinsipləri ilə uzlaşdığını göstərir.
Ölkəmizdə Konstitusiyanın qəbulundan sonrakı dövrdə aparılan islahatlar da dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna bir sıra dəyişikliklər edilmiş, dövlət institutlarının fəaliyyət mexanizmləri təkmilləşdirilmişdir. Xüsusilə 2016-cı ildə Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi idarəçilik sistemində yeni institusional mexanizmin formalaşmasına imkan yaratmışdır.
Bu gün Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti ölkəmizin qazandığı böyük nailiyyətlər fonunda daha aydın görünür. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. Bununla da müstəqillik tariximizin ən mühüm strateji məqsədlərindən biri reallaşdı və Azərbaycan Respublikasının Konstitusiyasının bütün ölkə ərazisində aliliyi təmin edildi.
Bu nailiyyətlər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlət quruculuğu siyasəti bu gün güclü ordu, dayanıqlı iqtisadiyyat, beynəlxalq nüfuz və tam bərpa edilmiş suverenliklə xarakterizə olunan müasir Azərbaycan reallığını formalaşdırmışdır.
Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi inkişafın məntiqi davamı idi. Konstitusiyanın qəbulunun 30-cu ildönümünün qeyd edilməsi, eyni zamanda, dövlətimizin əldə etdiyi suverenlik nailiyyətlərinin hüquqi və siyasi əhəmiyyətini bir daha ön plana çıxardı.
Konstitusiya hər bir vətəndaş üçün yalnız hüquqların təminatçısı deyil, həm də dövlət qarşısında məsuliyyətin və vətəndaşlıq borcunun ifadəsidir. Onun prinsiplərinə hörmətlə yanaşmaq, qanunlara əməl etmək, cəmiyyətin inkişafında fəal iştirak göstərmək hər birimizin vəzifəsidir. Dövlətimizin gücü, sabitliyi və gələcək uğurları da məhz bu dəyərlərin qorunmasından asılıdır.

Pərviz Hüseynzadə
YAP Babə rayon təşkilatının əməkdaşı

Digər xəbərlər