MİA

  • 34 807

“Redaksiya siyasəti və peşə etikası qaydaları”na - MEDİA KAPİTANLARININ BAXIŞI

image

Medianın İnkişafı Agentliyinin “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı sənədin nümunəvi forması media subyektlərinə göndərilib. Hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesinə başlanıb. SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənməyə çalışıb:

“Bakı xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev: “"Redaksiya siyasəti və peşə etikası"nı özündə əks etdirən hər bir redaksiyanın özünün ayrıca ümumi əsaslarla hazırlanmış sənədinin olması əhəmiyyətli bir yanaşmadır. Demək olar ki, bütün müasir media subyektlərinin dünya üzrə hamısında belə bir taktika var. O cümlədən, Azərbaycan Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanmış sənəd çox əhəmiyyətlidir. Bu sənəd redaksiyalarda həm əməkdaşlar arasında münasibətlərin, həm də redaksiyanın ümumi fəaliyyətinin jurnalistikanın ümumi qaydalarına və etik nornamalarına uyğunlaşdırılması baxımından mühüm təsiri olacaq. Demək olar ki, Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanmış qaydalar ümumi şəkildə qəbul edilib. Redaksiyamızın əməkdaşları qaydalarla tanış olublar. İndiyə qədər media orqanları və jurnalistlər əsasən Mətbuat Şurasının peşə etikası qaydaları əsasında fəaliyyət göstərirdilərsə, Medianın İnkişafı Agentliyinin bu gün ortaya çıxardığı sənəd tam şəkildə genişləndirilmiş, yeniləndirilmiş bir sənəddir. Ümumilikdə "Redaksiya siyasəti və peşə etikası qaydaları" anlayışı media orqanları üçün təzə olmasa da, Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanmış bu sənəd yeni müddəaları özündə əks etdirir. Bir sözlə, bu sənəd müsbət sənəddir və bu sənəd ən müasir təcrübə nümunəsi kimi qəbul edilməlidir”.

“Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı: “"Redaksiya siyasəti və peşə etikası qaydaları" ilə bağlı sənədi müsbət qiymətləndirirəm. Dünyanın aparıcı kütləvi vasitələrinin hər birinin ayrı-ayrılıqda yaradıcılıq siyasətləri var. Peşə prinsipləri dominant və dəyişməzdir. Qərbdə, Şərqdə, Avropada və digər ölkələrdə olduğu kimi eyni zamanda Azərbaycan jurnalistikası beynəlxalq jurnalistikanın bir parçası olduğuna görə, biz bunları qəbul etməliyik. Sənəddə peşə etikası, redaksiya siyasəti və hər bir redaksiyanın öz qayda-qanunları ilə bağlı müddəalar əksini tapıb. Hər bir media qurumu öz daxili iclasını keçirib. "Şərq" qəzeti olaraq biz də yaradıcılıq prinsipləri və peşə dəyərləri ilə bağlı redaksiya daxili iclas keçirərək normativ akt qəbul etdik”.

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə: "Medianın İnkişafı Agentliyi “Redaksiya siyasəti və peşə etikası qaydaları" adlı sənədi mütəxəssislərin iştirakı ilə hazırlayıb. Sözügedən sənəddə kifayət qədər vacib məqamlar öz əksini tapıb. Hesab edirəm ki, redaksiyalar bu sənədi gözardı etməməli, diqqətlə incələməli, öz təkliflərini əlavə etməklə ortaya daha mükəmməl bir mətn çıxarmalıdrlar. Dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Azərbaycan müasir dünyanın bir parçası olduğu üçün bu təcrübədən yararlanamlıdır. Əksər redaksiyalarda olduğu kimi, Yenisabah.az saytının redaksiyasında da Medianın İnkişafı Agentliyinin (MEDİA) tövsiyyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.

Əməkdaşlarımızın bəzi təklifləri oldu. Bütün təkliflər nəzərə alınaraq, sırf özümüzə xas olan sənəd hazırlandı. Jurnalistika spesifik sahədir. Hamı kimi biz də öz fəaliyyətimizi qanunlarla, ən əsası isə peşə etikası ilə tənzimləməliyik. Jurnalistin silahı sözdür. Jurnalistin sözü qəmbər daşı kimi rəqibin başına çırpmağa ixtiyarı yoxdur. Hesab edirəm ki, yenə sənəd mətbu sferada sağlam mənəvi mühitin formalaşmasını sürətləndirəcək".

"Demokrat.az" saytının Baş redaktoru Vasif Həsənli: "Bununla bağlı redaksiyada iclasımız keçirildi. MEDİA-nın redaksiyalara göndərdiyi təlimatları müsbət qiymətləndiririk. Gələcəkdə də bu kimi addımları dəstəkləyəcəyik. Ümumiyyətlə jurnalist peşəkar olmalıdır. Hesab edirəm ki, bu məsələyə hər kəs müsbət yanaşmalıdır. Hər bir jurnalist "Redaksiya siyasətinə və peşə etikası qaydaları"na əməl etməlidir. Həmçinin, jurnalistika prinsiplərindən irəli gələn məsələlərə riayət etmək bu peşə ilə məşğul olan hər kəsin işində hiss olunmalıdır".

Arzu Qurbanzadə

Digər xəbərlər