PDF Oxu

Siyasət

  • 438

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

image

Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan-Mərkəzi Asiya ölkələri, o cümlədən Azərbaycan-Özbəkistan münasibətlərinə bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən coğrafi olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğur qazanmasında mühüm rol oynayır. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası ölkələrimizin münasibətlərinin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son illərdə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri Türk dünyası ilə birliyin, həmrəyliyin gücləndirilməsidir. Türk dünyası dedikdə, ilk növbədə, Türkiyə ilə yanaşı Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Prezident İlham Əliyev müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə sayca üçüncü iştirakı olacağını önə çəkərək belə bir əminliyi ifadə etdi ki, bu görüş qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq. Tarixi Zəfərimizdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Mərkəzi Asiya dövlətləri yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Dövlət başçısı İlham Əliyev müsahibəsində də bu məqama xüsusi diqqət yönəltdi. Vurğuladı ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil iki ölkənin dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentlərin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfələri xüsusi qeyd edilir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini daim xüsusi vurğulayır. Azərbaycanın Özbəkistan üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biri olduğunu qeyd edən Özbəkistan Prezidenti onu da bildirir ki, biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Keçən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, bu ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanmışdı. Qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər