Xəbərlər

  • 2 908

Xocalı faciəsi - Bəşəriyyətə qarşı törədilmiş cinayət

image

Bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qəddar, amansız və böyük cinayətlərdən biri hesab olunan Xocalı faciəsindən 31 il ötür. Kədərlə yada salacağımız, tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamların müəllifləri isə özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləridir. Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Böyük Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, onminlərlə günahsız insanın ölümü, yüzminlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Tarix boyu bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdiriblər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdır. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi . 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: “Artıq 10 ildən artıqdır ki, biz-qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşnalığına qarşı tədbir görəcəklər.”

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Vaxtilə Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Faciəyə ədatəli hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü ildə keçirilən iclasının qərarı ilə verilmişdir. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” kimi qeyd olunur.

Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqançölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və başqalarını göstərmək olar. Lakin bütün bu sadalanan tarixi sərvətlər erməni vandalizmi nəticəsində demək olar ki, sözün əsl mənasında “tarixə” qovuşdu. Soydaşlarımızın başlarına gətirdikləri vəhşilikləri erməni terrorçulara həm də Azərbaycanın tarixinə silmək məqsədilə tarixi-mədəni abidələrimizin də başına gətirdilər. Talançılıq, soyqunçuluq, barbarlıq əsl erməni xislətinin bir hissəsidir.

Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. "Xocalıya ədalət" beynəlxalq kampaniyası dünyanın müxtəlif ölkələrində faciə ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Keçən dövr ərzində 13 ölkənin Parlamentində Xocalı soyqırımı rəsmi olaraq tanınıb. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2015-ci ildə Qvatemala, 2017-ci ildə Cibuti və Paraqvay Parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Bundan başqa, ABŞ-ın 22 ştatında və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul olunmuşdur.

Hər il olduğu kimi, bu ildə dünyanın bir çox ölkələrində Xocalı şəhidləri ehtiramla yad edilir, faciə qurbanlarının ruhlarına dualar oxunur, Azərbaycanın haqq işi dəstəklənir, ermənilərin məkirli siyasəti pislənilir. Ölkə Prezidentinin dediyi kimi, müstəqill, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər.

Vüqar Nəsirov

YAP Pirallahı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər