Xəbərlər

  • 4 659

Qızılağac parkında yubiley tədbiri - Heydər Əliyev-100

image

Respublikamızın təbiəti öz zənginliyi, rəngarəngliyi, gözəlliyi ilə daim diqqət mərkəzindədir. Elə buna görə də yaşadığımız məkan alim-ekoloqların tədqiqat obyektinə, turistlərin, qonaqların isə seyrangahına çevrilib. Təbii ki, bu, bizim məsuliyyətimizi artırır. Axı, ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamımızın müqəddəs borcudur. Belə ki, bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə nankor çıxmağa, laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Ümummilli Liderin zəngin mənəvi irsində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbiətin mühafizəsi ilə əlaqədar sərəncamlarında ekologiyanın qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Təsadüfi deyil ki, cənab Prezidentin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutan Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi doğma Vətən təbiətinin zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfəsini verir. Bu baxımdan hörmətli nazir cənab Muxtar Babayevin müntəzəm olaraq yerlərdə sakinlərlə təmasda olması, vətəndaşları qəbul etməsi və təbiətlə bağlı müəyyən problemlərin həllinə yerindəcə kömək göstərməsi mühüm əhəmiyyət kəsb edir.

15 mart 2023-cü il tarixində Masallı şəhərində keçirilən görüş də həmişəki kimi işgüzar xarakter daşıyırdı. Tədbirdən əvvəl Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoydular.

Masallı şəhərindəki Heydər Əliyev mərkəzində keçirilən qəbulda Cənub bölgəsindən olan vətəndaşlar iştirak edirdilər. Qapılar həmişə olduğu kimi bu dəfə də hamının üzünə açıq idi. Nazirin səmimiyyəti, qəbul etdiyi vətəndaşlarla işgüzar söhbəti hamını ürəkləndirir, təklif və problemlərin açıq şəkildə ortaya qoyulmasına imkan yaradırdı. Hamı qəbuldan xoş təəssüratlarla, razılıqla çıxır, sevincini onu gözləyənlərlə bölüşürdü. Qəbulda olanlar, xüsusilə şəhid ailələri, 44 günlük vətən müharibəsinin qazi və veteranları, bölgənin ağsaqqalları, ziyalıları yüksək dövlət məmurları ilə təmasda olmaq üçün yaradılan şəraitə görə cənab Prezidentə minnətdarlıqlarını bildirirdilər.

Vətəndaşların qəbulu başa çatandan sonra cənab nazir Muxtar Babayev Qızılağac Milli Parkına gələrək burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasına qatıldı. Aksiyada Masallı, Lənkəran, Neftçala rayon İcra Hakimiyyəti başçılarının təmsilçiləri, 1 və 3 saylı Regional ETSİ – nin əməkdaşları, su polisi işçiləri, Qızılağac Milli Parkı ilə həmsərhəd ərazidəki yaşayış məntəqələrinin ağsaqqalları, ziyalıları, Lənkəran Dövlət Universitetinin və universitetin nəzdində Sosial və Aqrar Texnoloji Kollecinin müəllim və tələbələri iştirak edirdilər.

Aksiya ilk olaraq Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin ağac əkməsi ilə başlandı.

Ümumiyyətlə, aksiyada 100-dən çox ağac əkildi. Əkin zamanı, əsasən Eldar şamı, sərv və digər ağaclara üstünlük verilirdi.
Aksiya başa çatandan sonra kanal vasitəsi ilə kiçik körfəzə çəki, enlialın, ağ amur və digər balıqlar buraxıldı.
Sonra tədbir iştirakçıları üçün çay süfrəsi açıldı. Hörmətli nazir Muxtar Babayev tədbirdə fəallığına görə aksiya iştirakçılarına təşəkkürünü bildirərək dedi: - Bu günkü tədbir çox əlamətdar bir vaxta təsadüf edir. Qarşıdan Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi gəlir. Ulu Öndər Azərbaycan təbiətinin hamisi idi. Təbiətə əsl dövlət qayğısı onun Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayıb. Təsadüfi deyil ki, möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə elan olunan “Heydər Əliyev ili” ndə Nazirliyin xətti və təşkilatçılığı ilə yerlərdə Ulu Öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdə əhalinin ekoloji biliklərini daha da zənginləşdirmək məqsədini güdür. Ulu Öndərin ekoloji siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir... Təbii sərvətlərimizi mühafizə edib zənginləşdirməkdə məqsədimiz insanların sağlam təbii mühitdə yaşamasını təmin etmək və ecazkar, zəngin flora və faunaya malik təbiətimizi gələcək nəsillərə əmanət kimi ötürməkdir.

Qızılağac Milli Parkının direktoru Aqil Sucayevin təşkilatçılıq bacarığı, zəngin ekoloji təcrübəsi sözügüdən xüsusi mühafizə olunan təbiət ərazisində də özünü göstərir. Parka yenicə direktor təyin olunmasına baxmayaraq qısa müddət ərzində xeyli iş görüb. Bir sözlə, Hirkan Milli Parkındakı şəffaf ab-havanı buraya gətirib. O, söhbət zamanı dedi: - Ekoloji mövzularda maarifləndirici tədbirlər işimizin əsas tərkib hissəsidir. Şübhəsiz, bu, parkın nadir heyvanat, quşlar aləminin, bitki örtüyünün mühafizəsinə mühüm kömək göstərir. Əslində, Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası da bu xeyirxah məqsədə xidmət edir. Deyim ki, təbiət heç nəyini buradan əsirgəməyib. Əsasən, nadir quşların məskəni olan parkımızın flora və faunası çox zəngindir. Burada nəinki respublikamızın, eyni zamanda dünyanın “Qırmızı kitabı” na düşən nadir quşlara təsadüf etmək olar. Onların mühafizəsi ilə əlaqədar görüləcək işlərimiz çoxdur. Belə ki, brokonerlərlə ən ciddi şəkildə mübarizə aparmağı öz fəaliyyətimizdə əsas meyar qəbul etmişik...

Təbii ki, Qızılağac Milli Parkının kollektivi təkcə bu tədbirlə öz fəaliyyətini məhdudlaşdırmayacaq. İnanırıq ki, Qızılağac Milli Parkı əhalinin ekoloji maariflənməsinə xidmət edən hələ çox ekoloji tədbirlərin ünvanına çevriləcəkdir.

Bəxtiyar Hüseynov,
Yazıçı – ekoloq.

Digər xəbərlər