Xəbərlər

  • 3 038

Ötən dövr siyasi sistemin sağlamlaşdırılması dövrü idi

image

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Xatırladaq ki, cənab İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi. Bundan sonra həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə konkret hədəflərə istiqamətlənmiş genişmiqyaslı islahatlara start verildi. Dövlət başçısı “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”, - deyə qeyd etmişdi. 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi də ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Keçirilən seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşdı və bu, demokratiyanın inkişafında önəmli rol oynadı. Hazırda müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Ümumiyyətlə, ölkədə siyasi sistemin inkişaf etməsi və siyasi dialoq prosesinin geniş vüsət alması çox əhəmiyyətlidir. Bu həm də ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını, yaxud hansısa konyuktur məsələlər ətrafında danışıqlarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilir: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır. Azərbaycan iqtidarı bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Hakimiyyətin siyasi dialoqa, yaxud siyasi partiyaların dəstəyinə xüsusi ehtiyacı yoxdur. Elə Azərbaycan Prezidentinin yüksək nüfuzu və reytinqi, xalqın dəstəyi milli maraqlara əsaslanan istənilən qərarın qəbulunu və icrasını mümkün edir. Ona görə də siyasi dialoq təşəbbüsü hakimiyyətin ictimai-siyasi ehtiyacından yaranmayıb. Bu daha çox ümummilli proses kimi dövlətin mənafeyinin qorunması baxımından zəruri faktordur. Ölkədə siyasi dialoq mühitinin formalaşmasının və siyasi birliyin olmasının ən vacib təzahürü yaxın tariximizin ən vacib sınağı olan 44 günlük Vətən müharibəsində özünü biruzə verdi. Həmin dövrdə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı. Yəni heç bir siyasi təşkilat, siyasi arenada olan şəxslər fərqli mövqe nümayiş etdirmədilər. Faktiki olaraq dövlətin, Ali Baş Komandanın, Ordumuzun yanında olduqlarını, 44 günlük müharibə və ondan sonrakı dövrdə də Ordumuzun qələbəsi üçün mümkün olan dəstəyi nümayiş etdirdilər. Daha dəqiq, cəmiyyətdə çaxnaşmanın, xaosun olmaması, vahid fikrin mövcudluğu bütün diqqəti cəbhədə qələbəyə yönəltdi. Cəmiyyət bir yumruq şəklində birləşdi. Şükür olsun ki, 28 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Bu, milli birlik, dialoq nəticəsində mümkün oldu. Bu, özü siyasi birliyin nə qədər vacib bir amil olduğunu sübut etdi.

O da vurğulanmalıdır ki, bu gün Azərbaycan beynəlxalq qurumların hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ən əsası, ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Azərbaycan ənənələri olan ölkə kimi nüfuz qazanır. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır.

Səkinə Rüstəmzadə

“Pirallahi Tibb Mərkəzi” PHŞ, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı YAP Pirallahı rayon təşkilatının gənc fəalı

Digər xəbərlər