Xəbərlər

  • 1 961

Azərbaycanın Gürcüstanla münasibətləri xüsusi əhəmiyyət kəsb edir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər edib. Səfər zamanı iki dövlətin rəhbərləri mətbuata birgə bəyanatla çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda iki dövlət arasındakı dostluq münasibətlərinə və bu münasibətlərin qorunub saxlanılması üçün iki dövlətin də maraqlı olmasına xüsusi diqqət çəkmişdir. Bu dostluq hələ Heydər Əliyev və Eduard Şevardnadzenin zamanından yaradılmışdır. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Müasir dövrə nəzər salsaq görərik ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir.

Ölkə prezidentinin bəyanatı zamanı hal-hazırda regionun əsas problemlərindən biri olan Qarabağ problemi də diqqətdən kənarda qalmadı. İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir.Gələcəkdə Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışılmalıdır. Əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər.

Digər sahələrdə-həm enerji, həm nəqliyyat sahəsində bu günə qədər iki dövlətin əməkdaşlığı nəticəsində çox böyük uğurlar əldə edilib. Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - iki qardaş ölkə, Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik. "Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək - deyə, İlham Əliyev öz bəyanatında qeyd etdi.

Yekunda deyə bilərik ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” isə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan əsas sənəddir. XX əsrin sonlarından əsası qoyulan bu tərəfdaşlıq günümüzdə də uğurlu şəkildə davam etdirilir.

Aysel Şərbətova

Xəzər rayonu 136 nömrəli məktəbin direktoru

Digər xəbərlər