PDF Oxu

Xəbərlər

  • 596

Müstəqil Azərbaycan - Rusiya siyasətçilərinin kabusu - Həsən Qarayev

image

"Azərbaycanın müstəqillik dövründə atdığı addımlar təkcə region üçün deyil, eyni zamanda postsovet məkanında öz təsirini saxlamağa çalışan Rusiya üçün də ciddi çağırışlar yaradır. Xüsusilə, son illərdə Azərbaycanın balanslı və prisipial siyasət kursu, Moskva üçün arzuolunmaz, amma dəyişməz bir reallığa çevrilib. Bu dəyişiklik, Rusiya siyasi elitasının “şirin yuxularını” dağıdan, onları yeni regional düzənə uyğunlaşmağa vadar edən bir “kabusa“ çevrilmişdir. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, müstəqillik qazanıldıqdan sonra Azərbaycanın xarici siyasət prioriteti, dövlət suverenliyini qorumaq və beynəlxalq arenada balanslı mövqe tutmaq olub: "Xüsusilə, son 20 ildə Azərbaycan Enerji sahəsində Avropa və Qərb ilə strateji əməkdaşlıq qurdu (TANAP, TAP, Bakı - Tbilisi - Ceyhan). Hərbi sahədə Türkiyə ilə inteqrasiyanı gücləndirdi. Qarabağ münaqişəsinin həllində uzun illər gözləmə mövqeyindən çıxaraq, 2020 və 2023-cü illərdə, öz ərazi bütövlüyünü bərpa etdi. Həmçinin, Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxması, ölkənin artıq regional təhlükəsizlik məsələlərində tam suveren qərar verə bildiyini gəstərdi.

Rusiya, tarixən Cənubi Qafqazı öz təsir zonası kimi görüb, Sovetlər İttifaqı dağılandan sonra da bu bölgədə öz mövcudluğunu qorumaq üçün Ermənistan üzərində hərbi və siyasi təsir rıçaqı, Gürcüstanda daxili çaxnaşmalar vasitəsilə balans yaratmaq siyasətini seçdi. Lakin, Azərbaycanın müstəqil siyasət yürütməsi bu modeli sarsıtdı. Artıq Moskva regionda tənzimləyici yox, reaktiv aktora çevrilib. Azərbaycanın qərarları nə Moskvanın icazəsinə, nə də onun “məsləhətinə “ bağlıdır.

Rusiya üçün “kabus” sadəcə Azərbaycanın müstəqil qərarlar verməsi deyil. Əsl qorxu, bu modelin digər postsovet ölkələri üçün nümunəyə çevrilməsidir. Azərbaycanın tərəfsiz və balanslı diplomatiyası (nə NATO nə də KTMT üzvüdür), müharibə ilə əldə etdiyi qələbə sonrası sülh təşəbbüsü, multi vektorlu enerji və nəqliyyat siyasəti - Moskvanın öz təsir dairəsindəki digər ölkələrə qarşı oynadığı “çevik diplomatiya və təzyiq balansı”nı pozur. Bundan əlavə Azərbaycanın Türkiyə ilə hərbi- strateji müttəfiqliyi də Rusiya üçün əlavə narahatlıq yaradır. Çünki bu, Qafqazda tək Rusiya deyil, artıq ikinci güclü aktorun -Türkiyənin sabit mövcudluğunu təmin edir. Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasəti artıq dəyişməz bir reallıqdır. Bu reallıq, Rusiya siyasi dairələrinin klassik “sferalar nəzəriyyəsinə” uyğun gəlmir. Amma Rusiya üçün yeganə rasional çıxış yolu, Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan yeni münasibət modelinə keçmək və bölgədə sabitliyə töhfə vermək ola bilər. Əks halda, Moskvanın regionla bağlı “ŞİRİN YUXULARI” yalnız təkcə kabusa çevrilməyəcək, eyni zamanda onun Cənubi Qafqazda qalan az sayda təsir imkanlarını da məhdudlaşdıracaq".

Digər xəbərlər