Pakistan Azərbaycanın haqlı mövqeyini daima təkləyəcək
Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu söyləyən Baş nazir Artur Rasizadə, belə qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Ölkələrimizin təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim dəstəklədiklərini deyən Baş nazir, dost və qardaş Pakistanın Azərbaycanın əzəli torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar Ermənistanla indiyədək heç bir sahədə əlaqə qurmamasını məmnunluqla diqqətə çatdırıb. Pakistanın müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoy respublikamızda ilk dəfə səfərdə olduğunu, Azərbaycanın hərtərəfli inkişafının Pakistanı çox sevindirdiyini bildirmişdir. Pakistanın bütün dünyada sülhün bərqərar olmasına çalışdığını söyləyən nazir, səfər çərçivəsiində Azərbaycanda keçirdiyi görüşlərin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.