PDF Oxu

Xəbərlər

  • 11

Bakıda Beynəlxalq Xəzər Neft Qaz konfransı keçiriləcək

Bakıda Beynəlxalq Xəzər Neft Qaz konfransı keçiriləcək
Xəzər regionunun neft və qaz sahəsində ən mühüm hadisə - ənənəvi "Xəzər neft, qaz, neftayırma və neft kimyası" 16-cı Beynəlxalq sərgi və konfransı Bakı şəhərində iyunun 2-dən 5-dək keçiriləcək.
Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu layihəyə rəsmi dəstəyi təmin edəcəklər. Böyük Britaniyanın "ITE Group" və onun Qafqazdakı tərəfdaşı "Iteca Kaspian" şirkəti Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə birgə sərginin təşkilatçıları qismində çıxış edirlər.
Sərgidə müxtəlif ölkələrin nazirləri, Azərbaycanda akkreditə olunmuş dövlətlərin səfirləri, eləcə də yerli və xarici ölkələrin iri şirkətləri, holdinqləri və müəssisələrinin rəhbərləri iştirak edəcəklər. Bu ilki sərgidə 30-dan çox ölkənin 400-dən yuxarı şirkətinin iştirakı gözlənilir. Azərbaycan bazarına ilk dəfə qədəm qoyan çoxsaylı yeni şirkətlərin sərgidə iştirak etməsi diqqəti cəlb edən faktlardan biridir. Yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini tutacaq. Ekspozisiya sahəsinin 40 faizi isə dünyada tanınmış şirkətlərə ayrılacaq. Onların arasında ARDNŞ, bp, İtochu, OMV Gas İnternational GmbH, StatoilHydro ASA, Total, TPAO və bir çox digər şirkətlər olacaq. Ənənəvi olaraq, bu il də sərgidə Rusiya, Çin və Almaniyanın milli qrupları təqdim olunacaq. İlk dəfə olaraq Belçikanın milli stendi sərgidə nümayiş etdiriləcək.
Azərbaycan Beynəlxalq Bankı sərgi və konfransın "platin", ARDNŞ isə "qızıl" sponsorudur. EGL, OMV Gas and Power Gmbh, BP, Bank of Tokyo-Mitsubishi, BNHF (Baku Nobel Heritage Fund), Caspian Geophysical, Cross Caspian Oil and Gas Logistics LLC, EON Ruhrgas AG, RWE Dea, Salans, Statoilhydro, TAP (Trans Adriatic Pipeline), Total and Volgaburmash sərgi və konfransın sponsorları qismində çıxış edəcəklər. "Xəzər neft və qaz" sərgisinin əsas nailiyyətlərindən biri də yerli şirkətlərin bu layihədə iştirak etməsidir. Onların arasında "Cross Caspian Oil & Gas Logistics", "Azmeco Azerbaijan Metanol", "Azərenerji" ASC, "Azərikimya" Dövlət Şirkəti, "bp-Azərbaycan", "Azerpipe" ASC, "Azfen", "Azel", "Ekol Engineering Services", "Alkan" Ltd və bir çox digər şirkətlərin adları var.
Sərginin iştirakçıları qismində dünyanın 22 ölkəsindən 250-dən çox şirkət artıq qeydiyyata alınıb. Bu ölkələrin siyahısına Avstriya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Hindistan, İran, İtaliya, Qazaxıstan, Norveç, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Çexiya, Ukrayna, Fransa, İsveçrə, Yaponiya və digərləri daxildir.

Digər xəbərlər