Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 65 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 5641 məntəqənin 3675-dən, yəni, 65 faizdən çoxundan məlumatlar daxil olub. Etibarlı sayılmış 2 milyon 660 min 622 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 290 min 486 səs (etibarlı səslərin 86,09 faizi) toplayıb və böyük fərqlə liderlik edir.
Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:
Əlizadə Araz Məmməd-Mübariz oğlu - 37 min 145 səs (1,40 faiz);
Hacıyev Hafiz Ələmdar oğlu - 40 min 171 səs (1,51 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 80 min 844 səs (3,04 faiz);
Quliyev Fərəc İbrahim oğlu - 31 min 317 səs (1,18 faiz);
Məmmədov Sərdar Cəlal oğlu - 79 min 108 səs (2,97 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 19 min 856 səs (0,74 faiz);
Oruc Zahid Məhərrəm oğlu - 81 min 695 səs (3,07 faiz).
MSK-nın sədri bildirib ki, məntəqələrdən məlumatların daxil olması davam edir. “Hesab edirəm ki, yaxın saatlarda seçki məntəqələrinin hamısından məlumatlar alınacaq. Həmin məlumatlar əsasında ilkin nəticələr ictimaiyyətə açıqlanacaq”, - deyə Məzahir Pənahov əlavə edib.